Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyun 2021 12:30

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirildi

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər nümayiş etdirilib, konfranslar, "dəyirmi masa"lar, viktorinalar, eləcə də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, rayon mədəniyyət müəssisələri kollektivlərinin iştirakı ilə müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.
Tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə Nazirliyi Mətbuat Xidməti xəbər verir ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə azad edilmiş ərazilərimizdə dislokasiya olunmuş bölmələrimizdə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş bir sıra tədbirlər keçirilib.
Tədbirlərdə dahi rəhbərin həyat və fəaliyyəti, eləcə də Milli Qurtuluş Gününün tarixi haqqında şəxsi heyətlə geniş söhbətlər aparılıb. Xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə baş verən müsbət dəyişikliklər və Ümummilli Liderin bünövrəsini qoyduğu siyasi kursun bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən inamla davam etdirilməsi nəticəsində qazanılan uğurlar, ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin əhəmiyyəti xüsusi qeyd edilib.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdim etdiyi vətənpərvərlik mövzusunda musiqi nömrələri və Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin müəllim-şagird kollektivinin Azərbaycan əsgərləri üçün göndərdikləri bayram sovqatları şəxsi heyət tərəfindən minnətdarlıqla qarşılanıb.

 

*  *  *


Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Mərkəzi Hərbi Sanatoriyanın rəisi  tibb xidməti mayoru Mahir Məcidov, Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Azər Abbasəliyev, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan tibb-xidməti polkovnik-leytenantı Pərviz Məmmədov və Elşən Xudiyev çıxış edərək Azərbaycanın bugünkü çiçəklənməyində, iqtisadi inkişafında və hərbi nailiyyətlərində Ulu Öndərin əvəzsiz rolunu qeyd ediblər. Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş sənədli filmin nümayiş olunması ilə başa çatıb.

 

*  *  *


Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışının 28-ci ildönümünə həsr edilmiş tədbir keçirildi.
Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edənlər 15 İyun - Milli Qurtuluş Gününün tarixindən, Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə həyata keçirilən işlərdən və onun siyasi kursunun bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ordumuzun qazandığı tarixi qələbənin əhəmiyyətindən danışdılar.
Tədbirin bədii hissəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının incəsənət xadimlərinin iştirakı ilə rəngarəng konsert proqramları təqdim edildi.
Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar tədbir iştirakçılarına nümayiş olundu.
Sonda Ali Hərbi Məktəbin və Hərbi liseyin rəhbərliyi adından tədbirin keçirilməsində əməyi olanlara təşəkkür edildi və bir qrup əməkdaş fəxri fərmanla mükafatlandırıldı, xatirə şəkli çəkdirildi.
Elçin İMANOV "Azərbaycan Ordusu"

 

*  *  *


Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş kitab sərgisi təşkil olundu.
Sərgidə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən çoxcildlik əsərlər, onun xarici ölkələrə səfərlərindən, nüfuzlu beynəlxalq təşkilatlarda keçirdiyi görüşlərdən bəhs edən müxtəlif nəşrlər, Ulu Öndərin həyat və fəaliyyətinə dair foto-albomlar nümayiş etdirildi.
Sərgi haqqında məlumat verən kitabxana müdiri Zəminə Xınalı 1993-cü ilin böhranlı iyun günlərində xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin o vaxt respublikamızda baş alıb gedən özbaşınalığa, hərc-mərcliyə son qoymaq, vətəndaş müharibəsinin qarşısını almaq, Azərbaycan dövlətçiliyini qoruyub saxlamaq, ölkədə ictimai-siyasi sabitliyi bərqərar etmək və nəhayət, iqtisadiyyatı dirçəltmək və inkişaf etdirmək, respublikamızı dünyada tanıtmaq sahəsində gördüyü nəhəng işlərdən danışaraq bildirdi ki, Ulu Öndərimizin arzuları sonsuz idi. "Onun xalq qarşısında, tarix qarşısında ən böyük xidməti Azərbaycanı parçalanmaqdan, dövlətçiliyimizi məhv olmaqdan xilas etməsi oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı".
Kitabxana müdiri onu da vurğuladı ki, xalqımız Heydər Əliyevin qurduğu Azərbaycan dövlətçiliyini, ideyalarını onun ən layiqli, ən etibarlı davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevlə birlikdə böyük gələcəyə doğru aparacaqdır. Heydər Əliyevin nurlu dühası yolumuzu daim işıqlandıracaqdır. Azərbaycanın xilasına gedən yol Heydər Əliyev yoludur, xalqımızın Milli Qurtuluş yoludur. Bu yola həsr etdiyimiz sərgi oxucularımızın yolunu gözləyir".
Sərgi bir həftə davam edəcək.
Günay TAĞIYEVA "Azərbaycan Ordusu"

 

*  *  *


"N" hərbi hissəsində Milli Qurtuluş Günü münasibətilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan baş leytenant Fərahim Baratoğlu müasir Azərbaycanın memarı və banisi ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışdı. "1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə hakimiyyət böhranı yarandı. Rəhbərlik uğrunda mübarizə gedirdi, ictimai həyatın bütün sahələrində durğunluq yaranmışdı. Ölkə daxilində gedən hərc-mərclikdən istifadə edən ermənilər işğalçı siyasətinə başladı. Vətənin belə ağır günündə xalq görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə yenidən gələn dahi lider ölkəmizi parçalanmaqdan, məhv olmaq təhlükəsindən və vətəndaş müharibəsindən xilas etdi. Qısa zamanda beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başlayan Ulu Öndər ölkədə siyasi sabitliyin yaradılmasına, Ermənistan tərəfindən aparılan elan olunmamış qanlı müharibənin dayandırılmasına və atəşkəsə nail oldu. Onun həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Milli Ordu formalaşdı, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami Silahlı Qüvvələri yaradıldı".
15 iyun tarixinin xalqımız tərəfindən böyük iftixar hissi ilə qeyd edildiyini deyən zabit vurğuladı ki, ulu öndər Heydər Əliyevin siyasi-ideoloji kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ölkəmizin inkişaf strategiyasını uğurla həyata keçirərək, müstəqilliyimizin möhkəmləndirilməsi və dövlətçiliyimizin qüdrətləndirilməsi istiqamətində mühüm tədbirlər gördü. "Dövlət başçısının ordu quruculuğu istiqamətində atdığı mühüm addımların nəticəsidir ki, 2020-ci il sentyabrın 27-də düşmənin törətmək istədiyi təxribata cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi Zəfərlə yekunlaşdı".
Çıxışdan sonra hərbi hissənin şəxsi heyətinə ümummilli lider Heydər Əliyevin həyatını əks etdirən fotostend nümayiş etdirildi.
Ruslan HƏSƏNZADƏ "Azərbaycan Ordusu"

 

*  *  *


Azərbaycan Hərb Tarixi Muzeyində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi. "Qurtuluş tariximizdən" adlı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.
Tədbirdə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, veteranlar, qazilər, şəhid ailələri və başqa qonaqlar iştirak etdilər.
Müasir Azərbaycan dövlətçiliyinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, xalqının, dövlət müstəqilliyinin xilaskarı kimi adını tarixin səhifələrinə əbədi həkk etməsi barədə məruzə və çıxışlarda geniş söhbət açıldı.
Muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirdi ki, 1993-cü il iyunun 15-də məhz Ümummilli Liderin sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. "Dünya şöhrətli siyasi xadim ölkə daxilində sabitliyi təmin etdi və respublikamızın inkişafı üçün zəmin yaratdı. Qurtuluşdan başlanan Qələbə yolu bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffət Ali Baş Komandan İlham Əliyevin müdrik, qətiyyətli və uzaqgörən siyasəti ilə davam etdirilir. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı böyük Zəfərlə Vətənimizin ərazi bütövlüyü bərpa olundu".
Tədbirdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş olundu.
Sonra tədbir iştirakçıları Vətən müharibəsi şəhidi mayor Ramil Ağayevin qızı Zəhranın müəllifi olduğu  və səsləndirdiyi "Şəhid atama" şeirini böyük maraqla dinlədilər.
Tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin və respublikamızın incəsənət nümayəndələrinin ifasında vətənpərvərlik ruhlu mahnılar səsləndirildi.
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"