Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyul 2021 10:00

Çiçəklərin ləçəkləri Zəfər qoxuyur

Ötən ilki payızın ruhundan cücərmişdi deyə, bu yaz bir başqa yaz oldu.
2016-cı ilin aprelindən üzü bu yana hər il könlümüz yaz fəslinə köklənirdi; döyüş əzminə görə, qələbə ruhuna görə, Mübarizləşən, Çingizləşən oğulların qəhrəmanlıq ruhuna görə, Lələtəpə, Bayraqtəpə ucalığına görə, bir də torpaqlarımızın işğaldan azad ediləcəyi inamına görə…
Ötən ilin payızı 2016-cı ilin aprel ovqatıyla başladı. O payız ruhumuzu telləndirdi, min illərin dövlətçilik qətiyyətini kükrətdi, qəhrəmanlıqları dilləndirdi. Günnüt döyüşlərinin, Tovuz döyüşlərinin davamı olacaq döyüşlərin erməniliyi sonlandıracağı inamı səmavi işığa dönmüşdü, Azərbaycan əsgərinin döyüş yolunu güllə, mərmi məsafəsiycə işıqlandırırdı…
Ötən ilin payızının bu ilin yayında yaşadılan ovqatı son yüz illərdə yaşanılmamışdı. Bu ovqat Vətən ovqatıdı, Vətənin arzuladığı, Azərbaycan Ordusunun qüdrətiylə nail olduğu Zəfər ovqatıdı. Vətən müharibəsində qazanılan Zəfərin coşqusu yaşanıldığı anlarla sonlana bilməzdi. Bu ovqat yeddi aydı elə noyabrın 8-i kimi yaşadılır. Bu yaşadılma tarixin cığırdaşı olacaq...
2020-cı ilin avqustun sonlarında Birinci Qarabağ müharibəsindən tanıdığım ehtiyatda olan polkovnik-leytenant Bəhram Ləzimovla kəlmələşirdik. Döyüşlərdən danışmışdıq, tarixə görk olan qəhrəmanları xatırlamışdıq, kövrəklik qarışıq qürurla, qürur qarışıq kövrəkliklə qəhrəmanlıqları xatırlamışdıq. Onda Ali Baş Komandanın əmriylə başlayacaq döyüşlərin nəticəsinə inam - Qələbə xalqın da, ordu sıralarından tərxis olunmuş zabitlərin, əsgərlərin də ruhunun can ortağı - ruh ortağı idi. Onda 2016-cı ilin Aprel döyüşlərinə görə bir atalar sözünü xatırlamışdıq: "Su axan yerdən bir də axar"...
Bir aydan sonra mahiyyət baxımından dediyimiz "sular çağladı", Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam etdi - Azərbaycan əsgəri ermənilərin illərlə qurduğu, yaratdığı, möhkəmləndirdiyi müdafiə sədlərini darmadağın etdi, ilk mövqe qələbələri qazanıldı. Bu, həm ordunun Sərkərdəyə inamının, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, həm də vətənsevərliyinin nəticəsiydi...
Düşmənin illərlə möhkəmlətdiyi müdafiə səddi darmadağın edildi...
Sonra rayonlar işğaldan azad edildi...
İşğaldan azad edilmiş ərazilərimizdəyik. Göz görür, könül bulanır...
Əsgərlərin əhatəsindəyəm.
Ötən ilin payızına kimi ön xətdə, səngərlərdə əsgərlərlə döyüş növbətçiliyinin mahiyyətindən danışardıq, əsgərlərin döyüş əzmindən, qələbə ruhundan danışardıq. İndi ön xətt yoxdu, səngər yoxdu - Azərbaycan əsgəri səngərləri sərhədlərə köçürdü. Yadıma "Torpağım bəsdi mənə!" poemasında yazdığım misralar düşür, onları əsgərlərə də xatırladıram. Kəndləri, evləri dağıdılmış Ana deyir ki:
daha qaçqın deyiləm,

Torpağım bəsdi mənə!
Misralar əsgərlərin baxışlarını tündləşdirir. Tündləşən baxışlardan bir inam da dikəlir - ermənilik bu torpaqlardan tamamilə silinəcək, qara ləkə kimi tarixdə qalacaq. Dünya ictimaiyyəti gördü ki, ermənilər (əslində, ermənilik!) təkcə xalqımızın deyil, həm də bəşəriliyin düşmənidi.
- Əsgərlərimiz indi də döyüş növbətçiliyi aparır. Bu növbətçilik Vətən müharibəsindən əvvəlki döyüş növbətçiliyindən fərqlənir. Əvvəllər bu növbətçiliyin mahiyyəti Ali Baş Komandanın əmri ilə döyüş növbətçiliyindən döyüşə səngərdən getmək niyyəti idi. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na kimi döyüş növbətçiliyi olmadı. Ermənilik səbəbindən davam edən müharibəyə görə. Zəfərdən sonra aparılan döyüş növbətçiliyinin mahiyyəti ərazi bütövlüyümüzü qorumaqdır. Əsgərlərimiz vəzifə borcunu böyük məsuliyyətlə, cəsarətlə yerinə yetirirlər.
Zabit Ruslan Novruzov deyir ki, Vətən müharibəsində bu əsgərlərin əksəriyyəti döyüşdü. Onlar da Vətən müharibəsindən əvvəl deyirdilər ki, biz Vətənin, Vətənə görə döyüş növbətçiliyinin əsgəriyik, döyüş növbətçiliyimiz - döyüş əzmimizin, qələbə ruhumuzun. Onlar bu ruhla döyüşdülər.
Əvvəllər buralarda ermənilik sürünürdü.
Əvvəllər buralardan əsgərlərimizin döyüş növbətçiliyi apardığı səngərlər, mövqelər atəşə tutulurdu. İndi ermənilər də, ermənilik də buralardan çox-çox uzaqlara - dövlət sərhədlərimizin o üzünə atılıb...
Ötən ilin noyabrına kimi torpaqlarımızı işğaldan azad etmək üçün əsgərlərimiz buralara da mərmi, güllə atırdı, indi mərmi qəlpələrinin yaraladığı torpaqlardan o tərəfi nəzarətdə saxlayırlar...
Sonra Zəfər qazanıldı.
Vətən müharibəsindən əvvəl "Vətən müharibəsində atılacaq sonuncu güllə erməniliyin sonu olacaq. Xalqımız neçə-neçə döyüşdə düşmənlərini məğlub edib, bu döyüşdə qazanılacaq qələbə daha möhtəşəm qələbə olacaq. Bu qələbə təkcə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnməyəcək, həm də dünyanı dağılmağa sürükləyən bir terror şəbəkəsinin məhvi kimi xatırlanacaq", - demişdim. Döyüşçülər mərmi səsləri gələn səmtə, sonra komandirə baxmışdı. Mənə elə gəlmişdi ki, hamısı döyüş əmri gözləyir...
Qələbədən sonra indi döyüşlər gedən ərazilər də əkilib-becəriləcək, müharibənin izi torpaqda deyil, tarixdə qalacaq. Erməniliyin bu torpaqlardan silinəcəyi tarixi bəşəri dövlətlər dərin ehtiramlarla xatırlayacaq. Bir işğalı sonlandıran tarix kimi, bir terror sistemini dağıdan tarix kimi...
Zabit Mirsadıq Zeynalov deyir ki, dediyiniz ovqatı bizim əsgərlərimiz də yaşayıb. O vaxtlarda əsgərlərimizdən bir fikir eşitmişdik: "Elə bil günlərin ömrü uzanıb...". Bu fikir döyüşə getməyin, işğalı sonlandırmağın intizarıydı. Əmr də verildi, döyüşə də qoşulduq, qələbə qazananların sırasında olduq.  
İşğaldan azad edilmiş torpaqların yaralarından boy göstərən bəstəboy çiçəklərin rəngi-rufu gözümdə də, könlümdə də düşündürücü qəribəlik, başaçılmazlıq yaradır - görəsən 29 ildə bu yerlərin çiçəkləri beləmi cücərirmiş, bir-birinə beləmi mətərislənirmiş, birinin ləçəkləri digərinin ləçəklərindən beləmi şəbnəm içirmiş?
Bayaqdan bəri gözlərimi çəkən çiçəklər bu il dərilməyəcək. Həmin çiçəkləri dərməyə əsgərlərin də əlləri gəlməyəcək. İllərlə bu çiçəklərin həsrətini çəkən torpağa sevgiyə görə, bu sevgini kükrədən Zəfərə görə, bu tarixi Zəfərin işığının dünyəviliyinə görə...
Bu il torpağından üzülməyən çiçəklərin ləçəkləri saralacaq, bu görkəmində də torpağın illər çəkən sıxıntılarının məlhəmi olacaq. Həmin çiçəklərin də ətri indi Zəfər qoxuyur. Bu inam da bu tarixi Zəfərin hökmüdü. Əsgər Rübail Soltanlı deyir ki, hərəmiz buradan bir çiçək dərəcəyik. Onu ən çox sevdiyimiz kitabın arasına qoyacağıq.
Rübailin fikirləri də, əsgər Elşad Şəlimovun fikirləri də könlümüzə yatır. Kəlmə kəlmənin, fikir fikrin bənzəridi:
"Həmin çiçəklər 29 ilin xiffətini unudulmağa qoymayacaq, Zəfəri də, Zəfəri qazananları da illərlə yaşadacaq”.
Rübailin də, Elşadın da fikirlərini zabit Ruslan Novruzov tamamlayır:
- Yeniyetməliyimizdə çöllərdən biz də çiçəklər dərərdik. Onların gözəlliyini payızda da, qışda da yaddaşlarımızdan mənzilimizə belə köçürərdik - təbiət müəllimimiz buna herbari deyərdi, yəni, çiçəkləri dərildiyi günün rəngində qurutmaq, saxlamaq təkcə təbiəti deyil, Vətəni sevməkdi....
Əsgər Səyyad Mirzəyev əsgər yoldaşlarının da, zabitin də fikirlərinə söykək kimi deyir ki, Vətən müharibəsində qolumdan yaralandım. Döyüşçü yoldaşlarım məni döyüşdən çıxartmışdılar. İlkin tibbi yardımdan sonra hospitala göndərmək istəmişdilər. Hərbçi kimi əmri yerinə yetirməliydim. Ancaq bunu bacarmayacaqdım. Göndərməsinlər deyə ciddi xahiş etdim. "Qələbəyə kimi döyüşmək istəyirəm, komandir. Ehtiyac olarsa, qələbədən sonra müalicə olunaram...", - dedim. Komandirimiz xahişimi yerə salmadı. Qələbəyə kimi döyüşdüm. Əsgər yoldaşlarım çiçək dərməkdən danışdı. Mən üç çiçək dərəcəm. Birini anama aparacam, birini təbiət müəllimimizə, birini özümə saxlayacam. Vətən müharibəsindən, döyüşlərdən, Zəfərdən xatirə kimi...
Daşı daş üstə qalmayan evlərə baxırıq. Bir vaxtlar döyüşə görə avtomat qundağı sıxan barmaqları ovcumda isitmək istəyirəm.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir kəlamını xatırlayırıq:
"...Bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal edilmiş və azad olunmuş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır". Dövlət başçısının bu kəlamlarını işğaldan azad edilmiş ərazidə əsgərlərimiz böyük, çox böyük quruculuq işlərinin başlanğıcına düşən aydınlıq işığı bilirlər...
Çiçəklərin ləçəkləri zəfər qoxuyur...

Rəşid HÜSEYNOV əməkdar jurnalist