Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2021 10:00

“Torpaqlarımızı göz bəbəyimiz kimi qoruyuruq”

Canım anam, salam. Necəsən? Bilirəm ki, səbirsizliklə xidmətimi uğurla başa vuracağım, tərxis olunacağım günü gözləyirsən. Ana, bu gün sevincimin həddi-hüdudu yoxdur. Çünki sənin yanına qalib ordunun nümayəndəsi kimi, Vətən torpaqlarını işğaldan azad etmiş əsgər kimi qayıdıram. Ana, nə yalan deyim, xidmətə gəldiyim ilk günlər darıxırdım. Ancaq indi çoxlu dostlarımın, silahdaşlarımın sayəsində vaxtın necə keçdiyini hiss etmirəm. Tələbkar və qayğıkeş komandirlərimiz problemlərimiz ilə daim yaxından maraqlanırlar. Təcrübəli və peşəkar əsgər kimi formalaşmağımızda əllərindən gələni əsirgəmirlər. Hamımız bir amal ətrafında birləşərək xidmət edirik - şəhidlərimizin, qazilərimizin, hərbçilərimizin qəhrəmanlığı sayəsində işğaldan azad olunan torpaqlarımızı göz bəbəyi kimi qorumaq.
Ana, mənimlə hər zaman fəxr edə, qürur duya bilərsən. Çünki oğlun dünyanın ən güclü orduları sırasında olan Azərbaycan Ordusunun vətənpərvər döyüşçülərindən biridir. O döyüşçülərdən ki, ötən ilin sentyabrından başlayan Vətən müharibəsində düşmənə göz açmağa imkan vermədi. Düşməni dədə-baba torpaqlarımızdan qovaraq üçrəngli bayrağımızı Şuşada, Cəbrayılda, Füzulidə və işğaldan azad edilmiş digər torpaqlarımızda dalğalandırdıq. Xalqımıza illər sonra  həsrətində olduğu Böyük Qələbənin sevincini bəxş etdik.
Əsgəri xidmət müddətimdə hərbi biliklərə də yiyələnirik. Savadlı komandirlərimiz bizə həm döyüş hazırlığından, həm də digər ixtisaslardan dərslər keçirlər. Qalib ordumuza layiqli əsgər kimi formalaşmışam. Müharibənin başa çatmasına baxmayaraq, keçirilən dərsləri daha dərindən mənimsəyirik. Bilirik ki, qarşımızda mənfur, daim təxribata əl ata biləcək düşmən var. Xain düşmən torpaqlarımıza hücum edə, ərazi bütövlüyümüzü pozmağa cəhd göstərə bilər. Bunun üçün də daim hazırlıqlı olmalıyıq ki, onun cavabını 44 günlük Vətən müharibəsində olduğu kimi verək.
Ana, atama çatdır ki, hərbi xidmətdə üzərimə düşən vəzifələri vaxtında və dəqiq yerinə yetirirəm. Vətənə olan övladlıq borcumu ödəmək üçün əlimdən gələni əsirgəmirəm. İnşallah, əsgəri xidmətimi nümunəvi başa vuraraq sizlərin yanına başıuca qayıdacağam.
Anacan, bölməmizdə hər cür şərait yaradılıb. Evimizdə olduğu kimi, burada da dadlı və ləzzətli yeməklərlə qidalanıram. Burada çalışan analarımız, bacılarımız bizim üçün milli mətbəximizin gözəl təamlarından hazırlayırlar.
Ana, sən dünyanın ən xoşbəxt anasısan. Ona görə ki, Vətəni qoruyanların sırasında sənin də oğlunun adı var.
 
Əsgər Nurulla MAHMUDOV "N" hərbi hissəsi