Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyul 2021 10:00

“Xalqımıza qələbə sevincini yaşatdıq”

Azərbaycan Ordusunun döyüş hazırlığı arsenalında olan müasir hərbi texnikalarla deyil, bu texnikaları idarə edə bilən savadlı hərbi qulluqçularından asılıdır. Bu baxımdan ölkəmizdə beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda mühüm rol oynayır. Ordumuzun gücləndirilməsi ümummilli lider Heydər Əliyevin qarşıya qoyduğu prioritet məsələlərdən biri olub. Ulu Öndər savadlı hərbi kadrların hazırlanması məqsədilə müxtəlif vaxtlarda hərbi təhsil ocaqlarının yaradılması üçün fərmanlar imzalayıb. Ümummilli liderin uzaqgörənliyi sayəsində bu gün ölkəmizdə Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev adına Hərbi Lisey və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb fəaliyyət göstərir.
Bu gün ordu quruculuğu prosesi, eləcə də ölkəmizin iqtisadi inkişafı ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandan ordumuzun qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi işini daim diqqət mərkəzində saxlayıb. Dövlət başçısının ordu quruculuğunda xüsusi diqqət yetirdiyi məsələlərdən biri də müxtəlif miqyaslı hərbi təlimlərin keçirilməsi olub. Bunun nəticəsidir ki, düşmənin təxribatı ilə başlayan 44 günlük Vətən müharibəsi ordumuzun qələbəsi ilə yekunlaşdı. Bu gün  döyüşlər bitsə də, mənfur düşmən döyüş meydanında məğlub olsa da, ayıq-sayıq olmalı və hər an istənilən təxribata hazır olmalıyıq. Buna görə də ordumuzda döyüş hazırlığı planına əsasən, müxtəlif qoşunların şəxsi heyəti taktiki hazırlıq üzrə praktiki məşğələlər keçirlər.
"N" hərbi hissəsində keçirilən praktiki məşğələnin şahidi olduq. Leytenant Tofiq Həmidov dərsə cəlb olunan şəxsi heyətə mövzuya uyğun olaraq tankın taktiki-texniki xüsusiyyətlərini başa salırdı. Məşğələ bitdikdən sonra zabitlə həmsöhbət olmaq imkanı qazandıq. Abşeron rayonundan olan zabit Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Bu peşəni öz istəyi ilə seçdiyini bildirən Tofiq ordumuzun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.
Döyüşlərdən sonra leytenant Tofiq Rasim oğlu Həmidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
- Hər bir hərbi qulluqçu istənilən döyüşə hazır olmalıdır, - deyə zabit söhbətə başladı. - Bunu rəhbər tutaraq xidmətə gəldiyim gündən tabeliyimdə xidmət edənlərin bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirirəm. Vətən müharibəsi də göstərdi ki, hazırlıqlı hərbi qulluqçu savaşda qalib döyüşçüdür. Bölməmizdə xidmət edən şəxsi heyətin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığının səviyyəsi yüksəkdir. Sevindirici haldır ki, hər bir azərbaycanlı övladını milli ruhda tərbiyə edir. Azərbaycan Ordusunun sıralarında xidmət edən hərbi qulluqçular Vətənə bağlı olan insanlardır. Əsgərlərimizin bilik və bacarıqlarını təkmilləşdirmək üçün əlimizdən gələni əsirgəmirik. Üzərimizə məsuliyyətli və bir o qədər də müqəddəs vəzifə düşür. Qələbə ilə başa çatan Vətən müharibəsi ordumuzun nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Apardığımız haqq savaşında şəhidlərimiz də oldu. Vətən, torpaq uğrunda həlak olan bütün şəhidlərin ruhu qarşısında baş əyirik. Onların qanı yerdə qalmadı. Şəhidlər ölmür, onlar qəlbimizdə əbədi yaşayırlar.
Gizir Kniyaz Zeynalov da Vətən müharibəsi haqqında təəssüratlarını bizimlə bölüşdü:
- Vətən müharibəsi hər birimizin illərdir gözlədiyi haqq savaşıdır. Ötən il sentyabrın 27-də düşmən təxribat törətməyə cəhd göstərsə də, cəsur Azərbaycan əsgərinin qarşısında tab gətirə bilmədi. Ali Baş Komandanımızın döyüş əmri ilə nəinki düşmən qüvvələrini susdurduq, illərdir davam edən işğalçılıq siyasətinə son qoyduq. Sevindirici haldır ki, artıq ermənilərin viran qoyduqları torpaqlarda yenidənqurma işləri aparılır. Tezliklə işğaldan azad etdiyimiz torpaqlarımızda yenidən toy-bayram səsləri eşidiləcək.
Hərbi hissədə yaradılan şəraitdən və tədris prosesindən danışan hərbi qulluqçu bildirdi ki, döyüş meydanında qələbə qazansaq da, həmişə ayıq-sayıq olmalıyıq. Unutmamalıyıq ki, məğlub düşmən yenidən təxribat törətməyə cəhd göstərə bilər. Buna görə də biliklərimizi və hərbi vərdişlərimizi artırmalıyıq. Bu yolda komandirlərimiz bizdən köməklərini əsirgəmirlər. Günün nizam qaydasına uyğun olaraq, məşğələlər keçirilir. Dərsdən sonra da mövzu ilə bağlı yaranan suallarımızı cavablandırırlar. Həmçinin ordu sıralarında xidmət edən savadlı və bacarıqlı komandirlərin olması bizləri daha da ruhlandırır.
Kiçik çavuş Qurban Ədilov və əsgər Aslan Əliyev bildirdilər ki, bu gün Azərbaycan əsgəri xalqımızı muradına çatdırıb. "Vətən müharibəsi bir daha sübut etdi ki, heç nə unudulmur. Xalqımız da ermənilərin törətdikləri vəhşilikləri heç vaxt unutmayıb, həmişə qisas hissi ilə alışıb yanıb. Hərbi mundiri geyindiyimiz andan üzərimizə düşən vəzifələrin məsuliyyətini yaxşı dərk edirdik. Hər birimiz istəyirdik ki, torpaqlarımızın işğaldan azad edilməsində payımız olsun. Şükürlər olsun ki, haqq savaşında iştirak etmək bizə də nəsib oldu, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımıza Qələbə sevincini yaşatdıq. Qürurla deyə bilərik ki, qalib ordunun qalib əsgərləriyik.

Ruslan HƏSƏNZADƏ "Azərbaycan Ordusu"