Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyul 2021 10:00

“Şəhidlərimiz Vətənə olan bağlılıqlarını əməlləri ilə göstərdilər”

Həyatımız boyu çata biləcəyimiz bir zirvə var ki, bu yüksəkliyə ucalanlar əbədilik qazanırlar. Bu zirvə - Şəhidlik zirvəsidir. Bu zirvəyə qorxu bilmədən Vətəninin və xalqının azadlığı uğrunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilirlər. Şəhidlik vətənpərvərliyin ən ali məqamı, Vətənə olan sonsuz sevginin təcəssümüdür. Bu sevgi 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də təcavüzkar düşmənin işğalçı siyasətinə son qoydu. Vətənimizin mənafeyini hər şeydən üstün tutanlar peşəsindən asılı olmayaraq, onun müdafiəsinə qalxdılar. Azərbaycan Ordusunun şəxsi heyəti döyüş meydanında göstərdiyi şəxsi nümunə ilə işğalda olan torpaqlarımızı yağılardan azad etdi. Belə vətənpərvər oğullarımızdan biri də şəhid Afərin Müqəddəs oğlu Qulamzadədir.
Afərin Qulamzadə 1999-cu il iyulun 13-də Lənkəran şəhərinin Mamusta kəndində anadan olub. Təhsilini müvəffəqiyyətlə başa vuran Afərin əsgəri xidmətində də fəallığı ilə seçilir. Xidmətini uğurla yekunlaşdıran gənc həmişə valideynlərinə əsgəri xidmətindən, işğalda olan torpaqlarımızın azadlığından və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək istəyindən söhbətlər edərdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərdə başlatdığı irimiqyaslı təxribatların qarşısını almaq məqsədilə ordumuz əks-hücum əməliyyatına başlayır. Afərin də Vətənin dar günündə yenidən ordu sıralarına çağırılır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Afərin Qulamzadə Xocavənd rayonu istiqamətində gedən ağır döyüşlər zamanı şəhid olur. O 2020-ci il noyabrın 19-da doğulduğu Lənkəran şəhərinin Mamusta kəndində torpağa tapşırılır.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Afərin Qulamzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidlər heç vaxt ölmür, illər keçsə də, doğmaları ilə yanaşı, bütün Azərbaycan xalqı onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edir. Necə ki, şəhid Afərin Qulamzadənin doğum günü böyük izdihamla qeyd edildi.
Mərasimdə Lənkəran şəhəri İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Şəhidin doğulub boya-başa çatdığı həyətdə müşahidə edilən izdiham şəhadəti ilə bizə qələbə sevinci yaşadan oğullarımızın daim xalqımızın qəlbində yaşadığını göstərdi. İştirakçılar qəhrəmanımızla bağlı xatirələrini bölüşərək, ruhu qarşısında baş əydiklərini bildirdilər.
Şəhidin atası Müqəddəs Qulamov oğlu haqqında qürur və fəxr hissi ilə danışaraq dedi ki, oğlu mehriban, hamıya qayğı ilə yanaşan biri olub. "Fəxr edirəm ki, oğlum Afərin torpaqlarımızı işğaldan azad edənlərin sırasındadır. İllərdir məscidlərimiz, mədəni-irsi və tarixi abidələrimiz düşmənin təcavüzünə məruz qalıb. Artıq o yerlərdə oğlum kimi qəhrəmanlarımızın sayəsində yenidənqurma işləri aparılır. Heç vaxt oğlumla son danışığım yadımdan çıxmayacaq. O mənə dedi ki, yadındadır ata sənə demişdim, sənin yarımçıq qoyduğun işi tamamlayacam. Oğlum bu yolda şəhadətə yüksəldi. Şəhidlər seçilmiş insanlardır. Belə cəsur və qorxmaz oğullar böyüdən anaların qarşısında baş əyirəm. Bu gün bütün Azərbaycan xalqı bizə qələbə şərbətini daddıran qəhrəmanlarımızla fəxr edir. Şəhidlərimiz Vətənə olan bağlılıqlarını əməlləri ilə göstərdilər. Vətənimizin dar günündə ölümü belə gözə alaraq, döyüşə atıldılar. Ordumuzla fəxr edirəm. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!"
Şəhidin anası Təranə Qulamova bildirdi ki,  Afərinin canından çox istədiyi Vətənə olan sevgisi onun döyüşdən kənarda qalmasına imkan vermədi. "Oğlum gənc yaşında başımızı uca edərək, cənnəti qazandı. Bu gün Afərinin doğum gününü onsuz qeyd edirik. Çətindir, ağırdır. Ancaq buna baxmayaraq, o bizim fəxrimizdir. Bir ana kimi onunla qürur duyuram. Afərinlə danışanda, yeməkləri və məişət şəraiti haqqında maraqlanardım. O həmişə deyərdi: "Ana mənim üçün narahat olma. Necə getmişəm elə də geri dönəcəm." O heç vaxt bizə qarşılaşdığı təhlükə və çətinliklər haqqında danışmazdı. Sonadək bildirmədi ki, öndə gedənlərdən biri də odur."
- Şəhidlərimiz Vətənimizin azadlığı uğrunda vuruşdular, çarpışdılar, şəhadətə ucaldılar, - deyə şəhidimizin əmisi Mayis Qulamov sözünə başladı. - Afərin torpaqlarımızın erməni təcavüzkarlarından müdafiə edilməsində iştirak etməyi müqəddəs borcu sayırdı. Həmişə gəncləri Azərbaycanın müstəqilliyini qorumağa, ərazi bütövlüyümüzü təmin etməyə hər an hazır olmağa çağırırdı. O sadə, qoçaq, işgüzar biri idi. Vətənin dar günündə onun müdafiəsində dayanan qəhrəmanın əmisi olmağımla qürur duyuram.  Belə şərəf hər ailəyə nəsib olmur. Qəm etmək lazım deyil. Unutmamalıyıq ki, şəhidlərimiz başlarını dik tutaraq düşmən üzərinə şığıyaraq böyük qələbə gününü bizlərə yaşatdılar".
Müharibə çətin və acımasızdır. Ancaq Vətən sevgisi hər şeydən üstündür. Bunu Afərin kimi Vətəninə səmimi qəlbdən bağlı olanlar Vətən müharibəsində bütün dünyaya bir daha sübut etdilər. Onlar illərdir davam edən xalqımızın həsrətinə son qoyaraq, işğalda olan torpaqlarımızı azad edib, üçrəngli bayrağımızı Şuşada, Cəbrayılda, Füzulidə ... dalğalandırdılar. Xalqımız da igid, qorxmaz, vətənpərvər oğulları ilə fəxr edəcək, daima qəlbində yaşadacaqdır.
 
Ruslan HƏSƏNZADƏ "Azərbaycan Ordusu"