Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 2021 12:00

Azərbaycan Ordusu xalqımızın növbəti qalibiyyət səhifəsini yazdı

Bir yaz günü sübh çağıdı. İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunmuş hərbi hissələrin şəxsi heyətilə görüşə tələsirik. Bunun üçün də səhərin erkən saatlarından yola çıxırıq. Evlər, küçələr, insanlar, şəhər arxada qalır. Bir müddətdən sonra düz yolları torpaq yollar əvəz edir. Yolboyu yalnız kədər, qəzəb, hiddət doğuran mənzərələr görürük. Düşmənin uzun illər ərzində yaratdığı hərbi istehkamlar, keçilməzlik mifi məhv olan "Ohanyan səddi"nin tikanlı məftillər çəkilmiş çoxcərgəli beton dirəkləri, hündürlüyü üç metrə çatan uzun torpaq bəndlər arxada qalır... Daha sonra dağıdılıb məhv edilmiş yurd yerlərimizin xarabalıqları... Ermənilər bütün yaşayış məntəqələrimizi tanınmaz hala salıb - bizim izimizi, irsimizi itirmək üçün hər cür vəhşiliyə əl atıb... Amma təsəllimiz budur ki, indi qalib ordunun hərbi qulluqçuları ilə görüşə gedirik, sevincimiz kədərimizi üstələyir, gələcəyə nikbin baxırıq, Qarabağın hər guşəsinin abadlaşdırılacağına əminik.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş torpaqlarımızda, yaşayış yerlərindən kilometrlərlə uzaqda dislokasiya olunan bölmələrin şəxsi heyətinin yerləşdiyi ərazilərə çatırıq. Şəxsi heyətin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər çərçivəsində modul tipli yataqxanaların qurulması prosesi də dediklərimizin sübutudur.
Şəxsi heyətin səhra şəraitində kompakt yerləşdirilməsi üçün nəzərdə tutulan və ən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilən modul tipli yataqxanalarla yaxından tanış oluruq. Burada zabit və əsgər heyətinin xidmət aparması üçün bütün infrastruktur qurulub, yataqxanalar elektrik, su və qaz xətləri, tibb məntəqəsi, yeməkxana, mətbəx, eləcə də silah otaqları və hamam-sanitar qovşağı ilə təmin olunub.
Sosial-məişət şəraiti ilə tanışlıqdan sonra şəxsi heyət ilə görüşürük. Söhbət zamanı gizir Qabil Piriyev bildirir ki, Vətən müharibəsində Azərbaycan Ordusu xalqımızın şərəfli tarixinin növbəti qalibiyyət səhifəsini yazdı. "Ordumuz mənfur düşmənə döyüş meydanında layiqli yerini göstərdi. Minlərlə azərbaycanlının qürur mənbəyi olan Vətənimiz və dünya bizim savaşa hazır olduğumuzu gördü. Hər bir azərbaycanlının haqq sözü torpaqların işğaldan azad olunması və sahibinə qaytarılması idi. Biz haqqımız uğrunda vuruşduq və öz haqqımızı düşməndən aldıq.
Damarlarında azərbaycanlı qanı axan bir hərbçi olaraq deyə bilərəm ki, Vətən qarşısındakı borcumuz hələ bitməyib. Vətəni hər zaman qoruyacaq, onun çiçəklənməsi, ordumuzun inkişafı naminə əlimizdən gələni edəcəyik. Ətrafımızdakı insanlara, cəmiyyətə verdiyimiz töhfələr və bunun əsasında yaranan xoş məqamlar həyatımızın ən dəyərli anlarını təşkil edir. Vətənimizə, xalqımıza, cəmiyyətimizin inkişafına səmərəli xidmət etmək naminə göstərdiyimiz fəaliyyət sağlam gələcəyimizin formalaşması deməkdir. Bu baxımdan Vətənimizə xidmət şərəf borcumuzdur".
Kiçik çavuş Teymur İsmayılov bildirir ki, bu gün ölkəmiz müharibədə zəfər qazansa da, torpaqlarımızı qorumağa hər zaman ehtiyac var. "Rəşadətli Azərbaycan Ordusunun əsgəri olaraq torpağımız hər birimiz üçün dəyərlidir. Qətiyyətlə deyə bilərəm ki, əsgərlərimiz ona tapşırılan mövqeləri sayıqlıqla qoruyurlar. Azərbaycan Ordusunun əsgəri mərd və qorxmazdır. Qələbə qazansaq da, hər zaman ehtiyatı əldən verməməyə çalışırıq. İçimizdə o qədər Vətən, torpaq sevgisi var ki, bu yolda ölüm də bizi qorxutmur".
"Müstəqil Azərbaycan, Vətənimiz, yurdumuz ifadəsi hamımız üçün əzizdir. Buna görə də dövlətimizin müstəqilliyini əbədi etmək üçün hər kəs əlindən gələni edir. Vətənə xidmət etmək bir əsgər kimi bizim müqəddəs borcumuzdur. Bu şərəfli borcu məsuliyyətlə yerinə yetirmək üçün üzərimizə düşən tapşırıqları, vəzifələri vaxtında və düzgün yerinə yetirir, öz xidmətimizlə digər yoldaşlarımıza da nümunə olmağa çalışırıq", - deyə çavuş Samir Ağayev yoldaşının fikrinin təsdiqi olaraq bildirir.
Əsgər Allahyar Quliyevin dediyi fikirlər hər kəsə duyğulu anlar yaşadır. "Deyirlər ki, nəyi çox istəsən, o arzun mütləq həyata keçər. Mən Qarabağı görməyi, özü də azad görməyi çox istəyirdim. İstəyirdim, Qarabağın azadlığında mənim də bir əsgər kimi payım olsun. Torpaqlarımızı azad etmək də nəsibim oldu, onu azad görmək də".
"Azərbaycan Ordusunun əsgəri kimi sevinirəm ki, bu haqda düşünməyə və danışmağa haqqımız çatır", - deyə əsgər Aydın Kərimov bildirir. - Bu gün ordumuz düşmənin bütün təxribatlarının qarşısını yerindəcə alır və daim Vətənimizin keşiyində ayıq-sayıq dayanır. Vətən müharibəsi də bunu sübut etdi ki, istənilən zaman ordumuz torpaqlarımızı azad etməyə qadirdir və yüksək döyüş hazırlığına malikdir. Bu gün deyə bilərəm ki, işğaldan azad olunmuş torpaqlarımızın qorunması və düşmən təcavüzündən müdafiə olunması üçün istənilən müqəddəs savaşa hər zaman hazırıq!

Məhəmməd ƏLİYEV,  fotolar Rəşad ƏMRAHOVUNDUR   "Azərbaycan Ordusu"