Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyul 2021 10:00

Şəhidlərə ehtiramımız əbədidir

Vətən müharibəsi Zəfərlə başa çatdı. Bu müharibənin bütün çalarları milli-xəlqi ruhun qələbəsi idi. Bu qələbə dünyanı heyrətləndirdi. 2020-ci ilin noyabrın 8-nə kimi Azərbaycan Ordusunun torpaqlarını işğaldan azad edə biləcəyinə inanmaq istəməyən dövlətlərin gümanları çilik-çilik oldu. Düşmən də, onun havadarları da gördü ki, Azərbaycan Ordusu güclü ordudur, bu ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı da döyüş hazırlığı kimi yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq". Mərdliklə döyüşüb belə qazanılan Zəfəri görməyənlərə ehtiramımız əbədidir. Şəhidlər müqəddəsdir. Müqəddəslik uğrunda şəhid olanlara ehtiramımız da müqəddəs ehtiramdır...
Şəhid adlarının əbədiləşdirilməsi dövlət səviyyəsində tənzimlənir. Yerli icra orqanları da şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində müəyyən təşəbbüslər həyata keçirir. Su həyat deməkdir. Yozumu həyat olan suya insanların həssas münasibəti var. Bu anlamda bulaq da beləcə müqəddəsləşir - şəhid adı verilməklə, şəhid adına abadlaşdırılmaqla, yenidən qurulmaqla...
Cavid Əliyev Tovuz rayonunun Qəribli kəndində anadan olmuşdu. Vətən müharibəsində mərdliklə döyüşmüşdü. Zəfər günündən əvvəl şəhid olmuşdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra medallarla təltif edildi...
El sevgisi böyük ehtiramın təzahürüdür. Tovuz rayonunun Qəribli kəndinin mərkəzində şəhid Cavid Əliyevin xatirəsinə Şəhid bulağının açılışı oldu - adlandırmadan sonra ilk su qabı onun adına dolduruldu...
Tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın sərkərdəlik qüdrətindən, döyüşlərdən, döyüşçülərin şücaətindən danışdı. Qeyd etdi ki, Tovuzdan olan döyüşçülər də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə qətiyyətlə, şücaətlə vuruşdular. Cavid Əliyev də belə döyüşdü. Şəhid oldu Cavid. Bundan sonra onun adına axacaq bulaq da istər bu kəndin camaatının, istərsə də kəndin qonaqlarının ehtiramının ifadəsi olacaq.
El ağsaqqalı Məlik Əliyev çıxışında dedi ki, min illərdi el arasında belə bir alqış var: "Su qədərincə ömrün olsun". Bu alqışı "Cavid bulağı"nın adlandırılmasında əməyi olanların hamısına ünvanlayırıq. Gözəl arzudu. Hamı bu arzuya qoşuldu....
Cavanşir Hacıyev də, Afiq Mirzəyev də çıxışlarında Qəribli kəndinin sakinləri adından şəhidlərə bu səviyyədə ehtirama görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi Ceyhun Əliyev çııxışında belə tədbirlərin yeniyetmələrin vətənpərvərlik ruhunun daha da yüksəldilməsində əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, şəhid Cavid Əliyev də zamanında şəhidlərə ehtiram görüb. Onun da Vətən sevgisi yüksək səviyyədə olub. Belə oğullarla hamımız qürrələnirik...
Birinci Qarabağ müharibəsində şəhid olmuş Xanoğlan Əkbərovun anası Fazilə Əkbərovanın bayatısı hamını duyğulandırdı:
Analar anar ağlar,

Dərdini sanar, ağlar.

Dönər ağ göyərçinə,

Yollara qonar, ağlar...
Şəhid anası fikrini belə tamamladı:
- Oğullar Vətən üçün şəhid olurlar. Vətən olmayandan sonra biz nəyə lazımıq, oğullarımız nəyə lazımdır. Oğullarımıza qardaş olan qazilərimiz oğullarımızın yolunu qətiyyətlə davam etdirdilər. Bu gün burada, şəhid balamız Cavidin bulağının başında bir daha şükranlıqla deyirəm: Vətən, gözün aydın, torpaqlarımız işğaldan azad edildi. Qoy düşmən də bilsin ki, Azərbaycanda şəhid anaları daha ağlamırlar...
Cavidin əmisi Vahid Əliyev şəhidə bu ehtirama görə rayon rəhbərliyinə və kənd bələdiyyəsinə, tədbir iştirakçılarına ailələri adından minnətdarlığını bildirdi.
Yay olsa da, şəhidə ehtiram kimi tədbirə kənd məktəbinin şagirdləri də gəlmişdilər. Onlar şəhid Cavid Əliyevin timsalında Vətən uğrunda şəhid olanlara, Vətənə həsr olunmuş şeirlər səsləndirdilər.
 
Mübariz MUSAYEV "Azərbaycan Ordusu"