Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyul 2021 11:00

Vətən müharibəsində qazanılan qələbə tariximizin ən parlaq səhifəsidir

2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən sonra qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq.
Bu tarixin yazılmasında zəhməti olan zabitlərimizdən biri ilə polkovnik-leytenant Vüqar Tağıyevlə "N" hərbi  hissəsində görüşdük.
Zabit qeyd etdi ki, Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, onun dövlətinin gücünü, nüfuzunu dünyaya bəyan etdi. “Bu Qələbə xalqımızın gələcəyinə elə bir təməl yaratdı ki, onun üzərində Azərbaycan dövləti daim inkişaf edəcək, zənginləşəcək, dünya dövlətləri sırasında ən öndə gedəcək”.
Zabit onu da bildirdi ki, digər qoşunlarla yanaşı, Raket və Artilleriya Qoşunlarının şəxsi heyəti də Vətən müharibəsində xüsusi şücaət, qəhrəmanlıq nümayiş etdirdi. "Qoşunlarımız ölkəmizin müstəqilliyinin, təhlükəsizliyinin keşiyində ayıq-sayıqlığını itirmədi və istənilən döyüş tapşırığının öhdəsindən layiqincə gəldi. Artilleriyaçılarımız Vətən müharibəsində Qələbənin qazanılması naminə öz sözlərini dedi və müharibənin ilk günündən düşmən üzərinə endirdiyi kütləvi atəş zərbələri ilə onların dərinlikdə yerləşən bölmələrini canlı qüvvə və texnika baxımından böyük itkilərə məruz qoydu, hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini sıradan çıxararaq havada üstünlüyümüzün təmin edilməsində mühüm rol oynadı. Düşmənin ön xətdə və dərinlikdə yerləşən komanda və idarəetmə məntəqələrinə dağıdıcı zərbələr vuraraq onların idarəetmə sisteminin fəaliyyətini pozdu. Düşməndən fərqli olaraq artilleyaçılarımız onların mülki yaşayış məntəqələrini hədəfə almadı. Ancaq onlar Gəncəni, Bərdəni, Tərtəri və döyüş meydanından uzaq olan bir çox mülki yaşayış məntəqələrimizi atəşə tutmaqla bir daha öz xislətlərini bütün dünyaya nümayiş etdirdilər. Düşmən atdığı addımlara baxmayaraq, Azərbaycan xalqının, Ali Baş Komandanımızın, ordumuzun, vətənpərvərlik hissimizin, qələbə əzmimizin qarşısında aciz qaldı".
Söhbət əsnasında polkovnik-leytenant Vüqar Tağıyev "Azərbaycan Bayrağı" ordeni, "Zəngilanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildiyinə görə dövlət başçısına təşəkkür etməyi də özünə mənəvi borc bildi.
"Vətən müharibəsində qazanılan qələbə tariximizin ən parlaq səhifəsidir. Düz 28 il bu xoşbəxt sabahın açılacağını gözlədik", - deyə zabit Vüqar Tağıyev sözünə davam etdi. - Bu günü bizə Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti və rəşadətli ordumuz nəsib etdi. Şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar. Azərbaycan Qarabağa qovuşdu. Ata-babalarımızın qoruyub bizə saxladığı əvəzsiz miras, başımızın tacı, ruhumuzun yelkəni Şuşa əsirlikdən azad olundu.
Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı üçün yeni həyat, yeni tarix başlayır. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları, terror zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. 30 ildən sonra sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!

Məhəmməd ƏLİYEV "Azərbaycan Ordusu"