Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2021 10:00

“Şəhidlər bulağı”nın açılış mərasimi keçirildi

Hacıqabul rayonundakı şəhid Ayaz Baxşəliyev adına Şorbaçı kənd tam orta məktəbinin həyətində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə ucaldılan "Şəhidlər bulağı"nın açılışı oldu. Mərasimdə yerli icra orqanlarının əməkdaşları, şəhid ailələrinin üzvləri, orta məktəbin müəllim və şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri, müharibə əlilləri və veteranlar iştirak etdilər.
İlk öncə şəhid anaları müqəddəs üçrəngli bayrağımızın müşayiəti ilə məclisə dəvət edildi və bu məqam tədbir iştirakçılarında duyğulu anlar yaşatdı.
Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Məktəbin direktoru Kamal Əsgərov çıxışında bildirdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan oğullarımızın xatirəsi daim yaddaşlarda qalacaq. "Məhz onların göstərdiyi şücaət nəticəsində torpaqlarımız bu gün işğaldan azad olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Azərbaycan Ordusu uzun illərdən sonra düşmən üzərində böyük qələbəni qazandı. Şəhidlərimizin qanı yerdə qalmadı. Bu gün açılışı olan "Şəhidlər bulağı" abidəsi torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan kəndimizin 14 nəfər zabit və əsgərinin simasında bütün şəhidlərimizin şərəfinə ucaldılıb".
Tarix müəllimi Əlimövsüm Həsənov Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs etdi. "Bu gün bizim üçün qürur, fəxarət və qələbəyə inam günüdür. Vətən müharibəsində əldə etdiyimiz qələbə tarixə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı Aprel və Günnüt zəfərlərindən sonra yenidən qələbə sevincini yaşadı. Fəxrlə qeyd edirik ki, bu gün Azərbaycan müasir, inkişaf etmiş, qarşıya qoyulan bütün hədəflərə nail olmağa qadir bir orduya malikdir. Bu ordunun dayağı Azərbaycan xalqıdır".
"Hacıqabul" qəzetinin əməkdaşı Nazim Zeynalov çıxışında xalqımızın şəhidləri ilə qürur duyduğunu vurğuladı: "Şəhidlər bir daha sübut etdilər ki, bu torpaqlar bizimdir. Şəhid ailələri öz övladlarını Vətən uğrunda qurban verir və "Vətən sağ olsun" deyirlər. Bu gün xalq və ordu bir yerdədir. Bu birliyin sayəsində torpaqlarımız işğaldan azad edildi".
Kənd ağsaqqalı Elmağa Əkbərov bildirdi ki, şəhid ailələri dövlət tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunur, şəhid adının əbədiləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. "Xalqımız da şəhidlərin xatirəsini uca tutur, şəhid ailələrinə hər zaman diqqət və qayğı ilə yanaşır. Şəhidlərin xatirəsinin uca tutulması xalqımızın tarixən formalaşdırdığı milli-mənəvi dəyərlərin mühüm tərkib hissəsidir".
Din xadimi Əhməd Ağayev İslam dinində "Vətən" və "şəhidlik" məfhumlarının əvəzolunmaz müqəddəslərdən sayıldığını vurğuladı, eyni zamanda, dinimizin Vətəni, dövləti və ailəni qorumağı insanların başlıca vəzifəsi hesab etdiyini diqqətə çatdırdı.
Məktəbin müəllimi Əmrah Əmrahov Vətən müharibəsində qazanılan tarixi Zəfərin  Azərbaycan xalqının yaddaşında qürur günü kimi xatırlanacağını qeyd etdi.
Şəhid baş leytenant Ruslan Rüstəmovun qardaşı, məktəbin müəllimi Salman Rüstəmov, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Nəriman Ağayev və digər çıxış edənlər də milli-mənəvi dəyərlər sistemində Vətən sevgisinin başlıca dəyərlərdən biri olduğunu, bu dəyər olmadan hər hansı dövlətin çiçəklənməsinin, hətta ayaqda durmasının mümkün olmadığını qeyd etdilər.
Şəhidlərin ailə üzvləri Şükran Tarıverdiyeva, Pərişan Abdulrəhmanova onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə və "Şəhidlər bulağı" abidəsinin ucaldılmasında zəhməti olan şəxslərə, o cümlədən Asif Pirişova və Ceyhun Əsgərova minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda, Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin daima qəlblərdə yaşayacağını, onların göstərdiyi fədakarlıqların, qəhrəmanlıqların heç zaman unudulmayacağını bildirdilər.
Sonra tədbir iştirakçıları şagirdlərin ifasında şeirlər dinlədilər onların hazırladıqları döyüş səhnələrini izlədilər.
Tədbirin bədii hissəsi başa çatdıqdan sonra Bayatı-Şiraz təsnifinin sədaları altında Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin adlarına inşa edilən "Şəhidlər bulağı"nın açılış mərasimi həyata keçirildi. Şəhidlərin ruhuna dualar oxundu, əziz xatirələri ehtiramla yad edildi.

Məhəmməd ƏLİYEV fotolar Rəşad ƏMRAHOVUNDUR "Azərbaycan Ordusu"