Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyun 2021 10:00

Qələbə ürəkdə qazanılır

Müasir dövrün gəncləri iftixar hissi keçirməlidirlər ki, onlar güclü Azərbaycan Ordusunda xidmət edir, qalib ordunun sıralarında xidmət etməyin şərəfini yaşayırlar. Ümummilli Liderimiz və müasir ordumuzun qurucusu Heydər Əliyevin bir zamanlar qeyd etdiyi kimi: "Bu günümüzün gəncləri özlərini xoşbəxt sanmalıdır ki, onlara doğma Vətənimizin ordusunda xidmət etmək nəsib olub". Bu xoşbəxtliyin fərqinə varan gənclər də öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirərək torpaqlarımızın işğaldan azad edilməsində fəal iştirak etdilər.
Cəmiyyətimizin aparıcı qüvvəsi olan gənc nəslin vətənpərvərlik tərbiyəsinin düzgün təşkil edilməsi tarixi zəfərin qazanılmasında mühüm rol oynayan əsas məsələdir. Gələcəyin əsgərlərinin vətənpərvər ruhda böyüməsi, bu istiqamətdə aparılan işlər ailənin, məktəbin və ictimai qurumların ümdə vəzifəsidir.
Vətənpərvər hisslərlə böyüyən və ordumuzun sayca böyük əksəriyyətini təşkil edən gənclərimiz torpaqlarımız işğalda olduğu müddətdə təlimlərdə tər tökərək hərbi vərdişlərə yiyələndi və 2016-cı ilin Aprel döyüşləri ilə bütün dünyaya işğalla barışmayacağı mesajını verdi. Nəticədə Vətən müharibəsi ilə öz tarixi torpaqlarını bərpa etdi.
Bu gün fərəh hissi ilə deyirik ki, Azərbaycan gəncliyi, əsgər və zabitləri mübarizdir, mərddir, cəsurdur. Bu mərdlik, cəsarət torpaqlarımızın işğalda qalması ilə barışmayan xalqın haqq səsidir. Axı uzun illər erməni faşistləri ərazi bütövlüyümüzə təcavüz edib və bu səbəbdən bir milyon soydaşımız el-obasından didərgin düşüb. Uzun illər erməni faşistlərinin törətdiyi vəhşiliklərin ağrı-acısını çəkən xalq da bu qisasın yerdə qalmasını istəmirdi. Ərazi bütövlüyünün bərpa olunması üçün ya müharibə aparılmalı, ya da münaqişə siyasi yolla həll olunmalı idi. Təəssüflər olsun ki, atəşkəs imzalandığı dövrdən bu yana konflikt həllini tapmadı. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmadı. Nəticədə Azərbaycan əsgəri tarixi ədaləti bərpa edərək Qarabağ məsələsini kökündən həll etdi.
Prezident İlham Əliyevin Bakıda Hərbi Qənimətlər Parkının açılışından sonra hərbi qulluqçularla görüşündə söylədiyi fikirlər Azərbaycan əsgərinin qəhrəmanlığının qiyməti idi: "Biz düşməni hər gün qovurduq, hər gün. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmamışdılar, halbuki müharibələrdə hücumlar, geriyə dönmələr, manevrlər olur. Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilməmişdir. Ermənistan ordusunda 10 min fərari olub, özləri bunu etiraf ediblər. İndi onları əfv etmək istəyirlər. İndi 5 minini əfv etmək istəyirlər. Bəs, qalan 5 min? Yəqin ki, çıxıb gedib, artıq Ermənistanda yoxdur. Azərbaycan Ordusunda, Silahlı Qüvvələrimizdə bir nəfər də fərari olmamışdır. Yaralanmış hərbçilər, ağır yaralanmış hərbçilər bir amalla yaşayırdılar ki, tezliklə sağalıb yenə də döyüşə qayıtsınlar".
Bu gün də, gələcəkdə də keçirilən ictimai-siyasi hazırlıq dərslərinin əsas mövzusu tarixi qələbəmiz, bu qələbənin məğrur sərkərdəsi olan Ali Baş Komandanımız olaraq qalacaq. "N" hərbi hissəsində ictimai-siyasi hazırlıq dərsi keçirilirdi. Baş leytenant İsmayıl Hüseynovla həmsöhbət olmaq imkanı qazandıq. Məşğələ rəhbəri dərslərin mövzusundan əlavə olaraq Azərbaycan əsgərinin tarixi qələbəsindən də söhbət açdığını bildirdi.
"Müharibə mövzusu hər birimizin diqqət mərkəzindədir. Çünki sıralarımızda xidmət edən hərbi qulluqçuların böyük bir qismi döyüşlərin iştirakçısı olub. Bu səbəbdən də hər dərsdə zəfərimizdən, şəhid və qazilərimizdən söhbət açırıq. Təbii ki, şəhidlik ən uca zirvədir. Müharibə dövründə şəhid verdiyimizi, nə qədər itkilərlə üzləşdiyimizi düşünəndə, yeganə təsəllimiz ondan ibarətdir ki, qisas qiyamətə qalmadı və Qarabağımız azaddır. Azərbaycan öz müstəqil dövlətçiliyini daha da möhkəmləndirəcək, iqtisadiyyatımız əvvəlkindən çox inkişaf edəcək və regionda güclü hərbi qüvvə olan ordumuz yüksəlişinin ən uca zirvəsinə qalxacaq", - deyə zabit sözünü bitirdi.
Zabitlə söhbətimizin gedişində bir anlıq düşünürəm: "Azərbaycan əsgərinin qələbəsinin təminatçısı Vətən sevgisi və bu sevgini ilahiləşdirən yüksək mənəvi-psixoloji durumdur". İllərlə keçirilən təlim və dərslərdə əsgərlərin vətənpərvərlik tərbiyəsinə və milli-mənəvi dəyərlərinin möhkəmlənməsinə ciddi fikir verilib. Bu ciddiyyət öz əksini döyüş meydanında tapıb.
Dərs prosesində fəal iştirak edən əsgərlərlə də həmsöhbət olmağı, onların fikrini öyrənməyi özümə borc bildim.
Əsgər Ramil Məhərrəmov da Vətən müharibəsində iştirak edib. Ramil dedi ki, döyüşdə silah-texnikanı hərəkətə gətirən də məhz ürəkdəki Vətən sevgisidir. "Vətənpərvərlik hissi insan özünü dərk etdiyi andan ailədə yaranır, məktəbdə inkişaf edir və ordu sıralarında tamamilə formalaşır. Çünki  yeniyetmə əksər vaxtını məktəbdə və həmyaşıdları arasında keçirir. Müəllimlərin aşıladığı vətənpərvərlik hissi inkişaf edir. Məktəbdə oxuyan şagirdlərə "böyüyəndə kim olacaqsan?", - sualını verəndə əksəriyyəti "əsgər olacağam" cavabını verir. İllər keçir, əsgər olmaq arzusu ilə böyüyən şagird hərbi mundir geyinir. Komandirlərin dərslərdə aşıladığı vətənpərvərlik hissi tamamilə formalaşmanın son mərhələsinə çatır. Mən və mənim timsalımda bu hisslərlə böyüyən gənclik, hərbi xidmətdə Vətən sevgisinin nə olduğunu dərk edərək torpaqlarımızın azadlığı uğrunda müharibəyə yollandıq. Canımız bahasına torpaqlarımızı işğaldan azad etdik", - əsgər Ramil Məhərrəmov bildirdi.
Əsgərlər Toğrul Rəhmanov, Rabil Ağayev, Mirzəağa Məmmədov, Amil Abumüəlimov əsgər yoldaşlarının fikrinə şərik olaraq bildirdilər ki, qələbə nəinki döyüş meydanında, həmçinin ürəkdə qazanılır.
Əsgərlərimizin əvvəl ürəkdə, sonra döyüş meydanında qazandıqları tarixi qələbə təkcə doğmalarına deyil, təlim-tərbiyə aldığı müəllimlərinə, onları döyüşə kökləyən komandirlərinə və nəhayət, bütöv Azərbaycan xalqına başucalığı gətirdi. Hələ bundan sonra Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsi haqqında filmlər çəkiləcək, dastanlar yazılacaq, nəğmələr qoşulacaqdır.  

Ceyhun CƏFƏRLİ "Azərbaycan Ordusu"