Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 May 2021 19:25

Ən gözəl yallı

Bu ilin mayında Cıdır düzündə yallı gedən əsgərlərimizin timsalında ordumuza ithaf edirəm
Dağların yallısını yazdığım vaxtdan illər keçib. O yazı ürəyimdən keçənlərin söz yallısıydı. Onda könlümüz işğal sazağına qılınc sıyıranların sırasına can atırdı. O vaxtlarda "kor atı minib köndələn çapmaq istəyənlər" Ohanyan səddinin o üzündən bu tərəflərə köntöy-köntöy baxırdı, baxa-baxa sinəsinə döyürdü, sinəsinə döyə-döyə baxışlarında ermənilik qımıldanırdı. O vaxtlarda suların axışı da, şimşəklərin çaxışı da, göy üzünün göz yaşı da - yağışı da bizə bir ürək tutumunca təsəlli biçimində səbr, səbr biçimində təsəlli olurdu: Qiyamətə qalmayacaq qisas günü!
Vətən müharibəsi başladı. Azərbaycan əsgəri düşmənin tapındığı, keçilməzliyinə ümid olduğu sədləri darmadağın etdi, döyüşə-döyüşə irəlilədi, irəliləyə-irəliləyə döyüşdü. Barmağı tətikdən üzülmürdü Azərbaycan əsgərinin:
Bu, min illərin tarixinin qisası!
Bu, Tofiqin qisası!
Bu, Əlifin qisası!
Bu, evində diri-diri yananların qisası!
Bu, körpəsi qucağında donanların qisası!
Bu, qarda-sazaqda arzuları buza dönənlərin qisası!
Yanan evləri görcək gözlərinin işığı sönənlərin qisası!
Döyüşənlərimizə
Döyüş əmri...
Tətiyə sarı uzalı
barmaq...
Qələbə ruhuyla
dalğalanan bayraq da kəsərli silah idi və bu kəsərli silah onları Zəfərə yaxınlaşdırırdı...
Barmağı tətikdən üzülmürdü Azərbaycan əsgərinin:
Bu, qar qalağından keçən ataların qisası!
Bu, qar qalağını dizləyə-dizləyə uzaqlaşanda kürəyinə güllə dəyən ağsaqqalın qisası!
Bu, əsir düşməsin deyə əvvəl qızını, sonra özünü öldürən atanın qisası!
Bu, ata-ana itirən körpələrin qisası!
Bu, sazaqda baş şalı bürüncəyinə dönən nənələrin qisası!
Bu da demədiyim çox nələrin qisası!..
Ürəyinin gözüylə baxanlar görürdü ki, Azərbaycan əsgəri döyüşə Şuşada dalğalandıracağı bayrağımızı bağrına basıb gedir, mövqe döyüşündən dönüşündə dövlət bayrağımızı öpüb gözlərinin üstünə qoyur. Silahların əsgərlərin köksünə necə sığındığını görən göylərin boz buludları seyrəlir, uca ruhlar uğurlayır Azərbaycan əsgərini...
Azərbaycan əsgəri Şuşanı işğaldan azad etdi.
Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etdi...
Azərbaycan əsgəri Cıdır düzündə yallı gedir. Bu yallı son yüz ilin ən gözəl yallısıdı. Bu yallını yerlər də alqışlayır, göylər də. Pənahəli xanın, Nəvvabın, Natəvanın, Cabbarın, Seyidin, Xanın, Bülbülün, ... ruhu alqışçılar sırasındadı...
Bu yallı "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!.." kəlamlarının yallısıdı!..
Cıdır düzü "Bəsdi, yoruldunuz..." deyənəcən qol-qoldan, əl-əldən üzülməyəcək. Bu yallı 30 ildi gözləri yollardan yığılmayanların, zamanında düyün düşən arzuları çözülməyənlərin, indi niyyəti İsa bulağının zümzüməsinə hay verənlərin yallısıdı, xalqa Zəfər boyda könül xoşluğu yaşadanların yallısıdı, Cıdır düzündən Daşaltıya daş atanların yallısıdı, dərdi-qəmi solanların yallısıdı, son kəlməsi "Ana Vətən!" olanların yallısıdı!..
Bu yallı başlanğıcını min illərin o üzündən götürən milli-xəlqi incəsənətin nişanələrindəndir; Qobustandakı qayaüstü rəsmlər də bunun təsdiqidir...
Cıdır düzündə, elə burada, Azərbaycan Bayrağının meydan kölgəsində nə gözəl yallıdı bu yallı, a Tanrı, nə gözəl yallıdı!..

Rəşid HÜSEYNOV əməkdar jurnalist