Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyun 2021 10:00

Vətən hər zaman igid oğulları ilə güclü olur...

Qızmar iyun günlərində Vətənimizin dilbər guşələrindən birindəyəm. Günəş şüaları ətrafa hakim olsa da, qəlbimdəki hərarətin qarşısında acizdi. Bu enerjini görüşünə tələsdiyim, Vətənin mərd, fədakar, qəhrəman oğullarından - qalib Azərbaycan əsgərlərindən alıram. Səfərimiz torpaq sevgisinin hərarətini, torpağın ürək döyüntüsünü daha çox duyduğumuz "N" hərbi hissəsinədi. Dağlara doğru irəlilədikcə hava dəyişir. Dolanbac yollar ilan kimi qıvrılır. Ətrafa nəzər yetirdikcə adama elə gəlir ki, geridə qalan evlər, yaşayış məskənləri bir ovuca yerləşəcək qədər kiçilib. Çox əsrarəngiz mənzərədir. Yol boyu hər tərəfdə əkin tarlaları, otlaqlar, biçənəklər bir-birini əvəz edir. Burada təbiətin bütün rənglərini görmək olur. Təbiətin gözəlliklərini seyr etdikcə vaxtın necə keçdiyini hiss etmir insan. Bu da səngər... Bu da düşmən çəpəri, isti-soyuq demədən sərhədinin keşiyində duran rəşadətli Azərbaycan Ordusunun əsgəri...
Şahidi olduğumuz Vətən müharibəsindən artıq bir neçə ay ötüb. Vətənimizin mərd oğulları həmin döyüşlərdə təkcə Azərbaycan cəmiyyətinə deyil, dünya ictimaiyyətinə bütün aydınlığıyla sübut etdi ki, torpaqlarımızın hər qarışı uğrunda can əsirgəməyən mübariz ruhlu bir nəsil formalaşıb. Döyüşlərdən sonra ezamiyyətdə olduğum hərbi hissələrdə söhbətləşdiyim bütün əsgərlər qalib orduda xidmət etməyin, xalqımıza qələbə sevinci yaşatmağın qürurunu yaşadığını bildirirlər. Düşmənə gücümüzü sübut edən Vətən müharibəsi bir həqiqəti aydınlaşdırdı: Azərbaycanın qarşıya qoyulan istənilən tapşırığı uğurla yerinə yetirməyə qadir, müasir silah və texnikadan peşəkarlıqla istifadə etməyi bacaran, ən əsası Vətən sevgisilə alışıb-yanan gənclərdən ibarət güclü ordusu var.
Bizi müşayiət edən zabit Rüfət Qasımov bildirir ki, şəxsi heyətin xidməti günün nizam qaydalarına uyğun olaraq aparılır. "Düşmənlə üzbəüz dayanmağımız əsgərlərimizin xidməti üçün heç bir maneə törətmir. Hərbi hissəmizdə xidmətin düzgün təşkil olunması üçün hər cür şərait yaradılıb. Yeni xidmətə başlayan əsgərlərimizin də mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Şəxsi heyətlə praktiki təlimlərin keçirilməsinə üstünlük veririk. Asudə vaxtda əsgərlərə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizdən söhbət edirik. Hər birimiz onların göstərdiyi qəhrəmanlıqlarla yaxından tanış olmalıyıq. Unutmamalıyıq ki, bu gün onların qanı bahasına torpaqlarımız düşmən işğalından azad olunub. İllərdir həsrətində olduğumuz doğma torpaqlarımızda yenidən şanlı Azərbaycan bayrağının dalğalanması üçün igid oğullarımız canlarını fəda ediblər".
Döyüş mövqeyində bizi qarşılayan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Cavid Ələkbərov vəziyyətin sabit oluğunu, heç bir problemin olmadığını məruzə edir. "Biz Vətənimizi düşmənlərdən qoruyuruq", - deyə Tovuz rayonundan hərbi xidmətə çağırılan kiçik çavuş Cavid Ələkbərov söhbətə başlayır. - Vətəni qorumaq üçün birinci özünü qorumalısan. Əgər özünü, əsgər yoldaşlarını qoruya bilməsən, onda torpağını necə qoruyarsan? Hər kəsin bildiyi kimi, ötən ilin sentyabrın 27-də düşmənin növbəti təxribatının qarşısını alaraq əks-hücum əməliyyatlarına başladıq. İllərdir həsrətində olduğumuz torpaqlarımızdan düşməni qovaraq çıxartdıq. Bu döyüşlərdə qələbə qazansaq da, mənfur "qonşularımızın" xasiyyətinə bələdik. Düşmən acgöz, yalançı və hiyləgərdir. Bu səbəbdən hər an ayıq-sayıq, diqqətli xidmət aparırıq. Düşmənin bütün fəaliyyətini nəzarət altında saxlayırıq. Müşahidə zamanı aşkar olunmuş ən adi bir hərəkəti belə yuxarı komandanlığa məruzə edirik. Hər gün əsgərlərimizə təlimat keçəndə bunları xatırladırıq. Onlar da unutmurlar ki, arxamızda bizə güvənən ailəmiz, dostlarımız, yaxınlarımız var".
Döyüş növbəsindən qayıdan əsgər Ayxan Cəfərov ilə söhbət etmək imkanı qazanırıq. Ayxan deyir ki, üzərində boy atdığımız, suyunu içdiyimiz, çörəyini yediyimiz, havasını udduğumuz Vətənə övladlıq borcunu şərəf və məsuliyyətlə yerinə yetirmək hər birimizin vətəndaşlıq borcudur. "Bu gün Vətənimizin bacarıqlı əsgəri kimi formalaşdığım üçün öncə vətənpərvər komandirlərimə və aylar, həftələr, günlər ərzində torpaqlarımızın keşiyində çiyin-çiyinə dayandığım silahdaşlarıma borcluyam. Ordu həyatı, sözün həqiqi mənasında, bir kişilik məktəbidir və bu yolda sınaqlarda bərkidiyim üçün özümü xoşbəxt sanıram".
Əsgəri xidmət dövründə gənclərə hərbi biliklərlə yanaşı, bir çox müsbət keyfiyyətlər də aşılanır. Gənclər həm bacarıqlı əsgərlər kimi, həm də cəmiyyətə faydalı vətəndaşlar kimi formalaşırlar. Onlara tapşırılan vəzifələrin əhəmiyyətini dərindən dərk edərək məsuliyyətlə xidmət edirlər. Belə gənclərdən biri əsgər Tural Hüseynov "Rəşadətli ordunun əsgəri olduğuma görə  qürurluyam", - deyir. "Səngərdə, torpaqlarımızın müdafiəsində  dayanmaqdan isə ikiqat qürurlanıram. Burada torpaqlarımıza keşik çəkirik. Mənim üçün bundan şərəfli və müqəddəs tapşırıq yoxdur. Vətən qoruyucusu olmağın sevincini daim hiss edirəm. Hər an üzərimə düşən vəzifələrin öhdəsindən uğurla gəlməyə çalışıram. Düşmən qarşısında mətin dayanmışıq və onların hər bir hərəkəti tam nəzarətimiz altındadır".
Göyçay rayonundan hərbi xidmətə çağırılan əsgər Vilayət Adıgözəlov deyir ki, xidmət etdiyi müddətdə əsgər kimi üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışıb. "Xidmətim zamanı komandirlərimdən hərbin bütün sirlərini öyrənməyə çalışmışam. Hərbi xidmət bizdən məsuliyyətli və bacarıqlı olmağımızı tələb edir. Vətən torpaqları bizlərə etibar edilib. Komandirlərimizin və xalqımızın bizə olan etimadını hər zaman doğrultmalıyıq".
Əsgər Rəsul Əsədov yoldaşının sözünü təsdiqləyərək deyir ki, Vətən, hər nəyin bahasına olursa-olsun, müdafiə etmək məcburiyyətində olduğumuz, ana dediyimiz, şəhidlərimizin uğrunda can verib, qanlarıyla suladığı, müqəddəs torpaqdır. "Vətəni müdafiə etmək, onun uğrunda qan tökmək, canımızı fəda etmək vətəndaşlıq və əsgəri borcumuzdur. Hələ hərbi xidmətə başlamadığım vaxtlardan torpaqlarımızın işğaldan azad olunacağı günün xidmətim dövrünə təsadüf etməsini arzulayırdım. Çox sevinirəm ki, artıq doğma Qarabağımızda üçrəngli müqəddəs bayrağımız dalğalanır. Vətənə olan borcumu layiqincə ödəyib, ailəmin yanına qalib əsgər kimi dönəcəyimə çox sevinirəm".
Bu yerlərdən, qüdrətli ordumuzun mətin keşikçilərindən ayrılmaq istəmirik. Onlarla söhbətlərimiz xoş ovqat yaradır. Bir daha əmin oluruq ki, torpaqlarımızın müdafiəsi etibarlı əllərdədir. Vətən hər zaman igid oğulları ilə güclü olur... Vətənimizi qoruyan belə oğulların hesabına ərazi bütövlüyümüzə heç bir zərər gələ bilməz. Bu inam hissi ilə onlardan ayrılırıq...

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"