Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyun 2021 10:00

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə şəhid zabitin xatirəsi yad edildi

C.Naxçıvanski adına Hərbi Liseydə 2016-cı ildə Aprel döyüşləri zamanı fədakarlıq nümunələri göstərərək, şəhidlik zirvəsinə ucalan baş leytenant Mirzə Novruzovun xatirəsi anıldı.
Xatirə tədbirində Hərbi liseyin bir qrup zabit, müəllim heyəti, kursantlar, şəhidin ailə üzvləri və başqa qonaqlar iştirak etdilər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan polkovnik Müslüm Nəsirov Hərbi liseyin rəisi general-mayor Bəkir Orucovun adından şəhidin ailə üzvlərinə səbir dilədi, belə mərd, qorxmaz, vətənsevər övlad böyüdən valideynlər qarşısında baş əydiyini və bu gün də Mirzə kimi oğulların davamçılarının minlərlə olduğunu dedi.
Vaxtilə şəhid zabitin kursant yoldaşı olmuş Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi mayor İlkin Qayıbov Mirzə Novruzovla bağlı xatirələrindən, keçdiyi qısa, lakin şərəfli ömür yolundan, liseyin kursantlarına və gənc nəslə örnək fədakarlığından, şücaətindən geniş söhbət açdı. Mirzənin xatirəsinin və adının daima qəlblərdə yaşayacağını vurğuladı.
Liseyin şəhid məzunu baş leytenant Mirzə Novruzovun digər kursant yoldaşları mayor Rüfət Bağırov və ehtiyatda olan baş leytenant Rasim Dərgahquluyev də onunla bağlı xatirələrindən danışdılar.
Xatirə tədbiri şəhid zabitə həsr olunan videoçarxın nümayişi ilə davam etdi.
Tədbirdə çıxış edən şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Hərbi liseyin şəhid məzununun xatirəsinə həsr olunan tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Qoşqar Qasımovun, Fərman Əsgərovun, gizirlər Günay Qasımovanın, Vüsal Ağayevin, Elçin Məmmədovun ifalarında hərbi vətənpərvərlik ruhlu, ordumuzun qələbəsinə və şəhidlərimizə həsr olunan mahnıların səsləndirilməsi ilə sona yetdi.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"