Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 2021 12:00

“Azərbaycan xalqı qəhrəman xalqdır”

Gənclərin milli şüurunun inkişafı və vətənpərvərlik hissinin formalaşması məsələləri hər zaman cəmiyyətimizin qarşısında duran aktual mövzulardan olub. Ulu öndər Heydər Əliyev hər zaman gənclərimizin Vətəninə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həyati əhəmiyyətli məsələ kimi baxırdı. Qəbul edilən sənədlər, imzalanan fərman və sərəncamlar - bir sözlə, bütövlükdə görülən işlər müxtəlif miqyaslı təhsil müəssisələrində ölkəmizin gələcəyi olan gənclərimizə Vətənə, xalqa, dövlətə məhəbbət hissinin aşılanması məsələsində əhəmiyyətli oldu.
Təhsil müəssisələrində şəhidlərimizin və qəhrəman oğullarımızın əziz xatirəsinə həsr olunan tədbirlər və yarışlarda, müxtəlif muzeylərə, memorial komplekslərə ziyarətlər təşkil olunur. Hərbi vətənpərvərlik tərbiyəsinə də xüsusi diqqət yetirilir. "Gənclərin çağırışaqədərki hazırlıq" fənni yeniyetmələri hərbi xidmətə hazırlayır.
Vətən müharibəsi başlayanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncama əsasən qismən səfərbərliyin elan olunması ilə gənclərimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayon şöbələrinə müraciət edir, döyüşlərdə iştirak etmək istədiklərini bildirirdilər. Hər kəsin gözündə qisas, üzündə Vətəni qorumağın müqəddəs vəzifə olduğunu ifadə edən cizgilər olurdu. Son döyüşlər zamanı hər bir gəncin qəlbi Azərbaycan əsgəri ilə bir döyünürdü. "Əsgərə məktub" layihəsi çərçivəsində igid oğullarımıza məktəblilər tərəfindən göndərilən minlərlə məktub vətənpərvərliyin nümunəsi idi.
"N" hərbi hissəsində zabit Eldar Bahadurlunun övladları tətil günündən istifadə edərək atalarını ziyarətə gəlmişdilər. Öncə təcrübəli zabitdən uşaqların vətənpərvər ruhda böyüməsində valideynlərin rolunu öyrəndik. Zabit qeyd etdi ki, gənc nəslin Vətəninə və millətinə sədaqət hissinin formalaşmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür. “Bir valideyn üçün övlad çox şey deməkdir, amma xalqın övladı olmaq hər adama qismət olmur. Şəhidlərimiz canı bahasına xalqın övladı oldular”.
Zabit və onun övladları ilə hərbi hissənin ərazisində şəhidlərin şərəfinə ucaldılmış abidəyə yaxınlaşdıq. "Xalqımızın və dövlətimizin gələcəyə ümidləri məhz gənclərimizin fəaliyyət və xidmətləri ilə bağlıdır. Övladlarıma hər zaman savadlı və yüksək dünyagörüşünə malik şəxs kimi yetişməsindən əlavə, Vətəninə, torpağına bağlı, şəhid və qəhrəman oğulların vətənpərvərlik hissinə sadiq bir vətəndaş kimi formalaşmağın vacibliyindən danışıram. Qızlarım Əsnad və Yağmuru körpə yaşlarından vətənpərvər ruhda təlim və tərbiyə etməyə çalışmışıq. Kiçik yaşlarından dövlətimizin milli atributlarının (Dövlət gerbi, Dövlət bayrağı) yaranma tarixini və onların mənasını övladlarımıza izah etmişik, Dövlət Himnini kiçik yaşlarından əzbər bilirlər. Bir zamanlar işğalda olan rayon və şəhərlərimizin azad olunma günlərini öyrəniblər. Uşağa Vətən sevgisini aşılamamışdan qabaq, Vətəni tanıtmaq lazımdır. Qarşısında durduğumuz şəhidlər abidəsi uşaqlara, gənclərə vətənpərvərlik hissi aşılamaqda mühüm rol oynayır. Vətənimizin bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanları hər kəs tanımalı, onların ruhu hər zaman yüksək ehtiramla yad olunmalı, hər bir gənc onların ömür yollarını layiqincə yaşatmalıdır. Çünki biz bu gün onların fədakarlıqları sayəsində rahat həyat sürə bilirik".
Əsnadın “Əsgərə məktub” layihəsində iştirak etdiyini öyrəndim. "Azərbaycan əsgəri bizim qürur yerimizdir!" - deyə Əsnad söhbətə başladı. - Hərbçi qızı olaraq demək istərdim ki, bu peşə çətin və şərəfli peşədir. Atam uzun illərdir ki, hərbi qulluqçu kimi Vətənin müdafiəsindədir. Çox vaxt atam işdən gec gəlir, çünki müqəddəs amala xidmət etməyin vaxtı, vədəsi olmur. Atam boş vaxtlarını bizimlə səmərəli keçirməyə çalışır - parklara gedirik, Şəhidlər xiyabanını ziyarət edirik, dərslərimizi hazırlamaqda da bizə köməklik edir. O, bizimlə söhbətlərində Azərbaycan əsgərinin gücünü, qüdrətini xalqın dəstəyindən aldığını qeyd edirdi. Son döyüşlər mənə bu sözün mahiyyətini daha dərindən anlamağa kömək oldu. Televiziyalarda Azərbaycan əsgərinin rəşadətindən danışılırdı, hamımız fəxr edirdik. Döyüşlər vaxtı, cəbhədəki əsgərlərimizə məktub göndərərkən sevincimin həddi-hüdudu yox idi. Öncə özüm, bacım və qardaşım adından Azərbaycan əsgərinə salamımızı qeyd etdim məktubda. Onlarla fəxr etdiyimizi yazdım və qeyd etdim ki, hər zaman olduğu kimi, bu döyüşlərdə də onlara inamımız sonsuzdur. Xalqın dəstəyindən güc alan Azərbaycan əsgəri düşmənlə həlledici döyüşlərə atıldı. Hər birimiz Azərbaycan əsgərinin qazandığı uğurlara sevinir, şəhid xəbərlərinə üzülürdük. Şəhidlik müqəddəslikdir. Vətən müharibəsində şəhadətə yüksələn igid oğullarımızın hər birinin adı tarixə yazıldı. Onlar qanları ilə yazdılar bu tarixi. Şəhidlərimizin hər biri yüksək ehtirama layiqdirlər, xalqımızın qəlbində hər zaman yaşayacaqlar.  Onlar bizim firavanlığımız üçün öz həyatlarını qurban verdilər. Torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəldilər. Allah şəhidlərimizə rəhmət eləsin!
Zabit və övladları ilə leytenant Rəhman Əjdərovun, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Kamil Şıxmuradovun və əsgər Hikmət Babaşovun xatirəsinə salınmış şəhidlik abidəsini ziyarət etdik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Əlağa Şıxlinski, Səməd bəy Mehmandarov, Həzi Aslanov, Mehdi Hüseynzadə, Murad Mirzəyev, Raquf Orucov, Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov kimi minlərlə mərd və cəsur oğullarımızın vətənpərvərliyi əbədidir.

Fuad CƏFƏROV   "Azərbaycan Ordusu"