Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyul 2021 10:00

Texnikanın sazlığına və döyüşə hazır vəziyyətdə olmasına xüsusi diqqət yetirilməlidir

Müasir müharibələrin ən təsirli döyüş texnikalarından biri də tanklardır. Vətən müharibəsində də tankçılarımız idarə etdikləri texnikalarla döyüşün gedişatında silinməz izlər qoydu. Onlar düşmənin illərdir yaratdığı mifi yerlə-yeksan etdilər.
Döyüş meydanında qarşıya qoyulan tapşırığın öhdəsindən layiqincə gəlmək üçün tanklar xüsusi qulluq tələb edir.
"N" hərbi hissəsində texnikalar üçün təyin olunmuş parkda tanka texniki qulluq göstərən bir qrup hərbi qulluqçu diqqətimizi cəlb etdi. Hərbi qulluqçular texnikaya baxış keçirərək, sıradan çıxmış hissələrini təzəsi ilə əvəz edir və digər lazımi tədbirlər görürdülər. Yaranmış fasilədən istifadə edib, hərbi qulluqçularla söhbətləşdik. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tural Hacıyev tanklara mütəmadi olaraq texniki qulluq göstərildiyini bildirdi: "Vətən müharibəsi göstərdi ki, hər an döyüşlərə hazır olmalıyıq. Buna görə də texnikalara və silahlara vaxtlı-vaxtında qulluq göstərilməli, onların sazlığına və daim döyüşə hazır vəziyyətdə olmasına xüsusi diqqət yetirilməlidir".
Hərbi qulluqçu qeyd etdi ki, komandirlərimiz bilik və bacarıqlarımızın təkmilləşdirilməsinə böyük əhəmiyyət verirlər. "Döyüş hazırlığı planına əsasən, hərbi qulluqçuların taktiki, texniki, atış və digər sahələrdə biliklərinin artırılmasına xüsusi diqqət yetirilir. Dərslərdə əldə edilən təcrübə sayəsində Vətən müharibəsində düşməni hər cəhətdən üstələyərək, məğlubiyyətə uğratdıq".
Növbəti həmsöhbətim müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rahib Tağıyev rəşadətli ordumuzun qələbəsi ilə yekunlaşan Vətən müharibəsinin iştirakçısıdır. Hərbi qulluqçu bildirdi ki, döyüşdə tankın heyəti vahid şəkildə hərəkət etməlidir. "Düşmən üzərində qələbə qazanmaq üçün sadəcə hərbin sirlərinə dərindən yiyələnmək kifayət etmir, tank heyəti arasında qarşılıqlı anlayış da olmalıdır. Keçirilən məşğələlər və təlimlər bizləri döyüş şəraitinə uyğunlaşdırıb. Bunun nəticəsidir ki, ordumuz əks-hücum əməliyyatına başlayan zaman qarşımıza qoyulan tapşırığın öhdəsindən layiqincə gəldik, qısa vaxtda xalqımıza Böyük Qələbənin sevincini yaşatdıq, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan qardaş və bacılarımızın qisasını aldıq. Bu gün bütün Azərbaycan xalqı qalib ordusu, onun sıralarında xidmət edən qəhrəman oğulları ilə fəxr edir".
Vətən müharibəsindən danışan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavad Xuduyev illərdir döyüşlərin başlamasını gözlədiyini vurğuladı. "Ordu sıralarında xidmətə başladığım andan bizi böyük qələbəyə aparacaq döyüşlərə hazırlaşırdıq. Döyüşlər başlayanda qalibiyyət uğrunda əlimizdən gələni əsirgəmədik. Çox sevinirəm ki, bu qələbədə hər birimizin payı oldu. Hamı qələbəni özünəməxsus şəkildə qeyd etdi. Fikrimcə, ancaq Şuşa şəhərində keçirilən "Xarıbülbül" beynəlxalq musiqi festivalı rəşadətli ordumuzun qazandığı qələbənin tacıdır.

Ruslan HƏSƏNZADƏ "Azərbaycan Ordusu"