Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyul 2021 10:00

Sağ olun qəhrəman atalar, qardaşlar!

Mən məktəbliyəm. Evimizdə həmişə hərbi paltar görmüşəm. Atamın paltarlarıdı. Özünün də, anamın da onlara ehtiramları böyükdür, bunu uşaqlığımdan duymuşam. Duyduğum üçün də atamla qürurlanmışam. Sinif yoldaşlarımla söhbətləşəndə sevincim daha da aşıb-daşardı. Onlar mənə həsəd aparardılar. Bir dəfə "sən xoşbəxt uşaqsan, ay Kənan" - dedilər. Bir qədər duruxdum. Onda dedilər ki, biz hardansa eşidirik, sən evdə görürsən, biz hərbçilərlə uzaqdan-uzağa qürurlanırıq, sən o qüruru görə-görə yaşayırsan. Onda mən fəxrlə dedim ki, bəli, mən o qüruru yaşaya-yaşaya görürəm. İndi o vaxtkı söhbətlərə əlavə olaraq deyirəm, mən o qüruru yaşaya-yaşaya yaşadıram.
Atam Nicat Məhərrəmov polkovnik-leytenantdır. Vətən müharibəsində o da iştirak edib. Zəfərdən sonra təəssüratlarını eşitmək üçün suallar verirdik. Atam özündən daha çox ordumuzdan, əsgərlərdən danışırdı. Deyirdi ki, belə bir ordu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşməni məğlub etməyə qadir ordu idi. Bizim əsgərlərimizin yüksək döyüş və mənəvi-psixoloji hazırlığı da qələbənin qazanılmasında mühüm rol oynadı.
Atamın Vətən müharibəsində iştirak etməsi, döyüşməsi, qaliblər sırasında  olması bir oğul kimi mənim qəlbimi dağa döndərdi. Atam Nicat Məhərrəmov döyüşlərdə fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeninə layiq görüldü. Həmin gün atamın boynuna sarıldım, "sən qəhrəmansan, ata, mən qəhrəman zabit oğlu olmağımla fəxr edirəm. Mənə belə bir gözəl duyğu yaşatdığına görə çox sağ ol, ata!", - dedim...
Torpaqlarımız işğaldan azad edildi. Mən və mənim yaşıdlarım da hamı kimi Zəfərin qürurunu həmişə yaşadacağıq. Qəhrəman ataların oğulları əsl vətəndaş kimi formalaşmalıdır. Mən əsl vətəndaş olacam. "Azərbaycan Bayrağı" ordenli atam oğluyla qürurlanacaq. Ona belə bir duyğunu yaşatmağı özümə xoşbəxtlik biləcəm.
Sağ ol, ata, sən qəhrəmansan!
Sağ olun qəhrəman atalar, qəhrəman qardaşlar, Vətən sizinlə fəxr edir!

Kənan MƏHƏRRƏMOV

məktəbli