Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyul 2021 11:00

“Əsgərlərimizin qidalanması ən yüksək səviyyədədir”

Bu gün üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gələrək 30 illik işğala son qoyan Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-məişət şəraiti də rəhbərlik tərəfindən daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Ordu quruculuğunda həyata keçirilən islahatlar şəxsi heyətin sosial-məişət şəraitinə də öz müsbət təsirini göstərib. Vətənimizin keşiyində dayanan igid oğullarımız üçün hərbi hissələrdə ən müasir standartlara cavab verən sosial məişət şəraiti yaradılıb.
"N" hərbi hissəsində əsgər yeməkxanasında şəxsi heyətin qidalanması üçün hər cür şəraitin yaradıldığının şahidi olduq.
Kapitan Allahyar Məmmədov rəhbərlik tərəfindən şəxsi heyətin nümunəvi xidmət etməsi üçün lazım olan bütün şəraitin yaradıldığını bildirdi. O, həmçinin yeməkxanada çalışan təcrübəli qadın mülki işçilərdən də razılıq etdi. Zabit bildirdi ki, burada nahar edən hər kəs xörəklərin keyfiyyətindən razı qalır. "Əsgərlərimiz təcrübəli aşpazlar tərəfindən hazırlanan milli xörəklərlə qidalanırlar. Qida təminatının yüksək olması ilə yanaşı, aşpazların bacarığı sayəsində əsgərlərimiz öz evlərində olduğu kimi, dadlı və yüksək kalorili yeməklərlə təmin olunurlar. Sosial şəraiti yüksək olan əsgərlər də məsuliyyət hissi ilə xidmət edir, bütün tapşırıqların öhdəsindən bacarıqla gəlirlər".
Mətbəxdə bir-birindən dadlı yeməklər hazırlayan baş aşpaz Məhbubə Bayramova artıq səkkiz ildir ki, Vətənimizin mərd oğulları üçün ləzzətli təamlar hazırlayır. O, doğma Qarabağımızı azad edən, xalqımıza qələbə sevincli günlər yaşadan əsgərlər üçün xörəklərin hazırlanmasında əməyinin olduğundan qürur duyduğunu bildirdi. "Sağlam əsgər güclü ordu deməkdir. Gördüyünüz bu əsgərlər gecə-gündüz, isti-soyuq demədən doğma yurdumuzun keşiyində dayanırlar. Onların həvəslə nahar etdiyini görəndə sevinirik. Hazırlanan yeməklərin dadlı və keyfiyyətli olması üçün əlimizdən gələni əsirgəmirik".
Növbəti həmsöhbətim aşpaz Xatirə Qurbanova oldu. "Əsgərlərimizə yeməkləri ana sevgisi ilə hazırlayırıq. Onların hər birini doğma övladımız bilirik. Düzgün qidalanmalıdırlar ki, daha möhkəm, sağlam olsunlar, Vətənimizi işğalçılardan qorusunlar. Xalqımıza Böyük Qələbə sevincini bəxş edən ordumuzun hünəri və qəhrəmanlığı sayəsində ata-baba torpaqlarımız işğaldan azad olundu. Biz də öz növbəmizdə, onların qidalanması üçün əlimizdən gələni etməliyik. Dövlətimizin başçısı, ordumuzun rəhbərliyi sağ olsunlar ki, əsgərlərimizə belə yüksək diqqət və qayğı göstərirlər".
Əsgərlər Şahbaz İsmayılov, Aqşin Mikayılov, Təbriz Məhərrəmli və başqaları onlar üçün yaradılan müasir şəraitdən, yeməklərin keyfiyyətindən, hər gün bişirilən milli xörəklərin ana sevgisi ilə hazırlanmasından, aşpazların bacarığından razılıq etdilər. Hər biri belə yüksək qayğıya görə nümunəvi xidmət etməyə, Vətən torpaqlarını daim qorumağa hazır olduqlarını bildirdilər.

Elçin İMANOV "Azərbaycan Ordusu"