Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 İyun 2021 10:00

Əziz Şuşa, sən azadsan!

28 may 2021-ci il... Səhər saat 04:00 radələrində ruhumun Vətəni Şuşaya doğru yola çıxırıq. Daim sevinc, qürur və iftixar hissi ilə xatırlayacağım, ömrüm boyu unuda bilməyəcəyim tarixi həqiqəti görməyə, sevincli anların iştirakçısı olmağa saatlar qalıb deyə, yol boyu avtomobildə özümə yer tapa bilmirəm...
Bir saatdan sonra gecənin qaranlığından əsər-əlamət qalmır. Dünyada heç bir gözəlliklə müqayisə edə bilməyəcəyim, möcüzəvi təbiət tabloları məni uşaqlığıma aparır. Valideynlərimlə, doğmalarımla təxminən 34 il əvvəl mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın, muğam sənətimizin beşiyi, qeyrətimizin, milli kimliyimizin simvolu Şuşaya gəlişim, Cıdır düzü, İsa bulağı, Turşsu, Damcılı bulaq və gördüyüm bütün gözəlliklər, keçirdiyim hisslər incəlikləri ilə yadıma düşür.
Yol boyu Zəfər yolunun çəkilişində zəhmət çəkən insanlarla rastlaşırıq. Hərdən mənə elə gəlir ki, vaxt getmir, yol uzanır... Nə qədər mənə yol uzun gəlsə də, iki saat on beş dəqiqədən sonra, saat 06:15-də mədəniyyət paytaxtımıza çatırıq. Ruhumun şəhərinə çatanda düşünürəm ki, əsrarəngiz gözəlliyi görməyə aylarla, illərlə vaxt sərf edərdim. Onsuz da 28 ildi bu günü görmək üçün yol qət edirdik. Bu gün ömrümün Şuşa günüdü. Fikrimcə, həmin an yaşadığım sevinc hissini çatdırmağa, bu duyğunu ifadə etməyə  dünya dillərinin bütün söz və ifadələri acizdir. Ruhumla gözəllər gözəlini salamlayıram: Salam, əziz Şuşa! Gözün aydın olsun, Şuşasız bizim işimiz yarımçıq qalar deyən və verdiyi bütün vədlər kimi, bu vədini də ən qısa müddətdə yerinə yetirən Müzəffər Ali Baş Komandanımızın, rəşadətli ordumuzun, qəhrəman oğullarımızın, yumruq kimi birləşərək məqsədinə doğru bir addım geri çəkilməyən xalqımızın sayəsində bu gün azadsan! Bu gün onların sayəsində 28 ildən sonra tarixi günün sevincini yaşayırıq, Şuşa qalasında müqəddəs üçrəngli bayrağımızın dalğalanmasının şahidi oluruq, Gövhər ağa məscidində azan səsi eşidirik, Cıdır düzünü, İsa bulağını... seyr etmək imkanı qazanırıq.
Saat 08:00... Şuşa şəhəri İcra Hakimiyyəti binasının qarşısında qələbəlikdi. 28 ildən sonra 44 günlük Vətən müharibəsi qəhrəmanlarının sayəsində Azərbaycan xalqı arzusuna çatıb. Bu gün rəşadətli Azərbaycan Ordusunun hərbi qulluqçuları, dövlətimizin gücünü, əsgərlərimizin qüdrətini, xalq-iqtidar-ordu birliyini özündə əks etdirən təntənəli tədbirə şahidlik edir. Bu günün sevincini yaşamaq bizim haqqımızdır. Düşünürəm ki, o qədər böyük hərbi qulluqçunu əhatə etməsə də, ötən il Bakıda Azadlıq meydanında keçirilən Qələbə paradının davamıdı... Azərbaycan Ordusunun qüdrətinin mədəniyyət paytaxtımızda nümayiş olunduğu gündü... Bu gün biz yaddaşımızdan silinməyəcək bir tarix yaşayırıq, tarixi gündə yazılan tarixin bir zərrəsi, damlası, cümləsiyik. Bu gün Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalanmasını görüb qürur duyuruq. Bu gün əksər qoşun növlərinin təmsil olunduğu meydanı görmək, Azərbaycan Ordusunun əsgər və zabitlərinin ritmik marşın sədaları altında vüqarla, nizamla addımlamasına şahidlik etmək qəlbimi riqqətə gətirir. Onlar qanı və canı bahasına, şücaət göstərərək Şuşanı azad edib. Onların haqqıdı bu meydanda 28 May - Respublika  Günü münasibətilə keçirilən tədbirdə iştirak etmək.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimovun, birlik komandiri general-mayor Mayis Bərxudarovun, polkovnik Elşad Əbilovun, Şuşa rayonunun müvafiq dövlət qurumlarının əməkdaşlarının və hərbi qulluqçuların iştirakı ilə keçirilən mərasimə görə sanki, ana təbiət sevinir və iştirakçılara təşəkkür edir. Bu gün Şuşa qalası daha əzəmətli görünür, İsa bulağı daha gur çağlayır. Tədbirin ən yaddaqalan məqamı Şuşa şəhərində dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin şəhərin küçələrində təntənəli keçidi olur. Bu gün Pənahəli xan Cavanşirin, Xan qızı Natəvanın, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Mir Mövsüm Nəvvabın, Nəcəf bəy Vəzirovun, Cabbar Qaryağdıoğlunun, Əhməd bəy Ağaoğlunun, Əbdürrəhim bəy Haqverdiyevin, Bülbülün, Lətif Kərimovun, Niyazinin, Rəşid Behbudovun, Şirin Mirzəyevin, Ramiz Qəmbərovun, 44 günlük Vətən müharibəsində Şuşanın azad olunması yolunda canını fəda edən şəhidlərimizin... ruhları şaddır.
Üzeyir bəyin ruhu necə şad olmaya bilər ki, Azərbaycan Respublikasının Dövlət Himni, "Koroğlu" uvertürası 28 May - Respublika Günündə Şuşanın əzəmətli zirvələri, quşqonmaz qayaları ilə baş-başa, səs-səsə verib daha əzəmətli səslənir. Bu gün "Şuşa Azərbaycanın ən əziz və ən böyük tarixi olan bir guşəsidir" - söyləyən Ulu Öndərimizin ruhu şaddır, ona görə ki, vəsiyyəti yerinə yetirilib, Şuşa azaddır.
Keçid zamanı iki istiqamətdə - Şuşa qalası və Yuxarı Gövhər ağa məscidi istiqamətlərində hərəkət edən şəxsi heyətin "Qarabağ Azərbaycandır", "Vətən sənə canım fəda", "Hər şey Vətən üçün", "Şəhidlər ölməz, Vətən bölünməz", "Şuşa sən azadsan", "Azərbaycan Ordusuna eşq olsun" şüarlarını səsləndirməsi iştirakçılarda xoş ovqat yaratdı. İnsanlar bir ağızdan deyirdilər: Şuşa torpağında qədəmlərin mübarək olsun, şanlı ordum. Gözün aydın olsun, əzəmətli Şuşa Qalası, Yuxarı Gövhər ağa məscidi oğulların sizi ziyarətə gəlib.
Bu xoşbəxt günün sevincini birgə yaşadıqdan sonra tədbirin işıqlandırılmasında zəhməti olan Mövlan Nəsirzadə, Rəşad Əmrahov, Elnur Şəfibəyli, Elşad İsgəndərovla birgə Yuxarı Gövhər ağa məscidində olduq. Namaz qıldıqdan, şəhidlərimizin ruhuna dualar oxuduqdan sonra Cıdır düzünə qalxdıq. Tarixi məkanda Xarı bülbülü salamladıq: "Xoş gördük, Xarı bülbülüm... Ətrin gəlir, Xarı bülbül, dur ayağa, nazlı gül! Biz gəlmişik səni görməyə, ətrini duymağa, sənə bol-bol sarılmağa".
Əsrarəngiz gözəllikdən, bu gözəlliyin cazibə qüvvəsindən ayrılmaq çətin olsa da, Şuşayla, Cıdır düzüylə, Şuşa qalasıyla, Yuxarı Gövhər ağa məscidiylə, xarı bülbüllə sağollaşmaq məqamı yetişir.
Bu məqamda qulaqlarımda Müzəffər Ali Baş Komandanımızın xalqımızla paylaşdığı xitablar səslənir:
"Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!"
 
Məhəmməd ƏLİYEV "Azərbaycan Ordusu" fotolar Rəşad ƏMRAHOVUNDUR