Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyun 2021 10:00

Vətən müharibəsi: Azərbaycan xalqının qalibiyyət yolu

Qəhrəmanlar yurdu, igidlər məskəni Azərbaycan tarix boyu ərənləri, ər oğulları ilə seçilib. Bu yurdun igid oğulları hər zaman Vətənin başı üzərini qara buludlar alanda silaha sarılaraq düşmənə qarşı böyük mərdliklə vuruşublar. Tariximizin elə bir səhifəsi yoxdur ki, orada Vətən övladlarının böyük qəhrəmanlıq salnamələrinin şahidi olmayasan. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycanda torpaq hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur.
Qəhrəmanlar üçün dünyanın bir qapısı olur. Onlar dünyaya gəlir, ancaq getmirlər. Qəhrəmanlıq elə bir yüksək zirvədir ki, o zirvəyə ucalmaq üçün gərək bəşəriyyətin, tarixin və ən əsası məxsus olduğun xalqın, millətin sınağından mərdanəliklə çıxasan. Bu gün hamı kimi dünyaya gələn körpənin sabah igid olacağını heç kim bilmir. Qəhrəmanı mühit yetişdirir, zaman ərsəyə gətirir, xalq yaşadır, sevir və əfsanələşdirir. Polkovnik Ümüdvar Quliyev də belə qəhrəmanlardandır.
İmişli rayonunun Oruclu kəndində anadan olan polkovnik Ümüdvar Quliyev 2001-ci ildə Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbini, 2016-cı ildə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.
Vətən müharibəsinin iştirakçısı olan zabit Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunmasında qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsi nəzərə alınaraq "Qarabağ" ordeni, "Suqovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
"27 sentyabr 2020-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında növbəti erməni təxribatına son qoymaq məqsədilə aparılan, 44 gündən sonra noyabrın 10-da zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu", - deyə zabit söhbətə başladı. - Ölkədəki və onun hüdudlarından uzaqlardakı böyük və sarsılmaz gücümüzü real təcrübədə gördük. Yaddaşımızda babalarımızın "El gücü, sel gücü", "El bir olsa dağ oynadar yerindən" deyimləri yeni, əməli fəaliyyət müstəvisində təzələndi, azadlıq müharibəmiz xalqımızın min illərdən süzülüb gələn təmiz milli-mənəvi dəyərlərinin, azadlıq uğrunda mübarizə ruhunun imtahanı, onun dəyanətliliyinin və mətinliyinin məhək daşı oldu. Biz həmişəlik yadda saxlamalıyıq ki, bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq. Bu yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən, tarixi yaddaşımıza həkk edən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusudur.
Zabit onu da qeyd etdi ki, Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi. "Bu gün vətəndaşlarımızda sonsuz bir torpaq sevgisi var. Vətən müharibəsi həmvətənlərimizin qəlbinin, ruhunun dərinliklərində öz oyanış vaxtını gözləyən enerjiyə yol açdı, adi həyatda fərqinə varmadığımız, lakin Vətən torpaqları uğrunda ölüm-dirim mübarizəsində bir anda baş qaldıran mübarizlik və qəhrəmanlıq xüsusiyyətləri hər kəsə siraət etdi".
"27 sentyabr 2020-ci il tarixi həm də müsbət anlamda xalqımızın təfəkküründə, düşüncəsində, əməli fəaliyyətində bir qırılma nöqtəsi oldu", - deyə zabit söhbətinə davam etdi. - Azərbaycan Ordusunun ən modern silah və texniki vasitələrlə təchiz olunması, illər boyu torpaqlarımızı düşməndən azad etmək istəyi, Ali Baş Komandanımızın strateji ustalıqla rəhbərliyi sayəsində Vətən müharibəsi zəfərlə başa çatdı. Aprel, Günnüt zəfərlərindən sonra qazanılan qələbə Azərbaycan xalqının yeni qalibiyyət yolunu müəyyənləşdirdi. Bizim də bir vətəndaş, bir hərbi qulluqçu kimi borcumuz bu yolun şərəfli yolçusu olmaqdır.
 
Məhəmməd ƏLİYEV "Azərbaycan Ordusu"