Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2021 10:00

“Hərbi xidmət vətəndaşlıq borcumuzdur”

Rəşadətli Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını şərtləndirən amillərdən biri də şəxsi heyətinin bacarığı və nümunəvi xidmətidir. Bu gün ordumuzun sıralarında xidmət edən gənclər vəzifə borclarına məsuliyyətlə yanaşır, ordumuzun adına layiqli əsgər kimi xidmət edirlər.
Mütəmadi olaraq qəzetimizdə dərc olunan "Nümunəvi xidmət" rubrikasının bu dəfəki qəhrəmanı "N" hərbi hissəsində xidmət edən əsgər Pərviz Bağırovdur. Xidmət etdiyi bölmədə kollektiv onun işgüzarlığından, nizam-intizamından ağızdolusu danışdı. Pərviz səmimiyyəti, müsbət əxlaqi keyfiyyətləri ilə kollektivin sevgisini və rəğbətini qazanıb. Onu yaxından tanımaq və tanıtdırmaq məqsədilə həmsöhbət olduq.
Pərviz Bağırov 1996-cı il dekabrın 25-də Şamaxı şəhərinin Sabirli kəndində  anadan olub. Atası Füzuli kişi polis əməkdaşı olub. Pərviz doğulduğu kənddə tam orta təhsilini başa vurduqdan sonra Turkiyə Cümhuriyyəti Sakarya Dövlət Universitetində bakalavr pilləsi üzrə təhsil alıb. Ali təhsilini davam etdirən Pərviz İstanbul şəhərində magistraturaya qəbul olur. Lakin təhsilini donduraraq əsgəri xidmət keçmək üçün Vətənə qayıdır. Hər bir azərbaycanlı gənc kimi, o da Vətən qarşısında övladlıq borcunu layiqincə yerinə yetirməyin arzusunda idi. Dövlətimizlə və ordumuzla qürur duyduğunu bildirən Pərviz, qalib ordunun əsgəri olmağın ikiqat qürur yaşatdığını bildirdi. "Arxa cəbhədə xidmət etdiyim üçün döyüşlərdə iştirak edə bilmədim. Lakin hər an cəbhəyə yollanmaq üçün komanda gözləyirdim. Bizə bu tarixi zəfərin sevincini yaşadan bütün zabit, gizir, əsgər qardaşlarıma minnətdaram. Bu müqəddəs yolda şəhid olan həmvətənlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirəm. Onlar hər zaman fəxrlə, qürurla danışacağımız şanlı tarix yazdılar. Bizim də borcumuz onları qəhrəmanlıqları ilə gələcək nəsillərə tanıtdırmaqdır".
Artıq xidmətinin son günlərini yaşayan Pərviz, komandirlərinin də müsbət rəyini qazanıb. Verilən bütün tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyinə görə komandirləri ondan razılıq edirlər. Bir neçə dəfə də komandanlıq tərəfindən nümunəvi xidmətinə görə fəxri fərmanla da mükafatlandırılıb. “Hərbi xidmət hər bir gənc üçün vacibdir”, - deyən Pərviz, xidməti dövründə bir çox müsbət keyfiyyətlər qazandığını vurğuladı. Hərbi xidmətdə gənclərin həm də cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşdığını bildirdi. "Əsgəri xidmət biz gənclərin vətəndaşlıq borcudur. Bu borcu da qalib ordumuzun adına layiq yerinə yetirmək, nümunəvi xidmət etmək hər birimizin mənəviyyat borcudur".

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"