Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2021 10:00

“Şəxsi heyətin sağlamlığı daim diqqət mərkəzindədir”

Tibb məntəqəsindəki təmizlik və səliqə-sahman ruhumuzu oxşadı. Elə ilk addımdan hiss olundu ki, məntəqədə müalicə olunanlara həkim və tibb bacılarının böyük diqqət və qayğısı var.
Hərbi hissənin tibb xidməti rəisi, tibb xidməti kapitanı Bəhruz Cəfərovla görüşüb tanış olduq. Öyrəndik ki, gənc zabit Bakı şəhərində dünyaya göz açıb. Xətai rayonundakı 204 nömrəli orta məktəbdə oxuyub. 2005-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olub, stomatoloq ixtisasına yiyələnib. 2011-ci ildən isə hərbi həkim kimi xidmətə başlayıb. 2017-2018-ci illərdə Gülhanə Hərbi Tibb Akademiyasında ixtisasartırma kursu keçib. Tibb xidməti kapitanı Bəhruz Cəfərov bu gün xidmətini "N" hərbi hissəsində davam etdirir. Həkim kimi üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlir. Zabit və əsgərlərimizin sağlamlığının keşiyində dayanmağı özünün ən şərəfli vəzifəsi hesab edir.
Söhbət zamanı tibb xidməti kapitanı Bəhruz Cəfərov zabit və əsgərlərin sağlamlığı üçün gördükləri işlərdən ətraflı söz açdı: “Şəxsi heyətin sağlamlığı daim diqqət mərkəzindədir. Məntəqəyə müraciət edən hərbi qulluqçuların qəbul edilməsi və müayinə olunması üçün burada hərtərəfli şərait yaradılıb. Yaradılmış şəraitdən bacarıqla istifadə edərək, zabit və əsgərlərin sağlamlığının keşiyində dayanır, daim onlara diqqət və qayğı göstəririk. Bir qayda olaraq, məntəqəyə üz tutan hərbi qulluqçular müayinə olunur və onlara müalicə kursu təyin edilir. Tibbi ləvazimat və dava-dərmanla vaxtlı-vaxtında təmin olunduğumuza görə müayinə və müalicə prosesi uğurla keçir. Müalicə kursu həkimlərimiz tərəfindən düzgün təyin olunduğuna görə hərbi qulluqçularımız tez bir zamanda sağalıb xidmətlərini davam etdirirlər”.
Qısa söhbətdən sonra məntəqədə müalicə olunan əsgərlərlə də görüşdük. Palatalarda da təmizlik və səliqə-sahman hökm sürürdü. Gizir Pərvin Məhərrəmovu məntəqədə müalicə olunan əsgəri müayinə edən gördük. Tanışlıq zamanı öyrəndik ki, gizir Pərvin Məhərrəmov 2011-ci ildə hərbi tibb məktəbini bitirib. Elə həmin ildən də hərbi xidmətdədir. Vətən qarşısında övladlıq borcunu yerinə yetirən şəxsi heyətə tibbi xidmət göstərir.
- Hərbi qulluqçularımızın sağlamlığının keşiyində dayanmaqdan qürur duyuruq, - deyə gizir Pərvin Məhərrəmov sözə başladı. - Çalışırıq ki, zabit və əsgərlərimiz həmişə sağlam olsunlar, xəstələnməsinlər. Tibb məntəqəsinə müraciət edən hərbi qulluqçulara diqqət və qayğı göstərilir. Onları müayinə və müalicə etmək üçün burada hərtərəfli şərait yaradılıb. Müalicə olunan əsgərlərin sağlamlıq durumunu nəzarətdə saxlayırıq.
Palatada müalicə olunan əsgərlər Nəriman Salmanov və Elşən Səfərovla da söhbət etdik. Onlar dedilər ki, həkimlər və tibb bacıları bizə böyük diqqət və qayğı ilə yanaşırlar. Dərmanlarımızın vaxtlı-vaxtında qəbul olunmasını nəzarətdə saxlayırlar. Həkim və tibb bacılarından çox razıyıq. Bizə belə diqqət və qayğı göstərdiklərinə görə onlara minnətdarlığımızı bildiririk.
Tibb məntəqəsində eşitdiklərimizdən də, müşahidə etdiklərimizdən də ürəyimiz dağa döndü. Bir daha əmin olduq ki, şərəfli peşə sahibləri olan həkimlərimiz zabit və əsgərlərimizin sağlamlığının keşiyində həmişə ayıq-sayıq dayanacaqlar.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"