Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyul 2021 10:00

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının əsas istiqamətlərindən birini hərbi təhsil sahəsində əlaqələr təşkil edir. Bu əlaqələrin əsası 1992-ci ilin avqustunda "Qarşılıqlı hərbi təlim-təhsil haqqında müqavilə" və 1996-cı ilin iyununda "Hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq haqqında saziş"in imzalanması ilə qoyulub və bu əlaqələr hazırda da uğurla inkişaf etməkdədir. Son illərə qədər minlərlə azərbaycanlı zabit Türkiyə hərbi məktəblərində təhsil alıb və almaqdadır. Bu gün iki ölkənin xüsusi təyinatlı təhsil müəssisələri arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur.
Azərbaycan-Türkiyə hərbi münasibətlərinin digər əsas istiqamətini hərbi-texniki əməkdaşlıq təşkil edir. İki ölkə arasında mövcud sahədə əməkdaşlıq haqqında müqavilə ilk dəfə 2000-ci ilin sentyabrında imzalanıb. 2010-cu ildə imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"nin "Hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri" bölməsinə əsasən, tərəflər müdafiə ehtiyacları və təhlükəsizliyi üçün müdafiə təyinatlı məhsulların və maddi-texniki vasitələrin təchizatı, müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı, müdafiə təyinatlı xidmətlərin təqdim edilməsi sahəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Ölkələrarası hərbi-texniki əməkdaşlığa hərbi silah və sursatların istehsalı üzrə birgə layihələrin həyata keçirilməsi, birgə müəssisələrin yaradılması, hərbi məhsulların idxalı və ixracı, müdafiə sərgilərində iştirak və s. daxildir. Mövcud sahədə əməkdaşlıq hər iki ölkənin marağındadır. Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 2017-ci ilin oktyabrında keçirilən 6-cı iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan üçün Türkiyə ilə hərbi-texniki sahədə əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin maraq kəsb etdiyini vurğulayaraq deyib: "...Hərbi-texniki sahədə birgə fəaliyyətimiz davam edir. Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün böyük maraq kəsb edir. Biz Türkiyədən hərbi təyinatlı məhsulları alırıq və bundan sonra da alacağıq". Məhz həmin iclasın yekununda Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması mövcud sahədə tərəflərarası əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoymasına şərait yaratmış oldu.
2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir. İki ölkənin orduları arasında keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır.
Təlimlər, ümumiyyətlə, bölgəyə sülh və əmin-amanlıq gətirir, dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə yardımçı olur. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev ötən il Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, təlimlərin keçirilməsi əlamətdar hadisədir və hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.
Belə təlimlərdən biri müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartalı-2021" beynəlxalq taktiki-uçuş təlimi sona çatıb.
Bununla yanaşı, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən "Mustafa Kamal Atatürk-2021" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərinin son mərhələsi hər iki ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə baş tutub.
Keçirilən təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə edildikdən sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktiki icrasını müşahidə ediblər.
Azərbaycan və Türkiyə ordularının təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.
Birgə təlimlər müvəffəqiyyətlə başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və xatirə şəkli çəkdiriblər.
Göründüyü kimi, Türkiyə bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır. İki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, birgə keçirilən hərbi təlimlərin sayının artması bunu söyləməyə əsas verir. Hərbi əməkdaşlığın bütün sahələrini əhatə edən bu əlaqələr iki ölkənin orduları arasında sıx münasibətlərin qurulmasına xidmət edir və ən başlıcası, bu əlaqələrin yüksələn xətlə inkişaf etməsi regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

"Azərbaycan Ordusu"