Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyun 2021 10:00

“Şuşa işğaldan azad olunanda çox sevindim”

Vətən müharibəsi ordumuzun qələbəsi ilə başa çatdıqdan sonra ayağımız əbədi-əzəli yurd yerlərimiz olan Qarabağ torpağına dəydi. Bu anlarda üzümüzə təbəssüm qondu, ürəyimiz sevinclə doldu. Artıq neçənci dəfədir ki, işğaldan azad olunmuş ərazilərimizə gəlirəm. Hər dəfə də geriyə - ölkəmizin paytaxtına ürəyimdə qucaq-qucaq sevinc hisslərinə bürünmüş fikirlərlə dönürəm.
Yenə də Vətən müharibəsinin iştirakçısı olmuş və döyüşlərdə böyük zəfər qazanan hərbi qulluqçularımızla söhbət edirik. Onların şərəfli döyüş yollarını öyrənmək ovqatımıza ovqat qatır. Əsgər Elşad Səlimov da 44 gün davam edən Vətən müharibəsində əsgər kimi üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib, döyüş tapşırığını şərəf və ləyaqətlə yerinə yetirib.
Öyrəndik ki, əsgər Elşad Səlimov ordu sıralarına ötən ilin iyulunda Göyçay rayonundan çağırılıb. Xidmətinin beş ayı tamam olar-olmaz erməni təxribatı nəticəsində Vətən müharibəsi başlayıb.
- Payız fəsli yenicə gəlmişdi, adi xidmət günlərimizdən birini yaşayırdıq, - deyə Elşad bizimlə söhbətə başladı. - Sentyabrın 27-də səhər-səhər eşitdiyimiz müharibə xəbəri xidmətimizi gündəlik çərçivəsindən çıxartdı. Yurdumuzu ermənilərdən müdafiə etmək üçün komandirlərimizin əmri ilə əks-həmlə əməliyyatlarına atıldıq. İlk döyüşümüz Suqovuşan istiqamətində oldu. İşğalçılar geri çəkilmək istəmir, ciddi müqavimət göstərirdilər. Amma biz nəyin bahasına olursa-olsun, qəsbkarları geri oturtmalı və yurdumuzu uzun illərin işğalından azad etməliydik. Buna görə də cəsarətlə, hünərlə vuruşurduq. Getdikcə zirehli texnikasını və canlı qüvvəsini itirən yağılar geri qaçırdılar. Artıq işğalçılar qarşımızda dayana bilmirdilər. Hücumlarımız getdikcə güclənirdi. Atəş səslərindən yer-göy lərzəyə gəlirdi. Təlim-məşqlərdə bilik və döyüş vərdişlərini mükəmməl mənimsədiyimizə görə əməliyyatlarda heç bir çətinlik çəkmirdik. Döyüş sənətinin sirlərinə dərindən yiyələndiyimizə görə əməliyyatlar zamanı düşməni sərrast atəşlə məhv edir, uğurlar qazanırdıq. Ermənilər uzun illərdən bəri işğalda saxladıqları torpaqlarımızdan geri çəkildilər. Suqovuşan yağılardan azad olunanda sevincim yerə-göyə sığmırdı. Əsgər dostlarımızla bir-birimizi qucaqlayıb qələbə münasibətilə təbrik edirdik. Hamımızın üz-gözündən sevinc yağırdı. Ərazilərimiz erməni işğalçılarından bir-bir azad olunurdu. Azərbaycan Ordusu qələbələri ilə xalqımızı sevindirirdi. Davamlı olaraq illərdən bəri həsrətində olduğumuz Qarabağa doğru irəliləyirdik. Hər gün döyüşlərdə yeni uğurlar, yeni zəfərlər qazanırdıq. 44 gün davam edən Vətən müharibəsində sonadək vuruşdum. Ən çox sevindiyim gün Qarabağın tacı, musiqimizin beşiyi Şuşa şəhərinin qəsbkarlardan azad olunduğu gün oldu. Vətən müharibəsində iştirak etdiyimə görə qürur hissi keçirirəm. Zəfərlərlə dolu o günləri heç vaxt unutmayacağam.
Əsgər Elşad Səlimovun qardaşı Seymur da Vətən müharibəsinin davam etdiyi günlərdə - 2020-ci ilin oktyabrında gənc əsgər kimi ordu sıralarına çağırılıb. Hazırda xidmətini "N" hərbi hissəsində davam etdirir. Hər iki qardaş əsgər kimi üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlirlər.
Əsgər Elşad Səlimov xidmətini yenə də uğurla davam etdirir. O, işğaldan azad edilmiş torpaqlarımızda xidmətindən çox qürurludur.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"