Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2021 10:00

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib

Hərbi Dəniz Qüvvələrində (HDQ) 26 İyun - Silahlı Qüvvələr Günü  münasibətilə  tədbir keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə Nazirliyi Mətbuat Xidməti xəbər verir ki, tədbirdə HDQ komandanı kontr-admiral Sübhan Bəkirov çıxış edərək Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatları ilə başlanan və  44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızın işğaldan azad edilməsində qazandığı qələbədən danışıb.   
HDQ komandanı Vətən müharibəsində qazanılan Qələbə və qarşıdan gələn 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyəti təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Cəsur döyüşçü" və "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif olunan hərbi qulluqçulara medallar, xidmətdə fərqlənən digər hərbi qulluqçulara isə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

 

* * *


23-25 iyun 2021-ci ildə Tibb Baş İdarəsinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasında Silahlı Qüvvələrin 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər kecirilib.
Tədbirlər çərçivəsində şəhid qəbirlərinin ətrafinda abadlıq və təmizlik işləri aparılıb, eyni zamanda, torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda həlak olunan şəhidlərimizin ailələri ziyarət edilib.
Sonra Silahlı Qüvvələrin 103-cü ildönümünə həsr olunmuş tədbirdə Mərkəzi Hərbi Sanatoriyanin rəisi mayor Mahir Məcidov şəxsi heyəti təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb. Digər çıxış edənlər - tibb xidməti mayoru Şahin Quluyev, Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Azər Abbasəliyev, qazi anası Şəlalə Əzimova, Qarabağ müharibəsi  veteranı, ehtiyatda olan polkovnik-leytenant Pərviz Məmmədov da Müzəffər Ali Baş Komandan başda olmaqla 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycan Ordusunun bütün şəxsi heyətini 26 İyun - Silahlı Qüvvələr Günü  münaisbətilə təbrik ediblər.

 

* * *


Azərbaycan  Hərb Tarixi Muzeyində Silahlı Qüvvələrin yaradılmasının 103-cü ildönümünə həsr olunmuş "Silahlı Qüvvələrimiz - dünən və bu gün" adlı dəyirmi masa keçirildi.
Dəyirmi masada Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları, Qarabağ müharibəsi veteranları, Vətən müharibəsi qəhrəmanlarının ailə üzvləri, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin  nümayəndələri iştirak etdilər.
Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə "Zəfərə gedən yolda ordu quruculuğu" adlı məruzəsində bildirdi ki, tarixin bütün dövrlərində ordu dövlətin ərazi bütövlüyünün, suverenliyinin və təhlükəsizliyinin təmin edilməsində, regionda və dünyada söz sahibi olmasında xüsusi rola malikdir. "Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə nail olmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bu tarix hər gün daha da zənginləşməkdədir...".
Müzey rəisi onu da vurğuladı ki, 103 yaşını qeyd etdiyimiz Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. "2020-ci ilin 27 sentyabrından 10 noyabradək davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı".
Tədbirdə çıxış edən polkovnik Arif Həsənov, tarix üzrə fəlsəfə doktorları Hacı Həsənov və Vahid İsmayılov qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qayğısı nəticəsində son illər ərzində Azərbaycan Ordusu inkişafının ən yüksək səviyyəsinə yüksəlib. “Qoşunların maddi-texniki bazasının davamlı olaraq təkmilləşdirilməsi, Silahlı Qüvvələrdə mənəvi əhval-ruhiyyənin daha da yüksəldilməsi, orduda milli kadr hazırlığının uğurla davam etdirilməsi, hərbi intizamın gücləndirilməsi, şəxsi heyətin sosial qayğısının daim diqqət mərkəzində saxlanılması Azərbaycan Ordusunun daha da güclənməsini təmin edib. Bunların nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandanın bütün əmrlərini vaxtında yerinə yetirməyə və Azərbaycan xalqının ümidlərini doğrultmağa qadir olan bir qüvvəyə çevrilib.”
Dəyirmi masanın bədii hissəsində Zəhra Hüseynzadə "Qarabağ artıq azaddır" şeirini söylədi. Tədbir iştirakçıları Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin nümunəvi hərbi orkestrinin solistləri çavuş Fidan Həmzəyevanın və Taleh İsmayılovun ifasında hərbi vətənpərvərlik mahnılarını dinlədilər.

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"