Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyul 2021 11:00

Azərbaycanın ərazi bütövlüyü qətiyyətlə qorunur

Vətən müharibəsində qazanılan Zəfərdən sonra söhbətləşdiyim əsgərlərin də, zabitlərin də dediklərini mən bir inamın, inamın işığına dönən bir əminliyin təsdiqi kimi dinləyirdim. Bu inamı da, bu əminliyi də əsgərlərin, zabitlərin yüksək mənəvi-psixoloji hazırlığının ifadəsi bilirdim. Zəfərdən aylar keçəndən sonra da Vətən müharibəsindən danışılanda hamısı bir məqamdan söz açır: döyüşmək istəyirdik, qələbə qazanacağımıza, Sərkərdəmizin əmrini Zəfərlə tamamlayacağımıza əmin idik. Mayor Əfqan Zeynalov da belə deyir...
Uşağıydı. Televiziyada Azadlıq meydanına toplaşanları o da görürdü, o da uşaq marağıyla bu toplaşmanın niyəsini öyrənmək istəyirdi. Əlihəsən kişi oğlunun suallarını cavablandırmağa hərdən çətinlik çəkirdi. "Böyüyəndə biləcəksən, ay oğul", - deyirdi. "Sən xalqını sev, bu sevgi sənin ömrünün yol yoldaşı olsun...", - bu öyüd, bu nəsihət yaddaşına hopdu.
1990-cı ilin 20 Yanvar faciəsi haqqında eşitdikləri, az sonra televiziyadan gördükləri Əfqanın da düşüncələrini tarıma çəkdi. Bir neçə ay əvvələ kimi atasına verdiyi sualların cavabını almamış niyə belə bir faciə baş verdiyini də başa düşə bilməzdi...
İllər keçdikcə zamanında atasına verdiyi sualların cavablarını təxmin edirdi, təxmin edə-edə bilirdi, düşünürdü.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul ediləndə də bunun mahiyyətini dərk edə bilməzdi. Atasından da heç nə soruşmadı...
Soruşduğu, soruşmadığı suallar onun dünyaduyumunu Vətən adına gözəl formalaşdırırmış: 2000-ci ildə C.Naxçıvanski adına Hərbi Liseydə oxumaq istədiyini bildirdi. Atasının əli oğlunun çiyninə endi; atası Əfqana xeyir-dua verdi. "O vaxt verdiyin sualların cavabını nə gözəl tapdın, ay oğul!", - demək istədi...
Təhsil illəri ötüb keçdi. Marağın istəyə, istəyin sevgiyə çevriləndə aylar da gözəlləşir, illər də. Üç ilin belə ötüşməsini, həm də sevgiyə çevrilən istəyə işıq olmasını duyanlar da oldu. Onda qətiləşdirdilər ki, bu işıq ömür işığı olacaq - Əfqan Zeynalov C.Naxçıvanski adına Hərbi Liseyi bitirdi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu - 2003-cü il...
Şagirdlikdən kursantlığa gəlişlə kursantlıqdan kursantlığa gəliş eyni deyilmiş; şair Tofiq Qaraqayanın təbirincə desək, belə gəliş şahanə gəlişiymiş. Bu gəlişin inamı daha dönməz olurmuş; bu inam arzunun, istəyin inamı olur.
Kursant Əfqan Zeynalov oxuyurdu...
Kursant Əfqan Zeynalov çöl təlimlərində də fəal iştirak edirdi...
Bütün kursantlar kimi Əfqan Zeynalov da "Ali Baş Komandan döyüş əmri verəndə biz də döyüşlərdə iştirak etmək istəyirik...", - belə deyirdi. Yəni, kursantların Vətən sevgisi arzulanan səviyyədə formalaşırdı...
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini 2007-ci ildə bitirdi. "Leytenant" hərbi rütbəsi ilə xidmətə başladı. Söz düşəndə mayor Əfqan Zeynalov deyir: "Zabit olaraq xidmətimin ilk günündə kursant kimi ömrümə yazılan ilk günü xatırlayıram. Hər ikisinin həyəcanı, həm də xoş həyəcanı eyni idi. Bunu əsgərlərimə də dedim. Onlar da əmin oldular ki, hərbi xidmət bütün məqamlarda Vətən üçündü, gərəklidi".
Mayor Əfqan Zeynalov 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. Bu döyüşlərin təəssüratları haqqında əsgərlərinə də qürurla danışardı. "Biz Böyük Qələbəni də qazanacağıq!" - bu qürur, bu inam əsgərlərin baxışlarının qaynarlığına qarışardı...
Vətən müharibəsində mayor Əfqan Zeynalov da iştirak etdi. Füzuli, Xocavənd istiqamətində döyüşdü. Qırmızı bazarın, Şuşa yolunun nəzarətə götürülməsi uğrunda gedən döyüşlərdə qətiyyətlə iştirak etdi. Qırmızı bazar, Şuşa, Xankəndi yolunda minaatan batareyasının gücüylə düşmənin xeyli hərbi texnikasının və canlı qüvvəsinin məhv edilməsinin də iştirakçısıdır.
Mayor Əfqan Zeynalovun xidmət etdiyi tabor Laçın rayonuna ilk giriş edən tabor olub. Qarabağın ərazisi tam nəzarətə götürülüb, düşmən ərazidən çıxarılıb...
Laçına ilk girən heyətin tərkibində mayor Əfqan Zeynalov da olub.
Vətən müharibəsi xalqın işğala, işğalçılığa qarşı müharibəsiydi. Bu müharibənin iştirakçıları hər döyüşə son döyüş qətiyyətiylə vuruşurdular. Zabitlərin tövsiyələri əsgərlərin, bu anlamda döyüşçülərin döyüş əzmini, qələbə ruhunu yüksəldirdi. Şəxsi nümunə müharibədə daha həssas olur, ətrafdakılar bu nümunəni döyüşlərə mənəvi güc bilib döyüşürlər. Mayor Əfqan Zeynalov döyüşçünün düşüncələrini son döyüşə - qələbəyə yönəltməyi bacarırdı... “Sizin döyüşünüz illərin işğal ağrı-acılarını yaşamış torpaqlarımızın qurtuluş döyüşüdür. Bu qurtuluşu tezləşdirəcəksiniz. Barmaqlarınız tətik sıxanda ürəyiniz Vətən sevgisindən güc alır. Döyüşün, ailənizə qalib əsgər kimi qayıdacaqsınız!...", - kəlmələri əsgərlərin ürəyinin təpərini daha da artırırdı. Döyüşlər zamanı  əsgərlərdən biri demişdi: "Komandir, biz verilən əmrləri məsuliyyətlə yerinə yetiririk. Sizin məsləhətləriniz, döyüşlərarası söhbətləriniz qələbə ruhumuzu kükrədir. Sizi, Sizin timsalınızda Vətəni əmin edirik ki, işğal yaxın vaxtlarda sonlandırılacaq...". O anlarda mayor Əfqan Zeynalov Ali Hərbi Məktəbə daxil olanda atasından eşitdiyi bir fikri xatırlayırdı: komandirinə inanmalısan, komandirinin sənə inandığından daha çox inanmalısan. Yoxsa yaxşı kursant, yaxşı zabit ola bilməyəcəksən...". Xidməti müddətində bu fikirlərin də aqilliyinə əmin olmuşdu; komandirlərinə inanmışdı, komandirlərinin ona inandığından da çox inanmışdı. Vətən müharibəsində bu inamın qüdrətini də görmüşdü. Zəfər günü ona inanan əsgərlərini təkcə döyüşçü kimi deyil, həm də ata kimi təbrik etmişdi. "Biz Zəfər qazandıq. Bu Zəfər Vətənin Zəfəridir", - kəlmələri döyüşçüləri bir boy da dikəltmişdi. Mayor Əfqan Zeynalov əmindir ki, tərxis edilən əsgərlərin Vətən müharibəsinin döyüş təəssüratları çağırışçıların dünyaduyumunun genişlənməsində, onların əsl vətəndaş kimi formalaşmasında, Vətən sevgisinin yüksəlməsində əhəmiyyətli olacaq. Bu təəssüratları Vətən müharibəsinin xatirələri kimi hərbi xidmətdə asudə vaxtlarda tarix kimi xatırlayacaqlar...
Hər yaşayış məntəqəsi işğaldan azad ediləndə mayor Əfqan Zeynalov döyüşçülərə deyirdi ki, dünənəcən nəfəsimiz çatmayan yerlərdə dayanıb növbəti döyüş əmrini gözləmək hər birimizin Vətənə sədaqətimiz üçündür. Gözləyirik, sonra onu böyük sədaqətlə yerinə yetiririk. Yəni, Zəfərə yaxınlaşırıq.
Qətiyyətlə döyüşürdülər...
Vətənin arzuladığı kimi döyüşdülər...
Mayor Əfqan Zeynalov Vətən müharibəsində "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib...
...Bir vaxtlar əsgərlərə "Torpaqlarımızı işğaldan azad edəcəyik!", - deyərdi zabit Əfqan Zeynalov. İndi "Zəfər qazandıq, torpaqlarımızı işğaldan azad etdik!", - deyir.
Bu günün çağırışçılarına "Azərbaycanın ərazi bütövlüyünü siz qoruyacaqsınız!" - deyir...
Övladlarına "Vətəni sevin, Vətənimizin sərhədlərinin bu üzünə düşmən ayağı dəyməyəcək!" - mayor Əfqan Zeynalov deyir.   

Ceyhun CƏFƏRLİ "Azərbaycan Ordusu"