Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2021 10:00

Şəxsi heyətin məişət şəraiti yüksək səviyyədədir

Azərbaycan Ordusunun şəxsi heyətinin xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində böyük işlər görülür. Yaradılan müasir şərait əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlıqlarının yüksək səviyyədə saxlanılmasına, onların öz xidməti vəzifələrini layiqincə yerinə yetirmələrinə müsbət təsirini göstərir. "N" hərbi hissəsində ən son müasir avadanlıqlarla təchiz olunan camaşırxana kompleksi diqqətimizi cəlb etdi.
Bölmənin fəaliyyətini daha yaxından öyrənmək məqsədilə camaşırxana rəisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elmir Quliyev ilə həmsöhbət olduq. E.Quliyev hərbi hissənin təminatının yüksək səviyyədə olduğunu bildirdi: "Bölmələrimizin maddi-texniki təminatı daha da yaxşılaşdırılıb. Şəxsi heyətin məişət şəraiti müasir tələblər səviyyəsində qurulub. Rəhbərlik tərəfindən yaradılan şərait əsgərlərimizin daha nümunəvi xidmət etmələri üçündür. Gördüyünüz kimi, camaşırxana kompleksi bütün növ zəruri və müasir avadanlıqlarla təchiz olunub".
Hərbi qulluqçu, həmçinin bölmənin əsasən mülki işçilərdən təşkil olunduğunu və bunun da fəaliyyətlərinə səmərəli təsir etdiyini qeyd etdi. "Ölkə başçısının və ordu rəhbərliyinin ordumuza göstərdiyi diqqət və qayğı sayəsində şəxsi heyətin sosial-məişət təminatı yüksək səviyyədədir. Camaşırxana yuma, qurutma, ütü və dərzi maşını ilə təmin olunub. Məqsəd şəxsi heyətin təmizliyini ən yüksək səviyyədə təmin etməkdir. Burada çalışan hər kəs öz işinə məsuliyyətlə yanaşır, verilən tapşırıqları vaxtında yerinə yetirir".
Camaşırxanada qadın səliqəsinin və təmizliyinin şahidi olduq. Onlar şəxsi heyətin təmiz geyim, yataq dəsti və zəruri əşyalarla təmin edilməsinə cavabdehdirlər.
Qurutma maşınının operatoru, mülki işçi Şəfəq Salahova artıq 4 ildir ki, bu hərbi hissədə çalışdığını, əsgərlərimizin xidməti üçün hər cür şəraitin yaradıldığını bildirdi. "Gördüyünüz kimi, camaşırxanamız müasir avadanlıqlarla təmin olunub. Bu da camaşırların tez bir zamanda yuyularaq təhvil verilməsinə zəmin yaradır. Hər həftə əsgərlərin yataq dəstləri, əl-üz və ayaq dəsmalları bölmələrdən təhvil alınır. Paltaryuyan maşınlarda təmiz yuyulur, ütülənir, çeşidlənərək anbara yığılır. Anbardan isə bölmələrə təhvil verilir".
Söhbət əsnasında öyrəndik ki, müharibə Şəfəq ananın da ailəsindən yan keçməyib. 44 günlük Vətən müharibəsində oğlu Kamil də torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Suqovuşanın azad olunması uğrunda şiddətli döyüşlərdə şücaət və qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib. "Oğlum Kamil müharibənin ilk günündən döyüşlərə qatıldı. O, Vətənə övladlıq borcunu layiqincə yerinə yetirdi. El-obamızın ermənilərdən təmizlənilməsi yolunda canını fəda etdi, müqəddəs zirvəyə yüksəldi".
Operatorlar Xalidə Nəsirova, Afaq Qasımova, Zülfiyyə İbrahimova və başqaları ordumuzla fəxr etdiklərini, qəhrəman şəhidlərimizin, qazilərimizin canı, qanı, hərbçilərimizin iradəsi hesabına 28 ildən sonra Qələbə sevincini yaşadıqlarını bildirdilər. Bu sevincin qarşılığında onlara bu hissi bəxş edən əsgərlərimizə xidmət etməkdən qürur duyduqlarını bildirdilər. "Onlar bizim övladlarımızdır. İgid oğullarımızın məişət qayğılarını həll etmək isə hər birimizin borcudur".
"N" hərbi hissəsində gördüklərimiz deməyə əsas verir ki, hərbi qulluqçularımızın xidmət şəraitinin ən müasir tələblər səviyyəsində qurulması, maddi-texniki təminatının, məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır. Əminik ki, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qarantı olan rəşadətli Azərbaycan Ordusunun şəxsi heyəti də göstərilən bu diqqət və qayğının qarşılığında Vətənə olan müqəddəs övladlıq borcunu layiqincə yerinə yetirəcək, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə və məsuliyyətlə gələcəkdir.

Elçin İMANOV "Azərbaycan Ordusu"