Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 2021 12:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Azərbaycan Ordusunun yaranması və formalaşması tarixi
Suallar:
1. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu.
2. Azərbaycan Ordusunun yaranmasının hüquqi əsasları və inkişaf mərhələləri.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu



Hər bir xalqın, millətin taleyində mühüm yer tutan hadisə azadlığa qovuşmaq və müstəqil dövlətçiliyə sahib olmaqdır. Şübhəsiz, bu yol çox çətin və məsuliyyətli bir yoldur, bu yolda gərək mübarizələrdən keçməyi, canını qurban verməyi bacarasan. Öz azadlığı uğrunda mübarizədə ölümdən çəkinməyən, son anadək mübarizə aparan millət xoşbəxtdir. Məhz Azərbaycan xalqı da tarix səhnəsində belə mübarizələrdən keçib, azadlığa aparan yolda rastına çıxan mürəkkəb şəraitlərdən çəkinməyib.
Azərbaycan müstəqillik əldə edənə qədər bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan Çar Rusiyasının tərkibində idi. Birinci Dünya müharibəsinin gedişində və Romanovlar monarxiya rejiminin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, parlamentli respublika formasında dirçəldi. Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə müstəqillik əldə etmişdir.
Həmin dövrdə Azərbaycan son dərəcə mürəkkəb hərbi-siyasi şəraitdə qərar tutduğundan və qısa müddət ərzində Azərbaycan xalqının müstəqilliyinə qənim kəsilmiş bolşevik-daşnak qüvvələrinin qarşısını almağa qadir olacaq hərbi qüvvələrin yaradılması mümkün olmadığından Azərbaycan hökuməti hərbi kömək üçün Osmanlı Türkiyəsinə müraciət etdi. 1918-ci il iyunun 4-də Azərbaycanla Osmanlı Türkiyəsi arasında imzalanmış müqaviləyə uyğun olaraq Türkiyə hökuməti Azərbaycana hərbi yardım göstərmək qərarına gəldi və Azərbaycan Xalq Cümhuriyyətinə kömək üçün Türkiyə Ordusunun ümumi sayı 15000 nəfərdən ibarət iki diviziyası göndərildi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə keçmiş Tatar süvari  alayının əsgərlərindən formalaşdırılmış  və general Əlağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. Gənc Demokratik Cümhuriyyətin yaradıcıları milli dövlətçiliyimizi qorumaq, ölkəni xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün özünün silahlı qüvvələrini yaratmaqla, milli dövlətçiliyimiz yolunda ölçüyəgəlməz, qarşısıalınmaz bir prosesə başladılar.
İyulun 11-də ölkə ərazisində hərbi səfərbərlik elan edildi. 1919-cu ilin sonunadək 25 minlik Azərbaycan Ordusu iki piyada və bir süvari diviziyasından ibarət idi. Obyektiv çətinliklər (Sentrokaspi diktaturası və ingilis müdaxiləçilərinin təmizlənilməsi) üzündən hərbi dəniz qüvvələrinin təşkilinə 1919-cu ilin sonunda başlanıldı. Hərbi nazirlik hərbi hava qüvvələrinin təşkilinin zəruriliyini nəzərə alaraq müvafiq kadrların hazırlanması üçün 1919-cu ildə Azərbaycan-Gürcüstan hərbi əməkdaşlıq müqaviləsi bağladı. Bu müqaviləyə əsasən Azərbaycandan bir qrup heyət təyyarəçi peşəsinə yiyələnməsi üçün Tiflis Aviasiya məktəbinə göndərilmişdir. Milli kadrlara olan ehtiyaclarının ödənilməsi üçün isə Hərbi Nazirlik 1920-ci ildə Azərbaycanda hərbi təyyarəçilər məktəbini açmışdır.
1918-ci ildə dünyada və regionda baş verən ictimai-siyasi hadisələrə görə Azərbaycanda mövcud olan milli hərbi qüvvələrin və Azərbaycana göndərilmiş olan Osmanlı hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı və Azərbaycanda ordu quruculuğuna və ordu hissələrinin fəaliyyətinə rəhbərlik Azərbaycan hökumətinin razılığı ilə Qafqaz İslam Ordusu komandanına həvalə edildi. Ona görə Azərbaycan hökumətinin ilk kabinetinin tərkibinə daxil edilmiş Hərbi Nazirliyin təşkili müvəqqəti olaraq təxirə salındı. Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olundu və İsmayıl xan Ziyadxanov bu vəzifəyə təsdiq edildi. Qafqaz İslam Ordusunun mövcudluğu dövrü Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun birinci mərhələsini təşkil etmişdir. 1918-ci il noyabrın 1-dən isə Cümhuriyyətin ordu quruculuğunun ikinci mərhələsi başlayır. Həmin gün Azərbaycan hökuməti Hərbi Nazirliyin bərpa edilməsi haqqında qərar qəbul etdi. Nazirlər Şurasının qərarına əsasən Azərbaycan hökumətinin sədri Fətəli xan Xoyski hərbi nazir vəzifəsini öz üzərinə götürdü. Rusiya ordusu sıralarında tam artilleriya generalı rütbəsinə qədər şərəfli xidmət yolu keçmiş Səməd bəy Mehmandarov isə hərbi nazirin müavini təyin edildi və Hərbi Nazirliyin formalaşdırılması ona həvalə olundu.
1918-ci il dekabrın 25-də Səməd bəy Mehmandarov Azərbaycan hökumətinin qərarı ilə hərbi nazir, dekabrın 29-da isə general-leytenant Əlağa Şıxlinski (28 iyun 1919-cu ildən etibarən tam artilleriya generalı) hərbi nazirin müavini vəzifəsinə təyin edildilər. Hökumət Hərbi Nazirliyin qarşısında ölkənin ərazi bütövlüyünü müdafiə etməyə qadir olan ordunun yaradılması vəzifəsini qoymuşdu. Hərbi Nazirliyin rəhbərləri olan Səməd bəy Mehmandarovun, Əlağa Şıxlinskinin və onların həmkarları olan general-mayor Həbib bəy Səlimovun, general-mayor Süleyman bəy Əfəndiyevin, general-mayor İbrahim ağa Usubovun, general-mayor Cavad bəy Şıxlinskinin və başqalarının fədakar xidmətləri nəticəsində bu vəzifənin öhdəsindən uğurla gəldilər. Cümhuriyyətin süqutu ərəfəsində Azərbaycan Ordusunda hər biri səkkiz alaydan ibarət olan iki piyada diviziyası, üç alaydan ibarət olan süvari diviziyası, iki topçu briqadası və digər hissə və bölmələr mövcud idi. Məhz bu qüvvələrin vasitəsilə 1920-ci ilin martında Ermənistanın hərbi qüvvələrinin və Qarabağdakı separatçı qüvvələrin Azərbaycanın müstəqilliyinə qarşı geniş hərbi təcavüzünün qarşısını almaq mümkün oldu.

 

Azərbaycan Ordusunun yaranmasının hüquqi əsasları və inkişaf  mərhələləri



Moskvada 1991-ci ilin avqust hadisələrindən sonra Azərbaycanda da ictimai-siyasi vəziyyət daha da kəskinləşdi. Suverenlik, müstəqillik və azadlıq uğrunda mübarizə əməli vəzifəyə çevrildi. Dağlıq Qarabağ özünü müstəqil respublika elan etmişdi. Ermənilər Dağlıq Qarabağdakı Rusiya ordu hissələrinin köməyi ilə Azərbaycanın ətraf yaşayış məntəqələrini işğal edirdilər. Hakimiyyət isə ciddi tədbirlər görmək iqtidarında deyildi. Belə bir tarixi və mürəkkəb şəraitdə Azərbaycanda Müdafiə Nazirliyinin bərpasına zərurət yarandı. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da çağırılmış növbədənkənar sessiyası "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə" qəbul etdi. Həmin qərarın əsasında Respublika Prezidentinin 5 sentyabr 1991-ci il tarixli fərmanına əsasən, Azərbaycanda Müdafiə Nazirliyi təşkil edildi və milli ordunun yaradılmasına başlanıldı. 1991-ci il oktyabrın 9-da isə Respublika Ali Soveti tərəfindən ordu quruculuğunun hüquqi bazası olan "Milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında" qanun qəbul edildi. Bu qanuna əsasən 1991-ci ilin noyabrında 22 sərhədyanı bölgədə döyüş qabiliyyətinə malik olmayan, lazımi silah-sursatla təmin olunmayan yerli əhalidən könüllü ərazi özünümüdafiə batalyonları yaradıldı.
1991-ci ilin sonlarından başlayaraq ölkə daxilində hərbi-siyasi vəziyyətin mürəkkəb olması, hakimiyyətdə olan qüvvələrin ordu quruculuğu sahəsində səmərəli siyasət izləyə bilməməsi, ictimai-siyasi hərəkatların ordu daxilində qarışıqlıq yaratmaq cəhdləri, ordunun vahid komandanlıq və bir mərkəzdən idarəolunma prinsipindən tamamilə məhrum edilməsi 1993-cü ilin ortalarına kimi davam etmişdir.
1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində istinad nöqtəsi oldu. Tarixi şəxsiyyətlər tarixin axarını xalqının, millətinin mənafeyi istiqamətinə yönəldə bilir. Mustafa Kamal Atatürk Türkiyəni xilas etdi, Heydər Əliyev Azərbaycanı. Ulu Öndərin vahid komandanlığın təmin edilməsi sahəsində gördüyü məqsədyönlü tədbirlər nizami ordunun formalaşmasına səbəb olmaqla yanaşı, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə də gətirib çıxartdı. Nəticədə mərkəzləşmiş maddi-texniki təminat işində uğurlu addımlar atıldı, müxtəlif qoşun növlərinin, ayrı-ayrı hərbi hissələrin təminatı həyata keçirilməklə formalaşması başa çatdırıldı, fərarilik hallarının qarşısı alındı, orduya çağırış işi təkmilləşdirildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi.
Ümummilli liderimiz Heydər Əliyev ordu quruculuğu prosesinə 1969-cu ildə respublikaya rəhbər seçilməsi ilə başlamışdır. Belə ki, hərbi kadr sahəsində atdığı addımlar, Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin əsasının qoyulması, azərbaycanlıların hərbi məktəblərə daxil olmasının təmin edilməsi, milli zabit kadrlarımızın vəzifələrə irəli çəkilməsi Azərbaycanın hərb tarixində yeni bir mərhələnin əsasını qoydu. Ümummilli Lider tərəfindən ordu quruculuğu sahəsində milli maraqlarımızın qorunaraq inkişaf etdirilməsi istiqamətində atılan tarixi addımlar sonradan müstəqil Azərbaycanda mərkəzləşdirilmiş nizami ordunun yaranmasına təkan oldu. Dahi rəhbər Heydər Əliyev güclü və intizamlı ordunun yaradılmasının, həm də yüksək ixtisaslı milli zabit kadrların mövcudluğundan asılı olduğunu nəzərə alaraq Hərbi Akademiyanı yaratdı, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik Məktəblərini formalaşdırdı. Bütün bunlar sübut edir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.
Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Ordusu bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşmışdır. Bir mərkəzdən  idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu  ümummilli lider Heydər Əliyevin başladığı və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Ordu quruculuğunda mühüm rol oynayan kadr hazırlığı da ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Yüksək kadr potensialı və geniş maddi-texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün Türkiyə, Rusiya, Ukrayna, Pakistan, Çin və digər ölkələrə göndərilir. Eyni zamanda, Azərbaycan hərbçiləri NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma və təlim kurslarında da yaxından iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri artıq "Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı" çərçivəsində inkişaf edir. Bundan başqa ölkə daxilində Türkiyə Silahlı Qüvvələrinin qoşun növləri ilə "TurAz Qartalı-2020" və "Sarsılmaz Qardaşlıq-2020" təlimlərində iştirak etmişlər. Bu təlimlər isə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, döyüş, əməliyyat və səfərbərlik hazırlığının yüksəldilməsi, eləcə də saxlanılmasına və növbəti nailiyyətlərin qazanılması üçün möhkəm təməl deməkdir.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İşğalda olan ərazilərimizin düşməndən azad edilməsini qarşıya prioritet vəzifə qoyan Prezident İlham Əliyev ordu quruculuğunun daha da inkişaf etdirilməsini dövlətin ən vacib vəzifələrindən hesab edir və bu istiqamətdə məqsədli islahatlar həyata keçirir. 2005-ci ildən bu günə qədər Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300 adda hərbi təyinatlı silah-sursat istehsal olunub və bu gün bu proses davam etdirilir. Azərbaycanda ən müasir hərbi texnika, silah-sursatın istehsal olunması ilə bərabər, eyni zamanda, xarici dövlətlərdən də alınması üzrə fəaliyyətlər davam etdirilir. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər sayəsində  Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Təbii ki, Azərbaycan Ordusu gücünü 2016-cı ilin Aprelində, 2018-ci ilin mayında və eləcə də 2020-ci ilin sentyabrında ərazi bütövlüyümüzün təmin edilməsi məqsədilə apardığı Vətən müharibəsində beşinci nəsil müharibə uğurları ilə də isbatladı.
Azərbaycanda ordu dövlət üçün prioritetdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair sərəncamları dövlətin orduya qayğısının geniş ölçülü təzahürüdür. Bu qayğı dönməzdir, daimidir. Azərbaycanda ordu quruculuğu dönməz prosesdir. Bu proses ordunun döyüş qabiliyyətinin, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətin məğzini, məqsədini çox aydın və dürüst şəkildə belə ifadə edib: "Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq. Son illər ərzində maddi-texniki bazanın möhkəmləndirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan Ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik".

 İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi