Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 2021 10:00

“Əkinçi”dən başlayan yol

Azərbaycanda mətbuatın əsası Həsən bəy Zərdabinin çətin tarixi şəraitdə sonsuz səylərinin nəticəsində yaranıb. "Əkinçi" ilə başladığımız bu yolda, sözsüz ki, Zərdabinin də əsas hədəfi bixəbər xalqı məlumatlandırıb zülmətdən aydınlığa çıxarmaq cəhdi olub. Məlum məsələdir ki, xalqın maariflənməsi dövlət orqanlarının işinə əngəl törədə bilərdi. Yaşanan bütün çətinliklərə baxmayaraq, Həsən bəy Zərdabi 2 il də olsa “Əkinçi”nin fəaliyyətini davam etdirərək yeni mətbuat orqanlarının yaranması üçün qığılcım rolunu oynadı.  
"Əkinçi" ilə xalqın maariflənməsinə xidmət edən, onun elmi və mədəni tərəqqisinə çalışan Azərbaycan mətbuatının əsası qoyuldu.
Müstəqil olmayan ölkədə yaşamaq nə qədər çətindirsə, onun inkişafı üçün görülən tədbirlər də bir o qədər əhəmiyyətsiz olacaq. Bütün bu əngəllərə baxmayaraq mətbuat bir an belə olsun xalqla əlaqəsini itirmədi.  Çətin tarixi vaxtlardan biri də repressiya illəri oldu. "Kommunist", "Bakinski raboçi", "Gənc işçi" qəzetləri, "'Komsomol", "Maarif və mədəniyyət" jurnalları və digər mətbu orqanlarında mərkəzin yeritdiyi siyasət təqdir edilirdi. Həmin dövrdə çap olunan yazıların başlıqlarına baxmaq kifayətdir ki, zamanın tələbinə uyğunlaşdırılan Azərbaycan mətbuatının vəziyyəti aydın olsun. İctimai fəalların, jurnalistlərin zorən inzibati tədbirlərə cəlb olunması müsbət nəticə vermirdi. Azərbaycanda böhran yaşanırdı.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Bu böyük hadisə çox mürəkkəb tarixi bir şəraitdə baş verdi. O zaman Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə gərginliklər yaranmışdı. Yüz minlərlə insan ata-baba yurdu olan İrəvandan qovularaq Azərbaycana pənah gətirmişdi. Bu azmış kimi Qarabağ da yavaş-yavaş düşmən əlinə düşürdü. Bütün bunlar acı da olsa mətbuatda işıqlandırılırdı.
“Əkinçi” qəzetindən başlanan yol bu gün uğurla davam etdirilir. Bu gün milli mətbuatımız dövrünün ən gözəl çağlarını yaşayır. Azərbaycan hökuməti mətbuatın inkişafı üçün münbit şərait yaradıb. Mətbuat və söz azadlığı yüksək səviyyədə təmin olunub. Azərbaycan milli mətbuatı tarixi ənənələrini qoruyaraq daim inkişaf edir.  

Hüsniyyə İDRİSOVA