Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyun 2021 12:05

Mühəndis-istehkamçıların asudə günü

Müdafiə Nazirliyinin tabeliyində olan birlik və birləşmələrdə döyüş hazırlığına və ictimai-siyasi hazırlıq dərslərinə önəm verildiyi kimi, şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsinə də xüsusi diqqət yetirilir. Bu günlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi Mühəndis Qoşunlarının tabeliyində olan "N" hərbi hissəsinin şəxsi heyətinin asudə vaxtının səmərəli təşkili işində yaxından iştirak etdi.
Tədbirdə əvvəl ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin şöbə müdiri Gülxar Məmmədova Vətən müharibəsində fəal iştirak edən mühəndis-istehkamçıların xidmətindən geniş bəhs etdi. Natiq bildirdi ki, son yüz ildə xalqımız yadellilərə qarşı apardığı müharibələrdə indiki qədər qısa müddətdə belə böyük qələbəyə heç zaman imza atmayıb. "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində erməni vandallarının işğalı altında olan torpaqlarımızı azad etdi. Rəşadətli ordumuzun apardığı uğurlu hərbi əməliyyatlar zamanı mühəndis-istehkamçıların da xidmətləri əvəzsiz oldu.  Şanlı Qələbəni xalqımıza bəxş edən ordu mənsublarının asudə vaxtının səmərəli təşkilində yaxından iştirak etmək olduqca qürurvericidir", - deyə Gülxar xanım bildirdi.
G.Məmmədova Azərbaycan xalqının qədim və orta əsrlərdə mövcud olan dövlətlərindən, hökmdarlarından, həmçinin müxtəlif dövrlərdə nəhəng ərazilərə malik imperiyaların qurulmasından söz açdı. Vurğulandı ki, qədim dövrlərdən gələn xalqımızın dövlətçilik ənənəsi bu gün də qəhrəman döyüşçülərimiz tərəfindən layiqincə qorunur və davam etdirilir.
Sonra şəxsi heyət Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının solistləri Elçin Məmmədovun, Mətləb Ağayevin, Nərgiz Nuriyevanın, Gülnar Mirzəyevanın, Fərman Əsgərovun və Səbinə Qasımovanın ifalarında vətənpərvərlik  mahnıları dinlədilər. Rəqqaslar Səbirə Tağıyeva və Anar Şahmuradovun ifa etdikləri milli rəqs nümunələri tamaşaçıların ürəyincə oldu.
Sonda polkovnik-leytenant Famil Həmidov rəhbərlik və şəxsi heyət adından bir-birindən maraqlı çıxışları ilə əsgərlərin asudə vaxtının səmərəli keçməsində yaxından iştirak etdiyinə görə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinə təşəkkür etdi.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"