Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyun 2021 10:00

Qalib ordunun əsgəri olmağımla qürur duyuram

Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsində ona görə qalib gəldi ki, iqtisadi cəhətdən qüdrətli bir dövlət kimi, həm də güclü orduya malikdir. Ordu ərazi bütövlüyümüzü qoruyan hərbi qüvvədirsə, onu yenilməz edən isə əsgər və zabitlərimizin gücü, iradə möhkəmliyi, qorxmazlığı, döyüş bacarığı, düşmənə qarşı eyni əqidə ilə yumruq kimi birləşərək Ali Baş Komandanın rəhbərliyi altında mübarizə aparmasıdır. Məhz bu birlik sayəsində rəşadətli Azərbaycan Ordusu hədəfinə çatmağı bacardı, böyük Qələbəyə imza atdı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bu möhtəşəm qalibiyyəti dünyaya səs saldı. O günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibələrinin birində deyirdi: "Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib".
Həmçinin Müzəffər Ali Baş Komandan qeyd edirdi ki, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. "Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir".
Tarixi zəfərdə zəhməti olan hərbi qulluqçularımızın təəssüratlarını oxucularımızla bölüşürük.
Əsgər Ayxan Cəfərov:   
- Azərbaycan xalqının tarixi çox qədimdir. Xalqın azadlıq, müstəqillik uğrunda mübarizəsi tariximizin ən parlaq səhifələrini təşkil edir. Əsrlər boyu yağı düşmən Vətənimizin barlı-bəhrəli torpaqlarına, tükənməyən sərvətlərinə göz diksə də, igid oğullarımız, qeyrətli qızlarımız kürəklərini başı qarlı dağlarımıza söykəyərək onlara meydan oxuyublar. Bir çox mənəm-mənəm deyən hökmdarlar Azərbaycanı işğal etmək üçün bu torpağa hücum etsələr də, axırda qan içməkdən doymayan başlarını bu torpaqda qoyublar. Bu torpaq özünəlayiq igid oğullar, qızlar yetirib. Elə igidlər ki, əsrlər keçsə də, onların adı xalqımızın daş yaddaşında əbədi iz buraxıb, gələcək nəsillərə örnək kimi xatirələrdə qalıb.
Son 30 ildə əzəli torpaqlarımızın işğalı cəmiyyətimizin ən ağrılı problemi olub. Bu problem iqtisadi, sosial, mədəni, elmi inkişafımızı ləngidib. Lakin Qarabağ problemi bizi daha da mətinləşdirib, hər birimiz qəlbimizdə Qarabağa, o müqəddəs torpaqlarımıza bir heykəl ucaltmışıq.
Mən özüm də daxil olmaqla, Qarabağ uğrunda döyüşən əsgərlərimizin böyük əksəriyyəti Qarabağı, ümumiyyətlə, görməmişdilər. Biz anadan olanda artıq mənfur düşmənin işğal planları reallaşmışdı. Biz isə Qarabağı kitablardan, qarabağlıların xatirələrindən, kinofilmlərdən, internet materiallarından tanıyırdıq, sevirdik, darıxırdıq. Vətən müharibəsində isə biz cəbhədə böyük ürəklə və  böyük inamla döyüşdük. Axı o doğma torpaqlarda bizi qanını daşıdığımız əcdadlarımızın ruhu gözləyirdi. Bölgəsindən, milliyyətindən, dinindən asılı olmayaraq bütün ölkə vətəndaşları Qarabağın azad olunması üçün döyüşürdülər. Dövlətimizin yürütdüyü güclü azərbaycançılıq ideologiyası uşaqdan-böyüyə bizim hamımızı, Azərbaycanda yaşayan bütün xalqları bir amal ətrafında yumruq kimi sıx birləşdirdi.  
Əsgər Tural Hüseynov:
- 44 günlük Vətən müharibəsinin hər günü Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun irəliləməsi, torpaqlarımızı işğaldan azad etməsi ilə əlamətdar oldu. Hər gün kəndlərimiz işğaldan azad edildi, hər gün düşmən döyüş meydanında layiqli cəzasını aldı. Ordumuz irəlilədikcə, düşmən əsarətində olan əzəli torpaqlarımız azad edildikcə bütün Azərbaycan ictimaiyyətinin, dünyanın hər yerində yaşayan soydaşlarımızın, dostlarımızın diqqəti Şuşaya yönəlirdi. Biz bunu yaxınlarımızla  telefon əlaqəsi saxlayanda da hiss edirdik. Onların ilk sualı idi Şuşa. Hər bir kəs Şuşanın azad ediləcəyini nəinki gözləyirdi, həm də bu xəbəri mütləq eşidəcəyinə inanırdı. Ulu öndər Heydər Əliyev deyirdi: "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir".
Böyük dövlət xadimi Şuşanın ölkəmiz, Vətənimiz üçün xüsusi, vacib yeri olduğunu vurğulayaraq bildirmişdi: "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur".
Ali Baş Komandanımız da o günlərdə Türkiyənin televiziya kanallarından birinə müsahibəsində "Şuşasız bizim işimiz yarımçıq olar" demişdi.
Həmin günlərdə Azərbaycan əsgəri Şuşaya doğru irəliləyirdi. Sıx meşələrlə, dağlarla irəliləyən ordumuz bu yolda qəhrəmanlıq nümunələri göstərdi. Düşmənin heç vaxt ağlına belə gəlməzdi ki, Azərbaycan əsgəri dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək Şuşaya çata bilər. Lakin ordumuz mümkünsüz görünən bu işləri reallığa çevirdi...
Şuşa elə bir strateji məkanda yerləşir ki, təbii relyefi onu müdafiə edir. Lakin on kilometrlərlə dağları aşıb gələn Azərbaycan əsgərinin milli və döyüş ruhu qarşısında keçilməz nəsə ola bilməzdi. Biz öz şəhərimizi, doğma yurdumuzu azad etməyə gəlmişdik və istənilən maneəni dəf etməyə hazır idik. Bu yolun sonu Şuşanın azad edilməsi oldu... Ruhən belə doğma şəhərimizi azad edənlərin sırasında olmaq, o torpağa ayaq basmaq... bu hissləri sözlərlə ifadə etmək mümkünsüzdür. Mən belə bir güclü, qüdrətli, ən əsası isə vətənsevdalı bir ordunun əsgəri olmağımla qürur duyuram.
Noyabrın 8-i Zəfər Günü kimi tariximizə düşdü. Ali Baş Komandan İlham Əliyev Şuşaya qəhrəman əsgərlərimizin açdığı yolla getdi və onu Qələbə yolu adlandırdı: "Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirdilər. Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib".
Bəli, artıq Şuşa Azərbaycandır, onun əsl sahibləri geri qayıdıb. Şuşa xalqımızın elə bir möhtəşəm mədəni abidəsidir ki, düşmən onu 28 ildə erməniləşdirə bilmədi. Onun hər küçəsi bir tarix, hər daşı bir mənəvi xəzinədir. Xalqımızın milli-mədəni sərvətidir Şuşa. 28 il davam edən işğal dövründə erməniləri qəbul etmədi bu şəhər. Şuşa onlar üçün doğma deyildi, işğal dövründə də yad olaraq qaldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib".
Bu ilin mayında ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə dosta fəxarət, düşmənə göz dağı olan "Xarıbülbül" musiqi festivalı da qüdrətli və möhkəm dövlətimizin öz azadlığına, müstəqilliyinə, ərazi bütövlüyünə verdiyi dəyərlə dünyanın diqqət mərkəzində oldu.
Əsgər Rəsul Əsədov:
- Rəşadətli ordunun qalib əsgəri olmaq... Bu hissi sözlərlə əvəz etmək mümkün deyil. İlk olaraq onu vurğulamaq istərdim ki,  özümü çox şanslı hesab edirəm. 30 ildir ki, işğal altında qalan tarixi torpaqlarımızın azad edilməsində azacıq da olsa payımın olduğunu düşünəndə yaşadığım, hiss etdiyim qürur hissini izah etmək mümkünsüzdür...
Keçən il sentyabrın 27-də düşmənin hərbi təxribatının qarşısını alan ordumuz işğalçını torpaqlarımızdan çıxarmaq üçün əks-hücum əməliyyatlarına başladı. Bu müharibəni xalqımız Vətən müharibəsi adlandırdı. Biz Vətən torpaqlarını işğalçılardan azad etdik. O günlərdə düşmənin qüvvələri bütün istiqamətlərdə ağır itkilər verirdilər. Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxararaq onu iflic vəziyyətinə gətirdi. Ən müasir texnoloji silahlar ordumuzun güc alətlərindən yalnız biri idi. Çünki ordumuz döyüşlərdə yeni metodlardan da istifadə edirdi. Müharibənin taleyini müəyyənləşdirən, başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən əsgərlərimiz və peşəkar, cəsur komandirlərimiz idi. Onların səyi nəticəsində Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə məğlub oldu. Bununla da Azərbaycan Ordusu "Ermənistan ordusunun məğlubedilməzliyi" mifini darmadağın etdi.
Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfər qazanan ölkəmizin 30 illik işğaldan sonra ərazi bütövlüyü bərpa olundu.
Döyüşlərin getdiyi günlərdə şahidi olduğum bir məqam mənə könül xoşluğu yaşatdı. O günlərdə yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, döyüşçü qardaşlarımızla birlikdə öz missiyamızı başa vuraq. Bu müharibədə xalqımız öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. O anlarda mən Ulu Öndərin dediyi, "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamını xatırladım...
Bəli, Qarabağdan olan, ancaq Qarabağda doğulmayan uşaqlar Qarabağ sevgisi ilə böyüyüb tərbiyə oldu. Qarabağa bu vətənsevər gənclərin alovlu Vətən sevgisi ilə qayıdırıq. İşğal olunmuş ərazilərdən qundaqda olanda anasının qucağında çıxan körpələr bu gün Qarabağa tankın üstündə vətənpərvər və peşəkar zabitlər kimi qayıdırlar. Biz azad edilmiş ərazilərimizə dünyanın müxtəlif ölkələrində çalışan, Vətənin dar günündə köməyə gələn, ürəyi Vətən sevgisi ilə döyünən gənclərlə qayıdırıq. Biz Qarabağa yumruq kimi birləşən xalq kimi qayıdırıq. Biz Qarabağa bir daha itirməmək əzmi, bütün dünyanın hesablaşdığı güclü dövlət olaraq qayıdırıq. Biz Qarabağa qalib Azərbaycan Ordusunun qalib əsgəri olmaqdan qürur duyan oğullarla qayıdırıq...

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"