Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 2021 10:00

Şəhidlər ölməz - Vətən bölünməz

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi xalqımız tərəfindən daim əziz tutulur, hörmətlə yad edilir. Mütəmadi olaraq hərbi hissə və birləşmələrdə, o cümlədən hərbi təhsil ocaqlarında anım mərasimləri keçirilir.
Bu günlərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Vətən müharibəsində şəhid olmuş mayor Fərid Ələkbərovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. "Şəhidlər ölməz - Vətən bölünməz"  şüarı altında keçirilən mərasim açıq elan edildikdən sonra ümummilli liderimiz Heydər Əliyevin və yurdumuzun azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdilər.
Mərasim iştirakçılarına Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsindən bəhs edən vidoçarx təqdim olundu.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin zabiti polkovnik Emin Səfərov çıxışında Vətən müharibəsindən ətraflı söz açaraq bildirdi ki, torpaqlarımızın azadlığı uğrunda 44 gün davam edən Vətən müharibəsində ordumuzun zabit və əsgərləri böyük igidlik və qəhrəmanlıq göstərdilər. "Bu qəhrəmanlıq sayəsində 28 illik erməni işğalına son qoyuldu. Düşmən ordusu darmadağın edildi. Torpaqlarımız erməni qəsbindən azad olundu. Xalqımız Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha gördü. Vətən müharibəsində iştirak edən zabit və əsgərlərimiz "Dəmir yumruq" əməliyyatında böyük uğurlar qazandılar, adlarını qəhrəmanlıq tariximizə böyük hərflərlə yazdılar. İnanıram ki, gələcək nəsillər zaman-zaman onların igidliyi və qəhrəmanlığı ilə fəxr edəcək, qürur duyacaq. 2020-ci il sentyabrın 27-də erməni təxribatları nəticəsində başlanan Vətən müharibəsində təhsil ocağının şəxsi heyəti də yaxından iştirak etdi. Erməni qəsbkarlarına sarsıdıcı zərbələr endirdi. Təəssüflər ki, bu döyüşlərdə itkilərimiz də oldu. Vətən uğrunda canından keçən zabitlərimizdən biri də mayor Fərid Ələkbərovdur. Zabit Fərid Ələkbərov çox vətənpərvər, bacarıqlı və igid zabit idi. Torpaqlarımızın azadlığı uğrunda müharibə başlayan ilk günlərdən döyüşlərə atılan mayor F.Ələkbərov mədəniyyət beşiyimiz olan Şuşaya qədər şərəfli bir döyüş yolu keçdi. Dəqiq atəş zərbələri ilə ermənilərə sarsıdıcı zərbə vurdu. Zabitin son döyüşü də Şuşada oldu. Noyabrın 8-də canından da çox sevdiyi Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşdə ağır yaralandı. Həkimlər nə qədər çalışsalar da, onun həyatını xilas edə bilmədilər. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə və qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə mayor Fərid Ələkbərov "İgidliyə görə", "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb. Biz şəhidlərimizin xatirəsini həmişə əziz tuturuq. Fəridin ad günüdür, əgər yaşasaydı, bu gün 41 yaşı tamam olacaqdı. Vətən üçün Fərid kimi cəsur oğullar böyüdən valideynlərin qarşısında baş əyirik. Onun kimi igidlərin, cəsurların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır".   
Vətən müharibəsində qəhrəmancasına şəhid olan mayor Fərid Ələkbərovun həyat, xidmət və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirildi.
Döyüş və xidmət yoldaşları polkovnik-leytenant Aydın Osmanov, baş leytenant Mobil Əhmədzadə, yaxın dostu Mikayıl Məmmədov, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi Samir İsmiyev zabit Fərid Ələkbərov haqqında kövrək xatirələrindən söz açdılar.
Zabit Fərid Ələkbərovun ekiz qardaşı Rüfət Ələkbərov qardaşının uşaqlığı, gəncliyi haqqında mərasim iştirakçılarına geniş məlumat verdi.
Mayor Fərid Ələkbərovun anası Şükufə Həsənova çıxışında şəhidlərin xatirəsini əziz tutduğuna görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirdi.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnılar ifa etdilər.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"