Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyun 2021 12:05

Şərəf dolu illər və yollar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 aprel 2021-ci il tarixli Sərəncamına əsasən, C.Naxçıvanski adına Hərbi Liseyin 50 illik yubileyi hərbi təhsil müəssisələrində, hərbi hissə və birləşmələrdə təntənəli şəkildə keçirilir.
Bu günlərdə təhsil ocağında keçirilən yubiley mərasimini polkovnik Müslüm Nəsirov açıq elan etdi.
Ümummilli liderimiz Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini oxudular.
Polkovnik Müslüm Nəsirov Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranma tarixindən söz açaraq dedi ki,     yarım əsrdən çoxdur ömrünü hərbçi peşəsinə bağlamaq istəyən Azərbaycanın vətənpərvər oğulları bu Hərbi liseyə üz tutur. Ordumuz üçün zabit kadrlarının hazırlanmasında önəmli yer tutan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ölkəmizin hərb tarixinə böyük hərflərlə yazılıb. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsası 1971-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyulub. Təhsil ocağı bu günədək ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrlar yetişdirib. Sovet rejiminin hökm sürdüyü ötən əsrin 70-ci illərində milli zabit kadrlarının hazırlanmasına yönəldilmiş təşəbbüs böyük cəsarət və qətiyyət tələb edirdi. Etiraf etmək lazımdır ki, heç kim kommunist ideologiyasının hakim olduğu bir cəmiyyətdə bu məsuliyyətin öhdəsindən gəlməyi bacarmazdı. Bu təşəbbüs yalnız xalqını sevən, onun gələcəyini düşünən, millətinə qəlbən bağlı olan, həyatını Vətəninin çiçəklənməsinə həsr edən ulu öndər Heydər Əliyev kimi böyük şəxsiyyətlər tərəfindən irəli sürülə bilərdi.
Dahi şəxsiyyət Heydər Əliyevin zəhməti və uzaqgörənliyi sayəsində, böyük əziyyətlər bahasına bu tarixi addım atıldı. Elə birinci il bu hərbi məktəbdə yüzlərlə Azərbaycan vətəndaşı təhsil almağa başladı. Liseyin milli zabit kadrlarının Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna dərəcədə rolu oldu. Bu gün də ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır. Bu məzunlar həm Birinci Qarabağ müharibəsində, həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində böyük hünər və rəşadət göstərdilər. Bu gün də ulu öndər Heydər Əliyevin yaratdığı Hərbi liseydə yüzlərlə gənc böyük həvəslə hərbi təhsil almaqda davam edir. Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə ulu öndər Heydər Əliyevi düşündürən əsas məqsədlərdən biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi məsələsi olmuşdur. Ümummilli lider Heydər Əliyev taleyini hərb sənətinə, zabitlik peşəsinə həsr edənlərə böyük hörmətlə yanaşmış və həmişə onların xidmətlərini yüksək qiymətləndirmişdir.
Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi göstərişi  və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun diqqət və qayğısı sayəsində Cəmşid Naxçıvanski adına Hərbi Liseydə böyük uğurlarla yekunlaşan islahatlar həyata keçirilir. Məhz bu uğurların nəticəsidir ki, ordumuz gündən-günə güclənir və daim qüdrətini artırır. Bu gün lisey işıqlı gələcəyə gedən yolun 51-ci pilləsindədir. Yarım əsrdən çoxdur ki, fəaliyyət göstərən təhsil ocağının qazandığı uğurlar gələcəkdə daha da sevindirici və ürəkaçan olacaq.  
Tədbirdə Gülsəda Amanın və Aynurə Qulamovanın rəhbərlik etdiyi dərnəyin kursantları Nadir Ağamalıyev və Nicat Qayıbov C.Naxçıvanski adına Hərbi Liseyin yarandığı vaxtdan bu günə qədər keçdiyi uğurlu inkişaf yolundan söz açdılar. Kursantlar Rəşadət Həsənov və İltifat Mirzəyev qəhrəmanlığı, igidliyi və vətənpərvərliyi tərənnüm edən şeirlər oxudular.
Hərbi liseyin orkestri maraqlı konsert proqramı ilə mərasim iştirakçıları qarşısında çıxış etdi. Əməkdar artist Şölə Səfərəliyevanın və "Zirvə Band" estrada qrupunun çıxışları da tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Sonda təhsildə və hərbi intizamı ilə fərqlənən kursantlara fəxri fərmanlar təqdim olundu.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"