Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyun 2021 12:05

Zəfər zamanı yaşadığım duyğular yaddaşımdan heç bir zaman silinməyəcək

Zabit və gizirlərimizin peşəkarlığı Azərbaycan Ordusunun gələcəyini formalaşdıran əsas amillərdən biridir. Ordu sıralarına qədəm qoyan hər bir gəncin müqəddəs və şərəfli peşənin vərdişlərinə yiyələnməsində, müasir hərbi texnikanın sirlərinə yaxından bələd olmasında, vətənpərvər bir əsgər kimi formalaşmasında peşəkar zabit və gizirlərimizin rolu danılmazdır. Onlar Vətən sevgisinin, Vətənə bağlılığın, Vətən müqəddəsliyinin nə olduğunu Azərbayan əsgərinə xidmətləri boyunca daha dərindən aşılayırlar. Azərbaycan əsgəri bu sevgi ilə xidmət edir, xidmətinin hər dönəmində Vətənə sevginin qürurunu yaşayır.
Ordu quruculuğunda kökündən dəyişən yeniləşmələr, ardıcıl və yorulmaz fədakarlıqlar və qazanılan nailiyyətlər Azərbaycan Ordusunun gücünü daha da artırdı. Leytenant Qoşqar Həsənov da hərbi xidməti təkcə vəzifə deyil, həm də amal hesab edənlərdəndir.
"Azərbaycan xalqının güvənc yeri Azərbaycan Ordusu, bizim isə güvənc yerimiz Azərbaycan xalqıdır", - deyə leytenant Qoşqar Həsənov söhbətə başladı. - O inamdır zabit və əsgərlərə dəyanət verən, əminlik bəxş edən. O inamdır ordumuza 44 günlük Vətən müharibəsində zəfər qazandıran. Xoşbəxt hərbçilərdənəm ki, həmin qələbə anını yaşayanların sırasında oldum. Vətən müharibəsində nə vaxtsa ümid etdiyim xəyallarıma çatdım. Üçrəngli Azərbaycan bayrağının işğaldan azad olunan ərazilərimizdə dalğalanmasının qürurunu yaşadım. Qazanılan tarixi zəfərdən sonra ötən ilin dekabrında keçirilən Qələbə paradında yaşadığım duyğular, gördüyüm ecazkar mənzərə heç zaman yaddaşımdan silinməyəcək. Bu döyüşlə ordumuz sübut etdi ki, ermənipərəst qüvvələrin verdiyi hər cür dəstəyə, ermənilərin işğal edilmiş ərazilərdə möhkəmlənməsinə, sədlər qurmasına, minalanmış sahələr yaratmasına baxmayaraq bütün maneələri aşmağa qadirdi.
Leytenant Qoşqar Həsənov onu da bildirdi ki, döyüşlər gedən günlərdə heç kimdə qorxu hissi yox idi: "Ali Baş Komandanın əmri ilə düşmənin silahlı təxribatının qarşısını almalı, onu geri oturtmalı və torpaqlarımızı azad etməliydik. Çox yüksək döyüş ruhu var idi. Hər bir əsgər onunla birlikdə vuruşan komandirinin döyüşündən fərəhlənirdi, daha ürəklə savaşırdı. Çünki hər birimiz bilirdik ki, işimiz haqq işidir, qarşımızdakı ərazilər bizim doğma torpaqlarımızdır. Düşmənə sübut etdik ki, onlar bizim kimi döyüşə bilməzlər. Çünki biz torpaqlarımızın azad edilməsi yolunda vuruşurduq. Ona görə də əsgərlərimiz qorxmadan, cəsarətlə və yüksək əhval-ruhiyyəylə döyüşürdülər. Hər bir zabit, gizir, əsgər bu döyüşlərdə şəhid olmağa da hazır idi ki, işğal olunmuş torpaqlarımızı azad edək. Ermənilər mövqelərimizi, o cümlədən yaşayış məntəqələrimizi artilleriya atəşinə tutdular. İstifadə etdiyimiz silahların bir qismi onları vahimələndirmişdi də, ermənilərin yanına düşən hər bir mərmi onların əsgər və zabitlərini qorxuya salırdı. Hər şeyi atıb qaçırdılar".
"Füzulinin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunan gənc zabit hərbi qulluqçulara göstərdiyi diqqət və qayğıya görə Ali Baş Komandana təşəkkür etdi. "Bizi döyüşdən-döyüşə aparan Vətən sevgisi idi. Müzəffər Ali Baş Komandanımızın hərbi qulluqçulara göstərdiyi diqqət və qayğı, bizi orden və medallarla təltif etməsi Azərbaycan Ordusuna və onun şəxsi heyətinə verilən ən yüksək dəyərdir.”
İndi ən böyük arzum Vətən müharibəsi zamanı azad olunmuş dədə-baba yurdum olan Laçını ziyarət etməkdir. Məktəbli yaşlarımdan Laçın haqqında yalnız babamın, atamın və qohumlarımın danışdıqlarını eşitmişəm. Onları eşitdikcə məndə Laçına bir bağlılıq yaranıb. Həmişə hansısa rayona gedəndə o dəqiqə havasını, suyunu, təbiətini, dağlarını Laçınla müqayisə etməyə başlayırdım. Vətən müharibəsi nəticəsində torpaqlarımız düşmən işğalından azad edildi. Artıq doğma yurdumu ziyarət etmək mənə və digər vətəndaşlarımıza da qismət olacaq. Vətən müharibəsində qazanılan Zəfər ictimaiyyəti də, döyüşlərin iştirakçılarını da bir qürurun cazibəsinə topladı, - Azərbaycan Ordusu güclüdür, qüdrətlidir, Azərbaycan Ordusu qalib ordudur.
Vətən müharibəsi iştirakçısı leytenant Qoşqar Həsənov gələcəkdə əsgərlərinə bu döyüşlər haqqında təəssüratlarını həvəslə danışacaq, onların Vətən müharibəsində iştirak etmiş, qələbə qazanmış əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığını böyük məsuliyyətlə davam etdirəcəklərinə inamını bildirəcək...

Məhəmməd ƏLİYEV "Azərbaycan Ordusu"