Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2021 10:00

İlin hər günü ordumuzun günüdür

XX əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Nəticədə min illik dövlətçilik tarixi olan Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu...
Ancaq müstəqilliyin ilk illərində Azərbaycanda siyasi vəziyyət son dərəcə kəskinləşmişdi, ölkədə vətəndaş qarşıdurması yaranmışdı. Belə bir vaxtda xalq kəskin siyasi iradə nümayiş etdirərək böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlətçiliyi xilas edildi. Böyük tarixi şəxsiyyət noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət etdi, bu çağırış dövlətçiliyin qorunmasına yönələn çağırış idi. Minlərlə könüllü torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə qatılmaq üçün ordu sıralarına gəldi.
1993-cü il noyabrın 1-də Prezidentin müvafiq Fərmanı ilə Dövlət Müdafiə Şurası yaradıldı. Ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. Ölkə müharibə şəraitində olduğu üçün səfərbərliyin təşkili, ölkənin suverenliyini qorumağa qadir olan ordunun döyüş hazırlığının, qoşun hissələrinin, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsini, sosial şəraitin yaxşılaşdırılmasını əhatələyən tədbirlər müəyyən olundu. Bu, olduqca vacib amillər idi və xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderimiz ordu quruculuğuna məhz bu məsələləri həll etməklə başladı. Atılan addımlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin qarantı olan ordunun nizami ordu kimi formalaşmasında olduqca gərəkli oldu. Nizami ordu qısa müddətdə formalaşdı...
Hələ Azərbaycanda birinci hakimiyyəti dövründə Heydər Əliyev dahiyanə uzaqgörənliklə 70-ci illərin əvvəllərində sonralar Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırılacaq ibtidai hərbi məktəbin yaradılmasına nail oldu.
C.Naxçıvanski adına Hərbi Lisey müstəqillik illərində də Azərbaycanda hərbçi kadrların hazırlığında böyük baza oldu, bu məktəbin məzunları ali hərbi təhsil alaraq ordumuzda xidmət etdilər. Azərbaycan Ordusunun formalaşmasında bu məktəbin rolu böyükdür. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində bu məktəbin onlarla məzunu yüksək dövlət təltiflərinə layiq görüldü...
1993-cü il noyabrın 23-də Milli Şurada "Müdafiə haqqında" Qanunun qəbul edilməsi ordu quruculuğu istiqamətində görüləcək bütün tədbirlərin mahiyyəti üçün hüquqi əsas yaratdı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyev yerli müdafiə batalyonlarının buraxılması haqqında sərəncam imzaladı. Bununla da orduda vahid komandanlıq yaradıldı, nizami ordunun əsası qoyuldu.
Ölkə başçısının 1998-ci il mayın 28-də imzaladığı Fərmanla 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu.
Ulu Öndər istər ordunun şəxsi heyətinin, istərsə də ictimaiyyətin qələbə inamını erməni silahlı birləşmələrinin hücum əməliyyatlarını dayandırmaqla, düşmənin irəliləməsinin qarşısını almaqla kükrətdi. 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatında Azərbaycan Ordusu Horadiz qəsəbəsini, 22 kəndi işğaldan azad etdi. Bu məğlubiyyət düşmənə bir həqiqəti də yaşatdı: Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevdir! Azərbaycan Ordusu güclü ordudur!..
1994-cü il mayın 12-də  imzalanan atəşkəs ordu quruculuğunu dinamik əsaslarla qurmağa şərait yaratdı. Ulu Öndərin rəhbərliyi ilə ordunun mərkəzləşdirilmiş maddi-texniki bazası inkişaf etdirildi, əsgər və zabitlərin döyüş və mənəvi-psixoloji hazırlığı yüksəldildi, ordu quruculuğunda genişmiqyaslı islahatlara başlanıldı. Ulu Öndər deyirdi: "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır"...
1997-ci ildən Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrində də gərəkli islahatlar aparıldı. Belə ki, bu müəssisələrdə tədris NATO standartlarına uyğun aparılmağa başladı. Bu, kursantların hərbi biliklərə daha əhatəli yiyələnməsini təmin etdi.
Azərbaycanın müdafiə sənayesi Ulu Öndərin rəhbərliyi ilə elmi əsaslarla inkişaf etdirilirdi. Bakıda keçirilən Beynəlxalq müdafiə sənayesi sərgilərində çoxtərəfli əlaqələr yaranır, formalaşırdı. Bu sərgilərdə Azərbaycanın müdafiə sənayesinin istehsal etdiyi məhsullarla bir sırada ordu quruculuğunda əldə edilən üstün nailiyyətlər də nümayiş etdirilirdi. Bu isə özlüyündə dünya dövlətlərində Azərbaycanın iqtisadi qüdrəti, ordusunun gücü haqqında gərəkli təəssüratlar yaradırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ən böyük azərbaycanlı olan böyük tarixi şəxsiyyətin siyasi kursunu ordu quruculuğu istiqamətində də dövlətə, dövlətçiliyə böyük sədaqətlə inkişaf etdirdi. Münaqişənin sülh yolu ilə həlli istiqamətində təşəbbüslər Ermənistanın danışıqlardan yayınması ilə nəticələnirdi. Azərbaycanda münaqişənin sülh yolu ilə həllinə cəhdlərlə bir sırada ordu quruculuğunda da böyük işlər görülür, genişmiqyaslı islahatlar həyata keçirilirdi. İstər Azərbaycanda, istərsə də Türkiyədə, İranda, Rusiyada, Qazaxıstanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edən ordumuz gərəkli nüfuz qazanırdı. Bunların nəticəsiydi ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına çıxdı.
Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar ordunun nizami ordu kimi formalaşması prosesini hərbi-elmi baxımdan yüksək səviyyədə tamamladı. Bu prosesdə ictimaiyyətin də iştirakı təmin edildi. Ordu sıralarına minlərlə gənc gəldi ki, bu da həm ordunun gücünün artırılması kimi, həm də ordu-ictimaiyyət münasibətlərinin daha da möhkəmləndirilməsi kimi gərəkli oldu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesinin təkmilləşdirilməsi, hərbi texnikalarla, atıcı silahlarla, uçuş aparatları və s. ilə təchiz edilməsi, müasir standartlara uyğun, bütün infrastrukturlara malik yeni hərbi şəhərciklərin inşa edilməsi,  hərbi tələblərə cavab verən təlim poliqonlarının yaradılması, müxtəlif təyinatlı və müxtəlif miqyaslı təlimlərdə uğurla iştirakı ordunun döyüş hazırlığını arzulanan səviyyəyə yüksəltdi.
2016-cı ilin Aprel döyşləri, döyşlərdə əldə edilən qələbələr, Lələtəpə, Bayraqtəpə kimi mühüm strateji yüksəkliklər də daxil olmaqla, 2000 hektardan çox ərazi işğaldan azad edildi. Bu qələbələr düşmənin əsgər və zabitlərinə müəyyən vahimə də yaşatdı, ordumuzun şəxsi heyətinin döyüş əzmini də yüksəltdi, qələbə ruhunu da.
2020-ci ilin iyul döyüşlərində də əks-hücum əməliyyatı ilə yeni ərazilər işğal etmək niyyəti ilə bütün vasitələrdən istifadə etməklə müxtəlif istiqamətlərdən torpaqlarımıza hücum edən düşmənin silahlı birləşmələri ağır məğlubiyyətə uğradıldı. Azərbaycan Ordusunun hissələri bu hücumun qarşısını aldı. Müzəffər Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı. Bu əməliyyat Vətən müharibəsinin başlanğıcı oldu.
Ordu hissələrimiz qısa müddətdə düşmənin illərlə yaratdığı, müxtəlif vasitələrlə möhkəmləndirdiyi müdafiə sistemini darmadağın etdi, ilk qələbələr qazanıldı.
Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası müharibəsi idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!". Azərbaycan Ordusu dövlət başçısının bu kəlamlarını döyüşlərdə qələbələrlə təsdiqlədi. Gücü, qüdrəti, mənəvi-psixoloji hazırlığı ilə.
Azərbaycan Ordusu Zəfər qazandı.
Azərbaycan Ordusu günü təkcə iyunun 26-sı deyil, ilin hər günü hər bir Azərbaycan vətəndaşı üçün ordu günüdür. Biz ordumuzla qürur duyuruq. Bu qürur bəşəri qürurdur...
 
Səbinə XASAYEVA Milli Məclisin üzvü