Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyul 2021 10:00

“Biz qalib əsgərlərik”

Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının və döyüş ruhunun artırılmasında ictimai-siyasi hazırlıq dərslərinin əhəmiyyəti böyükdür. Məşğələlər əsgərlərin vətənpərvərlik hissinin artırılması ilə yanaşı, nizam-intizamlı olmalarına da müsbət təsir göstərir. "N" hərbi hissəsində  şəxsi heyətlə keçirilən ictimai-siyasi hazırlıq dərsində iştirak etmək imkanı qazandıq. Mayor Sakin Yediyarov bildirdi ki, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin öyrənilməsi və qoşun xidmətinin yaxşılaşdırılması məqsədi ilə günün, həftənin və ayın yekununda xidmətin təhlili aparılır. "Təhlilin yekununda xidmətdə fərqlənən əsgərlərimizin fəaliyyəti bölmənin aylıq divar qəzetində və döyüş vərəqələrində işıqlandırılır. Bu da onların xidmətlərinə daha məsuliyyətli yanaşmalarına və mənəvi-psixoloji vəziyyətlərinin yüksəldilməsinə müsbət təsir göstərir".
Öyrənirik ki, zabit Vətən müharibəsində Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərin iştirakçısıdır. Ağır döyüşlər zamanı yaralanıb, hospitala təxliyə olunan zabit sağaldıqdan sonra yenidən ordu sıralarına qayıdıb. Döyüşləri və silah yoldaşlarını xatırlayan zabit bildirdi ki, illərdir xalqımızın həsrətində olduğu qələbəni qazandığımız üçün xoşbəxtik. "Hərbi mundiri geyindiyim andan ən böyük arzum işğalda olan torpaqlarımızı azad etmək, şəhidlərimizin qisasını almaq idi. Xalq-ordu birliyinin rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətinin canı və qanı bahasına istəyimizə nail olduq. Ali Baş Komandanımız döyüş əmrini verdiyi zaman hamı bir nəfər kimi döyüşə atılaraq, düşmənin qüvvələrini darmadağın etdik".
Döyüşlərdən sonra mayor Sakin Qəhrəman oğlu Yediyarov Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Əsgəri xidmətdən danışan əsgər Ülvi Qasımov dedi ki, hərbi xidmət bizə bir çox üstün keyfiyyətlər aşılayır. "Hərbi xidmətdə keçən günlərin dəyəri böyükdür. Burada günün nizam qaydasına uyğun olaraq idman edir, vaxtlı-vaxtında qidalanır və komandirlərimizin sayəsində bizə təhkim olunan silahlar haqqında biliklərimizi təkmilləşdiririk. İctimai-siyasi hazırlıq dərslərində hərbi biliklərimizi, dünyagörüşümüzü artırır, Vətənimizin hərb tarixini dərindən öyrənirik. Digər məşğələlər kimi, bu dərslərdə də həvəslə iştirak edir, qrup rəhbərimizin danışdıqlarını diqqətlə dinləyir, lazımi qeydlər aparırıq. Hər dərsdə yeni-yeni məlumatlar əldə edirik. Bütün bunlar cəmiyyətimizə layiqli vətəndaş kimi yetişməyimizdə müstəsna rol oynayır”.
- Yeni mövzuya başlamazdan əvvəl qrup rəhbərimiz ötən dərsin mövzusunu sual-cavab edir, - əsgər Pərviz Qubadov dedi. - Komandirimiz verdiyimiz cavablar nəticəsində qiymətləndirmə aparır. Hamımız çalışırıq ki, keçirilən dərsləri dərindən mənimsəyərək yaxşı qiymətlər alaq. Asudə vaxtlarımızda Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, Azərbaycan əsgərinin göstərdiyi şücaətdən danışırıq. Komandirlərimizdən çoxu torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərin iştirakçısıdır və Ali Baş Komandanın müvafiq sərəncamları ilə orden və medallarla təltif olunublar. Rəşadətli ordumuzun düşmənə endirdiyi zərbələrdən ibarət qısametrajlı filmləri izləyir, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin döyüş yolunu yaxından öyrənirik. Fəxr edirik ki, Vətənimizin azadlığını şəxsi mənafeyindən üstün tutan komandirlərlə çiyin-çiyinə xidmət edirik".
Əsgərlər Saleh Nağıyev və Tahir Əliyev Suqovuşan istiqamətində gedən döyüşlərin iştirakçılarıdır. Əsgər yoldaşlarımıza xidmətlərində ayıq-sayıq olmağı, hərbin sirlərinə dərindən yiyələnməyi, təmkinli olmağı və hərbi formanı daim səliqəli daşımalarını tövsiyə edirəm. Bu gün biz işğalda olan torpaqlarımızı azad edib, ərazi bütövlüyümüzü bərpa etdik. Bundan sonra da bilik və bacarıqlarımızı artırmalı, hər an döyüşə hazır olmalıyıq. Unutmamalıyıq ki, biz qalib xalqın qalib əsgərləriyik", - deyə əsgərlər bildirdilər.

Ruslan HƏSƏNZADƏ "Azərbaycan Ordusu"