Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyul 2021 10:00

“Ən gözəl və unudulmaz xatirələrim əsgər dostlarımla bağlıdır”

Dost dar gündə sınanar. Vətən müharibəsində yaralansa da, əsgər dostunu çiyninə alıb qayalıqları aşan, qələbəyə doğru irəliləyən, düşmən tərəfindən atılan qumbaranın üstünə uzanaraq əsgər yoldaşlarını ölümdən xilas edən Azərbaycan əsgərinin qəhrəmanlığını, vətənpərvərliyini nə xalqımız, nə də düşmən heç vaxt unutmayacaq. İgid oğullarımız Aprel döyüşlərində olduğu kimi, Vətən müharibəsində də igidliyi, mərdliyi ilə tarix yazdılar.
"N" hərbi hissəsində əsgər dostluğundan söhbət düşəndə baş leytenant Fərahim Baratoğlu əsgərlər Ramazan Möminovla İlkin Yaqublunun dostluğundan danışaraq qeyd etdi ki, hərbi hissədə onların dostluğu hər kəsə nümunədir. "Onlar bir-birinə hər zaman dayaq olurlar. Onların dostluğunun mülki həyatda da davam edəcəyinə inanıram".
Söhbət əsnasında əsgərlərin Vətən müharibəsinin iştirakçıları olduğunu da öyrənirik. Onlar müharibənin ilk günündən torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak ediblər, verilən tapşırıqların öhdəsindən bacarıqla gəliblər. Döyüşlərdən sonra hər ikisi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub.
Əsgər Ramazan Möminov hərbi xidmətə Qax rayonundan çağırılıb. O, səmimi, möhkəm dostluğu heç nə ilə sarsıtmağın mümkün olmadığını, çətinliklərdə bərkiyən dostluğun isə uzunömürlü olduğunu bildirdi. "Hərbi xidmətə gəlməzdən əvvəl atam mənə əsgəri xidmət dövründə qazanılan dostluqların möhkəm və əbədi olduğunu deyərdi. Əsgər yoldaşınla, silah dostunla hər bir çətinliyin öhdəsindən asanlıqla gəlməyin mümkün olduğunu söyləyərdi. Burada olduğum müddətdə çoxlu dostlar qazandım. Belə dostlarımdan biri də İlkin Yaqubludur. Onlarla ən çətin və şərəfli bir tarixi vəzifənin öhdəsindən layiqincə gələrək torpaqlarımızı işğaldan azad etdik. Xalqımıza zəfər sevincini yaşatdıq. Bizim hərbi xidmətdə qazandığımız dostluq buna görə də ömürlük olacaq. Ən gözəl və unudulmaz xatirələrim əsgər dostlarımla bağlıdır".
- İnsanlar arasında hər xoş münasibəti dostluq adlandırmaq olmaz. Həqiqi dostluq bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılır. Əsl dostluq insanlar arasında münasibətlərin ən gözəlidir. Əgər sən dostluğu yüksək qiymətləndirirsənsə, gərək dostun yolunda hər bir çətinliyə dözməyi bacarasan. İnsan dostu ilə həyatda daha inamlı olur, üzləşdiyi problemləri daha asanlıqla dəf edir. Necə deyərlər: "Ağac kökləri ilə, insan dostları ilə var olar". Yaxın dostlarımdan biri əsgər Ramazan Möminovdur. Onunla tanışlığımız hərbi xidmət dövründən başlayıb. Əlbəttə ki, bizim dostluğumuz əbədi olacaq. Çünki əsgər dostluğu ömür dostluğudur. Dostluq gözəl və sözlərlə ifadə edilə bilməyəcək qədər ülvi hissdir. Sevinirəm ki, xidmət yoldaşlarımla, əsgər dostlarımla birlikdə Vətən müharibəsində iştirak edərək torpaqlarımızı işğaldan azad etdik, Ali Baş Komandanımızın döyüş əmrini qələbə ilə tamamladıq, - deyə hərbi xidmətə Bakı şəhərindən çağırılan əsgər İlkin Yaqublu bildirdi.
Əsgərlərimiz nə gözəl düşünürlər.

Elçin İMANOV "Azərbaycan Ordusu"