Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyul 2021 10:00

Zabit atanın zabit oğlu

Son iki yüz ildən bəri Azərbaycan xalqı, ərazilərimiz hissə-hissə, zaman-zaman yadellilərin işğalına məruz qalıb. Ermənilər çar Rusiyası dönəmində Azərbaycanın qədim ərazilərinə kütləvi şəkildə köçürüldülər. Yoxdan onlara dövlət yaratdılar və Azərbaycanın əraziləri hesabına erməni dövlətinin ərazisinin böyüdülməsi üçün hər zaman dəstək oldular. Ötən əsrin sonlarında xaricdən güc alan erməni vandalları daha da azğınlaşaraq ölkəmizin daha böyük ərazilərini işğal etdilər. Lakin işğal faktı ilə xalqımız heç vaxt barışmadı. Əksinə, işğal altında olan ərazilərimizi azad etmək üçün dövlətimiz bu illər ərzində hərtərəfli, düşünülmüş addımlar atdı. Ötən ilin sentyabrında növbəti təxribatdan sonra xalqımızın da, dövlətimizin də səbri tükəndi.
Bəli, xalqımıza tarixi qələbəni yaşadan, döyüş meydanında düşməni ağır itkilərə məruz qoyan oğullar daim qəlblərdə yaşayacaqlar. Vətən müharibəsində elə cəsur döyüşçülərimiz də olub ki, onların keçdikləri döyüş yolundan çoxları xəbərsizdir. Belə oğullardan biri Vətən müharibəsinin başladığı ilk gündən Horadizdən Füzuliyə, Füzulidən Xocavəndə qədər zəngin döyüş yolu keçən və Qırmızı Bazar kəndi yaxınlığında  ağır yaralanan baş leytenant Ehram Rüfət oğlu Rəşidovdur.
Ehram Rəşidov Qax rayonunun Tasmalı kəndində hərbçi ailəsində dünyaya göz açıb. Özünü dərk edəndən atasını səhra geyimində görüb. Hərb sənətinə marağı oradan yaranıb. Yaxşı zabit, peşəkar hərbçi olmağı həmişə xəyalında canlandırıb. Bunun üçün gərəkli olan mənəvi, fiziki vərdişləri özündə daim inkişaf etdirib. O, hərb sənətinin nə qədər ağır və şərəfli olduğunu yaxşı dərk edirdi. İllər sonra Ehram arzusuna qovuşdu. Zabit ailəsində böyüməsi, zamanında atasının xidmət yerində peşəkar zabitlərdən görüb-götürdükləri onun köməyinə çatdı. Ehram hərbi nizam-intizamı mükəmməl  bilən və ona ciddi əməl edən bir zabit oldu.
Zabit Ehram Rəşidov Biləcəri qəsəbəsindəki 297 nömrəli tam orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına verib. 2016-cı ildə Akademiyanın məzunu olan Ehram Rəşidov hərbi xidmətə yollanıb. Əsgərlik dönəmində onun zabit peşəsinə rəğbəti daha da artıb. 2017-ci ildə ordu sıralarından tərxis olan Ehram həmin il sənədlərini Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı kursu”na təqdim edib. Kursu müvəffəqiyyətlə başa vuran leytenant "N" hərbi hissəsində motoatıcı taqım komandiri kimi xidmətə başlayıb.
Onun zabit mundirinə olan sonsuz məhəbbəti hərbi xidmətə başladığı ilk gündən hiss olunurdu. Tabeliyində olan şəxsi heyəti vaxtında təlim və praktiki məşğələlərə cəlb edirdi. Əsgərlərə komandir kimi taktiki, atəş, fiziki hazırlıq və başqa fənlər üzrə bilik və bacarıqlarını həvəslə aşılayırdı. Gənc zabit istəyirdi ki, tabeliyində olan şəxsi heyətin döyüş hazırlığı daim yüksək olsun.
Torpaqlarımızı erməni işğalından azad etməyin məqamı çatanda ilk döyüşə atılanlardan biri də zabit Ehram Rəşidov olub. Ötən il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı altında rəşadətli ordumuz düşmən hücumunun qarşısını alaraq əks-hücuma keçdi. Döyüş əməliyyatlarının başladığı ilk gündən baş leytenant Ehram Rəşidovun xidmət etdiyi hərbi hissə cəbhənin Füzuli istiqamətinə dislokasiya edildi. Onlar həmin andan məlum istiqamətdə hücuma keçdilər. Qısa müddətdə düşmənin ön xəttini yararaq onu ağır itkilərə məruz qoydular.  Baş leytenant Ehram Rəşidov dedi ki, döyüş başladığı gündən cəbhədə üstünlük bizdə olub. Erməni silahlıları nə qədər müqavimət göstərməyə çalışsalar da, cəsur və igid döyüşçülərimizin qarşısında davam gətirə bilməyiblər.
Baş leytenant E.Rəşidov komandiri olduğu bölmə ilə Füzuli, Cəbrayıl və Xocavənd şəhərlərinin, eyni zamanda, bir çox kənd və qəsəbələrin düşmən tapdağından azad olunmasında iştirak edib, şücaət göstərib.  Onun arzusu artıq gerçəkləşib. On illərlə erməni işğalında qalan Vətən torpaqlarının azadlığı yolunda  digər igid oğullarımız  kimi Ehram da öz töhfəsini verib. Döyüşlər Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa ətrafında gedəndə Qırmızı Bazar yaxınlığında növbəti döyüş tapşırığını icra edən baş leytenant Ehram Rəşidovun da olduğu mövqe düşmənin artilleriya hücumuna məruz qalır. Düşmənin minaatandan atdığı mərmi gənc zabitin olduğu əraziyə düşür, o, baş və ayaq nahiyəsindən ağır yaralanaraq huşunu itirir. Silahdaşları dərhal onu döyüş meydanından çıxarırlar.
Cəsur döyüşçü döyüşlərdə aldığı ağır xəsarətlərə görə bu gün də əziyyət çəkir. Lakin o buna təəssüflənmir, deyir ki, yenə ordu sıralarına qayıdacam. Neçə illərdən bəri erməni tapdağı altında qalan torpaqlarımızı azad etdik və məğlubiyyətimizə son qoyduq. Biz də sonda igid döyüşçümüzə tezliklə sağalıb xidmət yerinə qayıtmağı arzulayırıq.
Vətən müharibəsində göstərdiyi şücaətlərə görə baş leytenant Ehram Rəşidov Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" və 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunub. Zabit atanın zabit oğlunun düşüncələri könlümə  yatdı.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"