Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 2021 10:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu: Qarabağ qədim türk yaşayış məskənidir. Qarabağ Azərbaycandır.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair tarixi və digər müvafiq ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.
Suallar:
1. Qarabağ ən qədim zamanlardan XVIII əsrin ortalarınadək.

2. Qarabağ XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək.

3. Qarabağ qədim türk yaşayış məskənidir. Qarabağ Azərbaycandır.

 

Qarabağ ən qədim zamanlardan XVIII əsrin ortalarınadək


Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx, Tağlar düşərgəsi insanlarının yaşadığı ərazidir. Qarabağ ərazisi paleolit dövrünün Quruçay  (1 milyon 200 min ildən artıq tarixə malikdir) mədəniyyətindən sonrakı Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir. Bu bölgə Kiçik Qafqaz dağları ilə Kür və Araz çayları arasındakı ərazini əhatə edir.  
Azərbaycan xalqı bu torpaqlarda çox qədim dövrlərdən etibarən öz zəngin mədəniyyətilə yanaşı, dövlətçilik ənənələrini də yaşatmışdır.
Azərbaycanın cənubunda qüdrətli Manna dövləti e. ə. IX-VI əsrlərdə meydana gəlmişdir. Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlanır. Manna Assuriya və Urartu ilə mübarizədə müstəqilliyini qorumağa nail olmuş, Şimali Azərbaycan torpaqları, o cümlədən Qarabağ ərazisi Urartunun işğallarından kənarda qalmışdır. Makedoniyalı İsgəndər Əhəməni dövlətini məğlub etdikdən sonra Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yarandı və Qarabağ ərazisinə daxil olan torpaqların bir hissəsi Atropatena dövlətinə tabe idi. Bütün Qarabağ ərazisi isə Albaniya dövlətinin tərkibinə daxil idi.
Qarabağın tarixində əsas dəyişikliklər Ərəb xilafətinin işğalları və bunun nəticəsində Albaniya dövlətinin süquta yetirilməsi ilə baş verir. IX-XIII əsrin əvvəlləri, xüsusilə Sacilər-Atabəylər-Şirvanşahlar dövrü bütün Cənubi Qafqazda Azərbaycanın qüdrətinin daha da artdığı bir dövr idi. Sacilər və Atabəylər faktiki olaraq Azərbaycanın tarixi torpaqlarını siyasi cəhətdən birləşdirmişdilər. Keçmiş Albaniya ərazisində yaranmış Xaçın knyazlığı Mehranilər nəslinə mənsub olan Həsən Cəlalın dövründə yüksək inkişaf mərhələsinə çatmışdı. Monqolların birinci yürüşü zamanı zəifləmiş Atabəylər dövlətinə son qoyan Xarəzmşah Cəlaləddinin Azərbaycanda hökmranlığı zamanı Qarabağ da onun hakimiyyəti altında idi. Monqolların ikinci yürüşü və Azərbaycanın işğalının başa çatması ilə Qarabağ digər Azərbaycan torpaqları kimi Ali monqol xaqanlığının, sonra isə Hülakülər (Elxanilər) dövlətinin tərkibində idi. XV əsrdə Qarabağ Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində idi. Azərbaycan Səfəvi dövlətinin yaranması ilə bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinə başlandı. XVI əsrin ortalarında Azərbaycan torpaqlarının vahid dövlət halında mərkəzləşdirilməsi başa çatdı. Səfəvilər Azərbaycanda 4 bəylərbəylik yaradır ki, onlardan biri də Qarabağ və ya Gəncə bəylərbəyliyi idi. Qarabağ bəylərbəyliyinin tərkibinə Astabad, Cavanşir, Bərgüşad, Qazax, Şəmşədil əraziləri daxil idi.
Səfəvi dövlətinin zəifləməsindən sonra Azərbaycan torpaqları İran, Rusiya və Osmanlı dövlətləri arasında müharibələr meydanına çevrildi. Bu dövrdə Gəncə-Qarabağ torpaqları əvvəlcə Osmanlı imperiyası tərkibində olmuşdur. Digər tərəfdən, sonuncu Səfəvi hökmdarı III Abbası yıxaraq hakimiyyətə gələn Nadir şah Əfşar onu qanuni hökmdar kimi tanımaqdan imtina edən Gəncə-Qarabağ bəylərbəyiliyinin türk-müsəlman əhalisinə qarşı ağır cəza tədbirləri həyata keçirdi ki, bu amil də Qarabağın alban məliklərinin mövqeyini gücləndirdi və onların separatizminə təkan verdi. Nadir şah öldükdən sonra onun yaratmış olduğu nəhəng imperiya müstəqil feodal dövlətlərə parçalandı. Azərbaycan ərazisində 20 xanlıq, 7 sultanlıqdan ibarət feodal dövlət qurumları yarandı. Bu xanlıqlardan biri Kür və Araz çayları arasında böyük əraziyə malik olan Qarabağ xanlığı oldu. Qarabağ xanlığının əsasını Cavanşirlər sülaləsinin Sarıcalı oymağından olan Pənah Əli xan qoydu.
Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ qədim Azərbaycan dövlətlərinin tərkibində olduğu kimi, Albaniya, Xilafətdən sonra yaranmış Sacilər, Salarilər, Şəddadilər, Eldəgizlər, Elxanilər (Hülakülər), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Osmanlılar, sonralar Əfşarlar və Qacarlar kimi türk hakimlərin idarə etdikləri dövlətlərin tərkibində olmuşdur.

 

Qarabağ XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək


XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Rusiya ciddi "Qafqaz siyasəti" yeridirdi. I Pyotrun Azərbaycan neftinə və geostrateji mövqeyinə olan marağı Osmanlı imperiyası ilə münaqişəyə gətirib çıxardı. XVIII əsrdən Qafqazı, o cümlədən Cənubi Qafqazı ələ keçirmək üçün geniş hərbi fəaliyyətə başlayan Rusiya XIX əsrin birinci yarısında buna nail oldu.
1805-ci ildə Qarabağ xanı ilə rus imperatoru arasında "Kürəkçay" traktatı imzalandı. 11 maddədən ibarət "Andlı öhdəlik" adlanan bu traktat ilə Qarabağ xanlığı Rusiya himayəsinə qəbul edildi. "Kürəkçay"ın (1805-i il) ardınca Rusiya ilə İran arasında bağlanan "Gülüstan" (1813-cü il) və "Türkmənçay" (1828-ci il) müqaviləsindən sonra Qarabağda erməniləşdirmə prosesi başlandı.  
XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı ələ keçirmək üçün Osmanlı dövləti və İranla apardığı müharibə nəticəsində Azərbaycan torpaqları iki hissəyə bölündü. 1822-ci ildə Qarabağ xanlığı ləğv olunaraq yerinə eyni adlı - Qarabağ əyaləti yarandı.
Beləliklə, Çar Rusiyası ermənilərin Şimali Azərbaycana, o cümlədən Qarabağa kütləvi surətdə köçüb gəlməsinə və burada onların inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişafına geniş imkanlar yaratdı.  
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycan tarixində yeni dövr başlandı. 1918-1920-ci illərdə Qarabağda soyqırım törədən erməni daşnakları Qarabağın qəzalarında kəndləri məhv edərək minlərlə azərbaycanlını öz doğma yurdlarından qovdular. Nuru Paşanın rəhbərliyi ilə Türk-İslam ordusu Xosrov bəy Sultanovun başçılıq etdiyi müqavimət hərəkatı ilə birgə 1920-ci il iyunun əvvəllərində Şuşanı XI ordunun silahlı dəstələrindən təmizləyə bilsə də, Dağlıq Qarabağa rus və erməni quldurlarına kömək məqsədilə gətirilmiş birləşmiş ordu hissələri iyunun 15-də Şuşada sovet hökumətini bərpa etdi. 1920-1921-ci illərdə Ermənistandan Azərbaycana 850 erməni ailəsi köçürüldü. XX əsrdə Rusiyada çarizmin süqutu və sovet imperiyasının yaranması ilə meydana çıxan əlverişli şəraitdə ermənilər inzibati ərazi məsələsini qaldırdılar və Dağlıq Qarabağ Muxtar Vilayəti kimi nə tarixi, nə də sosial-iqtisadi əsası olmayan bir qurum yaratdılar (7 iyul 1923-cü il).
Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə "aran" və "dağlıq" hissələrə bölünmüş və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdir.

 

Qarabağ qədim türk yaşayış məskənidir. Qarabağ Azərbaycandır


Sovetlər dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün DQMV-də gizli işlər aparan ermənilər və ermənipərəstlər "Türksüz Ermənistan" yaratmaq ideyası ilə etnik təmizləmə aparmaq məqsədilə dəhşətli faciələr törətmişlər. 1948-1953-cü illərdə minlərlə azərbaycanlı ailəsinin öz ata-baba yurdları Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) deportasiya edilməsi, yaşayış şəraitinə uyğun gəlməyən ərazilərdə yerləşdirilməsi çoxunun məhvinə səbəb olmuşdu.
Sovetlər dövründə ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün gizli işlər aparıldığı dövrdə (1960-1970-ci illərdə) mühüm dövlət vəzifələrində işləyən ümummilli lider Heydər Əliyev bunun qarşısının alınması üçün bir sıra tədbirlərin görülməsinə nail oldu. Azərbaycan Kommunist Partiyası (KP) Mərkəzi Komitəsinin (MK) birinci katibi seçildikdən sonra ümummilli lider Heydər Əliyev erməni separatçılarının mənfur niyyətlərinin qarşısını almaq məqsədilə DQMV-nin iqtisadi inkişafı və əhalisinin sosial şəraitini yaxşılaşdırmaq üçün müəyyən tədbirlər həyata keçirərək onlara bəhanə yeri qoymadı. Bu da erməni ekstremistlərinin gizli planlarının və niyyətlərinin puça çıxmasına səbəb oldu.
Beləliklə, 1988-ci ildə erməni ideoloqları "dənizdən-dənizə böyük Ermənistan" uydurmasını yenidən ortaya atmaqla Dağlıq Qarabağda Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları irəli sürüldü. Dünya ölkələrindəki erməni lobbisinin, dini mərkəzlərinin və bəzi iri dövlətlərin irticaçı qüvvələrinin maddi və mənəvi dəstəyi ilə Ermənistan adlandırılan qədim oğuz-türk yurdu olan Qərbi Azərbaycanda azərbaycanlılara məxsus kəndlərin və qəsəbələrin dağıdılması prosesi başlandı, yüzlərlə günahsız azərbaycanlı öldürüldü, 10 minlərlə soydaşımız öz tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldu. Azərbaycan məcburən müharibəyə cəlb edildi. Ermənistanın hərbi müdaxiləsi ilə respublika ərazisinin  20 faizi - Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Rusiya Federasiyasının hərtərəfli yardımı ilə Ermənistan hərbi qüvvələri tərəfindən işğal edildi.  
12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olunduqdan sonra da Ermənistan mənfur xislətindən əl çəkməyərək Azərbaycan Respublikasına qarşı ərazi iddialarını davam etdirmişdir.
Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu il avqustun 5-də Xankəndidə "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə" açıqlaması Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunu bir daha sübut etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasında "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatına cavab verib: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".
Dövlət başçısı 2020-ci ilin sentyabrında BMT-nin tribunasından Ermənistanın faşist siyasətini bütün dünyaya, BMT-yə, Minsk qrupuna çatdırdı. Müharibə hazırlığı aparan Ermənistanın durdurulması üçün addımlar atılmasını, Azərbaycana qarşı onun mövqeyindən əl çəkməsini söylədi. Lakin dünya birliyi, beynəlxalq təşkilatlar, aidiyyəti. Nəticədə, Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, işğal faktına son qoyaraq tarixi zəfərə imza atdı. Azərbaycan cəmi 44 gün ərzində BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu. Müzəffər Ordumuzun 2020-ci ilin sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi