Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyun 2021 12:05

Sənədli və Tədris Filmləri Mərkəzinin ildönümü qeyd olundu

Tarixi yazmaq, onun qəhrəmanlıq salnaməsini yaratmaq və bütün bunları qoruyaraq gələcək nəsillərin yaddaşına köçürmək  xalqımızın milli-mənəvi dəyərlər sistemində mühüm rol oynayıb. Bu baxımdan müasir ordu quruculuğu prosesində də  müharibə tariximizin qəhrəmanlıq dolu səhifələrinin yaşadılmasında və xalqımıza zəfər müjdələrinin çatdırılmasında təbliğat ən kəsərli silaha çevrilib.
Bu günlərdə 28-ci ildönümünü qeyd edən Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi istər Birinci Qarabağ müharibəsindəki, istərsə də Vətən müharibəsindəki fəaliyyəti ilə öz zəngin tarixini yaradaraq  müasir ordu quruculuğuna böyük töhfələr bəxş edib.
Sənədli və Tədris Filmləri Mərkəzi Qarabağ müharibəsinin odundan-alovundan çıxaraq döyüş xronikalarının arxivini yaradıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı studiyanın  hazırladığı çəkilişlər bu gün də   yaddaşımızdadır.
1993-cü il iyunun 2-də Müdafiə nazirinin müvafiq əmrinə əsasən  yaradılan bu qurum ilk olaraq "Sənədli Filmlər Kino-Telestudiyası" adlandırılıb. Hər il iyunun 2-də  Azərbaycan Ordusu Sənədli və Tədris Filmləri Mərkəzinin yarandığı gün kimi qeyd edilir.
Yarandığı ilk günlərdən şərəfli bir yol keçərək, müharibənin ən qaynar nöqtələrindən canlı döyüş səhnələrinin efirə verilməsində, münaqişə zonalarından telereportajların hazırlanmasında Sənədli və Tədris Filmləri Mərkəzinin böyük rolu olub. Müstəqilliyimizin ilk illərində ölkəmizdə geniş vüsət alan  ordu quruculuğu prosesini işıqlandıraraq ictimaiyyətə çatdırıb. Azərbaycanın şanlı hərb tarixinə dair filmlərin hazırlanmasında, Birinci Qarabağ savaşının qəhrəman oğullarına həsr edilən filmlərin çəkilməsində mərkəzin yaradıcı kollektivinin əməyi danılmazdır. Hərbi tədrisin daha uğurlu alınması məqsədilə əyani vəsait üçün sənədli kino və telefilmlərin hazırlanmasında da mərkəz nailiyyətlər qazanıb. Mərkəzin ordu quruculuğuna verdiyi töhfələri sadalamaqla bitmir. Müxtəlif televiziya kanallarına hərbi mövzuda verilişlər, süjetlər, informasiya blokları, reklam çarxları, eyni zamanda, dünya və ölkə mətbuatı üçün fotoreportajlar, fotoinformasiyalar hazırlayan mərkəzin bu gün Azərbaycanın müasir ordu quruculuğunu əhatə edən  video-kinoxronika materiallarından ibarət zəngin arxivi yaradılıb. 1993-cü ildən bu günə qədər hazırlanan materiallar arxivləşdirilərək mühafizə olunur.
Mərkəzin keçdiyi tarixi yola nəzər saldıqda onu da deyə bilərik ki, ordumuzun gündəlik həyatını, şəxsi heyətin hərbi xidmət zamanı göstərdiyi fədakarlıq və qəhrəmanlıq nümunələrini özündə əks etdirən süjetlərin araya-ərsəyə gəlməsində bu yaradıcı kollektivin uğurlu xidmətləri  olub.  Geniş təbliğatı ilə əsgər və zabitlərimizə vətənsevərlik, əzmkarlıq və iradə aşılayıb.
Uzun illər gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində təbliğat  proqramı kimi yayımlanan "AND" verilişi ilə  Azərbaycan Dövlət Televiziyasında efir məkanı qazanaraq, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının və döyüş ruhunun yüksəlməsinə  töhfələr verib.
 Bu gün də hərbi yaradıcılıq ənənələrini peşəkarlıqla davam etdirən mərkəzin şəxsi heyəti üzərlərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirərək, xidmətlərində yüksək bacarıq, fədakarlıq nümayiş etdirirlər. Azərbaycan Ordusunda aparılan islahatlar mərkəzin də  maddi-texniki təminatının möhkəmlənməsinə böyük təkan verib. Müasir avadanlıqlarla təchiz olunan  mərkəz gündəlik fəaliyyətində öz operativliyini daha da gücləndirib. Şəxsi heyətə yaradılan yüksək xidməti və məişət şəraiti ordu rəhbərliyinin onlara diqqət və qayğısı kimi qiymətləndirilir.
Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin şəxsi heyətinə göndərdiyi təbrik məktubunda deyilir:
"Sizi Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin yaradılmasının ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Döyüş və mənəvi-psixoloji hazırlıqda əldə edilən yüksək nailiyyətlərin təbliğ olunmasında, şəxsi heyətin hərbi vətənpərvərlik tərbiyəsində, Azərbaycan Ordusunun təbliği məqsədilə silsilə çəkilişlərin hazırlanmasında, ordumuzun fəaliyyətinin obyektiv işıqlandırılmasında, həmçinin Vətən müharibəsi zamanı ordumuzun döyüş qabiliyyətinin nümayiş etdirilməsində Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin kollektivinin layiqli töhfəsi vardır.
Bu gün də işğaldan azad olunmuş ərazilərdə apardığınız videoçəkilişlər rəşadətli Azərbaycan Ordusunun təbliğində mühüm rol oynayır.
İnanıram ki, bundan sonra da xidməti vəzifələrinizi layiqincə yerinə yetirəcək, ordu həyatının operativ işıqlandırılmasında səylərinizi artıracaqsınız.
Sizin hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və bundan sonra da xidmətinizdə uğurlar arzulayıram."
Vətən müharibəsində mərkəzin şəxsi heyəti döyüş tapşırıqlarını yüksək səviyyədə həyata keçirdilər. Onlar 44 gün  müddətində döyüş gedən ərazilərdən hazırladıqları video və foto materiallarla ordumuzun qələbə xəbərlərinin ictimaiyyətə çatdırılmasında fəal iştirak etdilər. Mərkəzin fotomüxbirləri, operatorları torpaqlarımızın azadlığı, Vətənimizin bütövlüyü naminə döyüş meydanında verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Bu gün isə işğaldan azad olunan torpaqlarımızdan hazırladıqları video materialların nümayişi ilə xalqımız uzun illər həsrətlə gözlədiyi o yerləri ekranlardan görür.  
Sənədli və Tədris Filmləri Mərkəzinin yüzlərlə sənədli və tədris filmləri, video süjet və reportajları, ordumuzun irimiqyaslı təlimləri, hərbi sahədə qazanılan bütün nailiyyətlər, keçirilən tədbirlər Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə çatdırılır.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"