Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyun 2021 10:00

Zəfər tariximizin başlanğıcı: 15 İyun - Milli Qurtuluş Günü

Dünyada çox az düha sahibinə tərk etdiyi mübarizə meydanına bir daha geri dönmək, tarixi qayıdış etmək hünəri qismət olub. Tarixi qayıdış bəşər övladına nəsib olan dühalıq siması müstəsna müdriklik keyfiyyətidir. Şəxsiyyətin iradə tükənməzliyi insan gücünün dönməzlik ifadəsidir. Tarixi qayıdış xalqa, Vətənə bağlılığın, saflıq və müqəddəsliyin doğurduğu ecazkar qüvvə, əlçatmaz yüksəklikdir. Tarixi qayıdış xalqın gücünün və əzəmətinin dirçəlişi deməkdir. Bəli, dahi şəxsiyyət, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin tarixi qayıdışı ilə ölkəmiz əzəmətli dəyişikliklərə, milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə nail oldu. Bu, bir həqiqətdir. Məhz Ulu Öndərin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün ömrünü xalqımızın firavan həyatına, xoşbəxt gələcəyinə sərf etdi, milli dövlətçiliyimizin banisi kimi Azərbaycan xalqının Ümummilli Lideri oldu.
Ulu Öndər ən çətin zamanda dövlətçiliyimizi məhv olmaq təhlükəsindən qorumaqla, ölkəmizdə ictimai-siyasi sabitliyi və vətəndaş həmrəyliyini təmin etməklə bu günümüzə müstəqil Azərbaycan dövlətini bəxş edib. Bununla da ən yeni tariximizdə əbədi yaşamaq hüququ qazandı.  
Vətən müharibəsində qazandığımız tarixi Zəfərimizin qürurunu yaşadığımız bu günlərdə müstəqil Azərbaycanın memarı və qurucusu, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət, sosial-iqtisadi inkişaf və yenilməz ordu quruculuğundakı xidmətlərini bir daha böyük ehtiramla anırıq.
Ümummilli liderimiz Heydər Əliyev öz fitri istedadı, dərin zəkası, bilik və bacarığını Azərbaycan xalqının firavan yaşamasına həsr edərək, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmağı bacardı. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq Ulu Öndəri bütün həyatı boyu seçilmiş lider kimi fərqləndirib. Dahi rəhbər istər sovet hakimiyyəti dövründə, istərsə də müstəqillik illərində daim öz doğma xalqına və ölkəsinə ləyaqətlə xidmət edib. Xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, ölkədə baş alıb gedən xaos və anarxiyanın, hakimiyyətsizliyin qarşısını aldı. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, sosial-iqtisadi dirçəlişə, dövlətimizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyinin gücləndirilməsinə geniş imkanlar açdı. Sosial ədalət, milli həmrəylik təmin edildi. Beləliklə, Azərbaycanda ictimai-siyasi vəziyyətin böhranlı, qarşısının alınmasının qeyri-mümkün olduğu bir dönəmində öz həyatını belə təhlükə altında qoyaraq, baş verə biləcək təhlükələrin qarşısını almaq üçün bütün məsuliyyəti öz çiyinlərinə götürdü və bütöv bir xalqın, millətin xilaskarına çevrildi.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi öz əlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və ən şanlı səhifələrindəndir. Ulu Öndər özünün şərəfli fəaliyyətində həmişə xalqa arxalandığı kimi, xalq da həmişə ona arxalanırdı, ona etibar edirdi. Dahi rəhbər xalqının ən ağır günlərində səsinə səs verdi və onu baş verə biləcək təhlükələrdən qorudu.
Bu, böyük bir həqiqətdir ki, ölkəmizdə ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi, Azərbaycanın dünya miqyasında ən inkişaf etmiş ölkələr sırasında olması üçün göstərdiyi fədakar, titanik fəaliyyəti sanki Ulu Öndərin tale, ömür yolu olmuşdu. Qısa zaman kəsiyində əvəzolunmaz lider respublikamızın iqtisadi yüksəlişinə nail oldu, onun beynəlxalq nüfuzunun yüksəlməsində əzmkarlıq nümayiş etdirdi.
Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi bütün zamanlarda xalqımızın taleyində, azərbaycançılıq məfkurəsinin yaranmasında və inkişaf etdirilməsində elə bir rol oynayıb ki, xalq da onun bu əvəzsiz xidmətlərini əsrlər boyu unutmayacaq. Ulu Öndər bütün həyatı, fəaliyyəti boyu xalqa arxalanırdı və bu barədə də deyirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".
Beləliklə, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş dahi rəhbərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. "İqtisadiyyatı güclü olan xalq hər şeyə qadirdir" deyən Ulu Öndərin rəhbərliyi ilə respublikamızın iqtisadiyyatının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1994-cü il sentyabrın 20-də dünyanın ən böyük dövlətlərinin aparıcı şirkətləri ilə bütün təzyiqlərə baxmayaraq "Əsrin müqaviləsi"nin imzalanmasına nail olunması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi.
Artıq elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdı… Dağınıq, pərakəndə vəziyyətdə olan orduda vahid komandanlıq yaradıldı. Qısa müddətdə nizami hərbi hissələr formalaşdı. Ölkə rəhbəri, Ali Baş Komandan Heydər Əliyevin cəbhə bölgələrində əsgər və zabitlərlə görüşməsi, ordu quruculuğunun vəziyyəti ilə yaxından maraqlanması ordunun döyüş və mənəvi-psixoloji hazırlıqlarının yüksəlməsinə müsbət təsir göstərdi. Sərhəd bölgələrimiz erməni hərbi birləşmələrinin təcavüzünə məruz qaldığı bir  zamanda ölkənin müdafiə potensialının gücləndirilməsi olduqca zəruri idi. Hərbi əməliyyatların vahid komandanlıqdan idarə edilməsinə nail olunduqdan sonra cəbhə xəttində əsaslı dönüş baş verdi. Ermənistan ilk dəfə olaraq ordumuzun real gücünü hiss edib geri çəkilməyə və nəticədə 1994-cü il mayın 12-də atəşkəs razılığını imzalamağa məcbur edildi. Ulu Öndər Azərbaycan Ordusunun gücünü yüksək qiymətləndirərək deyirdi: "Mən əminəm ki, bizim ordumuz bu gün Azərbaycan müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı bir qəsdə layiqli cavab verməyə hazırdır."  
Ümummilli lider Heydər Əliyevin siyasi kursunda əsas istiqamətlərdən biri milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi zərurəti idi. Dünya şöhrətli siyasətçi ilk günlərdən Azərbaycanın xarici siyasətini ölkənin strateji maraqlarına uyğun yeniləşdirdi. Balanslaşdırılmış xarici siyasət sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirdi. Ümummilli Liderin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə səbəb oldu. Ulu Öndərin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı. Siyasi liderin ardıcıl, məqsədyönlü siyasəti sayəsində beynəlxalq aləmdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktının tanınması və ermənilərin işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti apararaq separatçı qurum yaratmaq cəhdlərinin təsdiqlənməsi bu məsələlərin BMT Baş Məclisinin sessiyasının gündəliyinə salınması, dünyanın ən nüfuzlu təşkilatının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini bəyan edən, erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə qəbul olundu. Bu, Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində qazanılan mühüm diplomatik nailiyyət idi.
Bu gün  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ona olan bütün ümidləri layiqincə doğruldur və Heydər Əliyev siyasətini yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir. Son 18 ildə dövlətimizin  başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yüksək inkişafa nail olub, qüdrətli ölkəyə çevrilib. Prezident İlham Əliyev ötənilki çıxışlarının birində fəxrlə bildirirdi ki, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. "2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum".
Son 18 ildə ölkəmizdə bütün sahələrlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət göstərilib. Azərbaycan Prezidenti İlham Əliyev ordu quruculuğunu həmişə ən prioritet məsələ hesab edərək, respublikanın müdafiə qüdrətinin artırılmasını və ən müasir silahlarla təchiz olunmasını ön planda saxlayırdı. Ölkə başçısı öz çıxışlarında dəfələrlə qeyd edirdi ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.  
2020-ci il tarixə Zəfər ili kimi yazıldı. Bu gün hər birimiz qalib bir ölkənin vətəndaşı olaraq qürurluyuq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ermənistan silahlı birləşmələrinin işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə qalxan Azərbaycan Ordusu ötən il sentyabrın 27-də düşmənə qarşı əks-hücum əməliyyatına başladı. Fədakar, vətənpərvər əsgər və zabitlərimiz 30 ilə yaxın bir müddətdə erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizi cəmi 44 gündə azad etdi. Əldə etdiyimiz bu tarixi Zəfərə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasəti, yenilməz, rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətinin şücaəti, qəhrəmanlığı, öz doğma Vətəninə olan sevgisi sayəsində nail olduq.
Vətən müharibəsində müasir hərb tariximizin ən şanlı qələbəsini qazandıq və demək olar ki, XX əsrin yeni müharibə modelini dünyaya təqdim etdik. Azərbaycan xalqına bu qələbə sevincini bəxş edən Ali Baş Komandana və şanlı Azərbaycan əsgərinə, bu tarixi qanı, canı ilə yazan şəhidlərimizə və qazilərimizə borcluyuq. Xalqla iqtidarın monolit birliyi Azərbaycana son yüzilliklər ərzində əldə etmədiyi qələbə sevincini yaşatdı və 30 ilə yaxın işğalda olan ərazilərimizi, torpaqlarımızı əsl sahibinə - xalqımıza qaytardı. Bununla da Ali Baş Komandan İlham Əliyev öz adını nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Xalqımızın 30 illik torpaq həsrətinə nəhayət, son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan haqq savaşımız Azərbaycanımızın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad olunması ilə nəticələndi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanında Qələbə müjdəsi ilə Azərbaycan xalqına müraciətində bildirirdi: "Əziz həmvətənlərimiz, əziz bacılar və qardaşlar!
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları təbrik edirəm.
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox... Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Biz bu qələbəni döyüş meydanında, şəhidlər verərək qazandıq. Və bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır".
Hər kəsin səbirsizliklə gözlədiyi o tarixi çıxışında - xalqa müraciətində Ali Baş Komandan böyük qürur və fəxarətlə hissiylə  dedi: "Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad edirik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
Bu gün əldə etdiyimiz bütün qələbələrin, uğurların təməlində Heydər Əliyevin möhkəm təməlini qoyduğu siyasi kurs, inkişaf strategiyası dayanır. Bu siyasi kurs Azərbaycanımızı daha böyük uğurlu gələcəyə aparır, onun işıqlı ideyaları daim yaşayacaqdır. Azərbaycan və Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır...

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"