Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2021 10:00

“Zəfər qazandıq!”

Peşə seçimi təkcə ata yolunun davamçısı olmaq istəyi ilə deyil, həm də yeniyetmənin dünyagörüşüylə, təhsiliylə, ictimaiyyətin bu və ya digər peşəyə münasibətiylə bağlıdır. Peşə seçimi bəzən dövrün, zamanın diktəsiylə müəyyənləşir, sanki zaman "filan peşəni seç" - deyir yeniyetməyə və yeniyetmə bu ruhi pıçıltını eşidir...
Elmar İsrəfilov 1992-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olub. Müharibə illərinin uşaqlarının düşüncələri haqqında söhbətlər, xatirələr fonunda formalaşır. Cəbhədə atəşkəs elan olunsa da, Ermənistan bu ikitərəfli razılaşmaya məhəl qoymur, işğal etdiyi ərazilərdə də, dövlət sərhədlərində də təxribat törətməyə cəhd edirdi. Atəşkəsin belə pozulması nəticəsində Ermənistanın təxribatlarının qarşısı alınanda bəzən hərbi qulluqçularımızın sırasında şəhidlər də olurdu. Ermənilərin həmlələri, hücum cəhdləri haqqında Elmar da evdə atasından, məktəbdə müəllimlərindən eşidirdi...
Aylar il oldu, illər keçdi. Elmar Azərbaycanın Milli Qəhrəmanı Samoy Çepanov adına orta məktəbi bitirdi. Qəlbində sevgi, qəlbində nifrət - Vətənə sevgi, düşmənə nifrət. Bir dəfə sinif yoldaşlarına demişdi ki, şəhidlərimizin qisasını biz almalıyıq. Bu qisas torpaqlarımızın işğaldan azad edilməsidi. Həmin vaxtlarda hərbçi olmağı qərara alıbmış.
2010-cu il idi.
Elmar İsrəfilov sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verdi. Qəbul olundu. Kursant idi, zabit olacaqdı. Oxuya-oxuya öyrənir, öyrənə-öyrənə oxuyurdu - artilleriyaçı olacaqdı. Mühazirələrdə də, seminarlarda da, məşğələlərdə də fərqlənirdi. O da zabitlərdən eşitdiyi bir kəlamı təhsil dövrünün tövsiyə-şüarı bilirdi: "Oxu ki, öyrən ki, xidmət edəndə müəmmalarla üzləşməyəsən. Üzləşdinsə, peşənə xəyanət etmiş olacaqsan..."
2014-cü ildə "leytenant" hərbi rütbəsi ilə xidmətə başladı. Sevincin cazibəsi nə qədər ürəkaçan olarmış! - bu sevinci ailəsiylə, yeniyetməlik illərinin dostlarıyla, müəllimləriylə bölüşdü: Mən zabitəm!..
Vətən müharibəsində baş leytenant Elmar İsrəfilov da iştirak etdi, Talış kəndi, Suqovuşan istiqamətində döyüşdü - onun da xidmət etdiyi batareya düşmənin mövqelərinə artilleriya zərbələri endirdi, düşmən bu atəşlərdən xeyli döyüş texnikası, canlı qüvvə itirdi...
Elmarın qardaşı Elnur da hərbi qulluqçudur. Vətən müharibəsində Xocavənd, Suqovuşan, Kəlbəcər istiqamətlərində döyüşüb...
Baş leytenant Elmar İsrəfilov Vətən müharibəsində "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Vətən müharibəsində qazanılan Zəfərdən əvvəl ömrünün sevinc payını yaşayıb Elmar - oğlu olub. Üzü göylərə sarı "Mən atayam!" - harayını bir neçə gündən sonra "Zəfər qazandıq!" nidası ilə tamamlayıb...

Mübariz MUSAYEV "Azərbaycan Ordusu"