Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 May 2021 19:25

Günnütdən Qarabağa!

Bəzən zaman elə sürətlə irəliləyir ki, biz zamanın necə ötdüyünün fərqinə belə varmırıq. Amma elə tarixlər, elə anlar var ki, onlar qürurla xatırlanır.
2018-ci ilin may ayı. Şanlı Azərbaycan əsgərinin tariximizə qızıl hərflərlə yazdığı daha bir Zəfər günü.
Həyatımda ikinci dəfə bir jurnalist olaraq hərbi geyimi qürurla geyinmək şərəfinə nail olduğum gün mənim üçün də unudulmaz gün idi. Bu dəfə bizi şərəfli və məsuliyyətli  bir səfər gözləyirdi. Bu səfərin məqsədi Günnüt zəfərini qazanmış qəhrəman Azərbaycan əsgəri ilə görüşmək, əldə edilmiş strateji yüksəkliklərdən çəkilişlər aparmaq idi. Bu yola çıxmaq hər bir Azərbaycan vətəndaşının arzusu və hər bir jurnalistin həyəcanla düşündüyü hisslər idi. Yola həmkarım, tanınmış jurnalist Ruhiyyə Rəsulova ilə birlikdə çıxdıq. Təbii ki, bu bizim üçün böyük xoşbəxtlik idi...
Bizi 26 il sonra Azərbaycan əsgərinin ilk dəfə ayaq basdığı bu torpaqlara aparan yol, sözsüz ki, həyəcanlandırmaya bilməzdi. Uzun, çətin dağlıq şəraitində hərbi avtomobildə  irəlilədikcə igid oğullarımızın bu çətin relyefə malik ərazidə necə mərdliklə və əzmlə xidmət apardığının, bu yurd yerimizi öz nəzarətlərinə keçirdiyinin heç də asan başa gəlmədiyinin şahidi olurduq. Bəzən hərbi avtomobillərin belə irəliləyə bilmədiyi bu yerlərdə ürəyi Vətən eşqi ilə döyünən qəhrəmanlarımız xidmət edirdilər. Burada hər zabitin, hər əsgərin gözündə parıldayan zəfər alovunu görürdük. Qəhrəman  igidlərimiz  bir gecədə düşməni taktiki cəhətdən üstələyib mövqelərini daha da irəliyə çəkərək strateji cəhətdən yüksək mövqelərdə möhkəmləniblər. "Qızılqaya" və "Qaraqaya" dağlarında, Dərələyəz mahalının Arpa  kəndində  və Mehridərə vadisində düşmən fəaliyyəti tam olaraq nəzarət altına götürülüb. Ümumilikdə 11 min hektara yaxın əraziyə, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin də azad edilməsi ilə düşmən ərazisindən keçən İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna birbaşa nəzarət etmək imkanı ordumuzun əlindədi.
Bütün bunlar hər bir  azərbaycanlı kimi bizi də qürurlandırırdı.  Axı bu Vətənin hər daşında, hər qayasında ulu babalarımızın ayaq izləri, vaxtilə  burada yaşamış günnütlülərin məzarları var. Ordumuzun  qorxmaz, igid, cəsur əsgərləri heç zaman düşmənin dövlət sərhədimizi  pozmasına imkan vermir. Budur, Azərbaycan əsgərinin gücü!
Mən düz bir il sonra yenidən döyüş bölgəsində xidmət edən şəxsi heyətlə görüşə bildim. Amma bu dəfə  bizi başqa bir mənzərə qarşıladı. Bir il ərzində çəkilmiş  rahat yollar bizi əsgərlərin xidmət etdiyi Qızılqaya yüksəkliyinə aparırdı.
Bu əməliyyat çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri  Vasif Talıbovun ordumuzun nəzarətinə keçən Günnüt kəndinə gələrək burada xidmət keçən əsgər və zabitlərlə görüşü, bu istiqamətdə uğurla başa çatan əməliyyatlara görə onlara təşəkkür etməsi və bu əməliyyatda fərqlənən əsgər və zabitləri qiymətli hədiyyələrlə mükafatlandırması şəxsi heyəti daha da ruhlandırdı.
Az bir müddətdə Ali Məclis sədrinin bilavasitə tapşırığı ilə postlarda və bölmələrdə yeni əsgəri yataqxana və xidmət binaları inşa olunub. Əraziyə yeni yollar çəkilib, postlar arasında rahat əlaqə təmin edilib. Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bütün mövqelərində şəxsi heyət üçün nümunəvi xidmət şəraiti yaradılıb.
Qısa zaman ərzində işğaldan azad edilmiş yeni mövqelərdə inşa olunan əsgəri-məişət kompleksləri, ön xətdə xidmətin rahat və etibarlı təşkili üçün yaradılan şərait ordumuzun qüdrətini bir daha təsdiqlədi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi Günnüt əməliyyatını peşəkarlıq və məharətlə həyata keçirilən uğur adlandırıb: "Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstəribdir. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur".
Bu ərazilər işğaldan azad olunan zaman hərbi mütəxəssislər bildirirdilər  ki, Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi bu əməliyyat nəticəsində əldə edilən həmin yüksəkliklər, gələcəkdə nəinki Naxçıvan istiqamətində, hətta Qarabağın işğaldan azad edilməsi istiqamətində də mümkün genişmiqyaslı hərbi əməliyyatların gedişini təyin edə bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvana son səfəri zamanı da qeyd etdiyi kimi:  "Günnüt əməliyyatı, biz də dediyim kimi, bunun üstünü vurmaq istəmədik. Amma ondan sonra Ermənistanın artıq devrilmiş hakimiyyətinin jurnalist nümayəndələri gedib bizim yeni postlarımızı çəkib, bunu internetdə qoyubdur, paylaşıbdır və ondan sonra Ermənistanda hay-küy qalxdı. Onda mən dedim ki, daha biz də niyə gizlətməliyik? Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinə tapşırıq verdim ki, siz də məlumat verin, çəkiliş qrupu göndərin və çəkiliş qrupu getdi, həmin o yüksəklikləri gördü. Yəni, Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi".
Bu gün günnütlülər ordumuza arxalanaraq ata-baba yurdlarında rahat şəkildə öz təsərrüfatlarını genişləndirirlər. Bu yurdun əsl sahibləri indi burada həm  heyvandarlıq, həm də  arıçılıqla məşğul olurlar.
Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, hər bir vətəndaşımız rahat, sabitlik şəraitində yaşayır, Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvanın müdafiəsində cəsarətlə dayanır, ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq müstəqilliyimizin qorunmasında və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında öz vəzifələrini məsuliyyətlə yerinə yetirir. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.
İllər öncə Günnüt zəfərində iştirak edən igid oğullarımız Qarabağımızın azadlığa qovuşmasında da xüsusi şücaət göstərdilər.
Günnüt zəfəri ilə qələbəni ruhunda hiss edən şanlı Azərbaycan Ordusu işğal altındakı digər torpaqlarımızda da üçrəngli bayrağımızı dalğalandırdı. Bu gün qalib Azərbaycan əsgəri Günnüt dağlarından Şuşaya, Cıdır düzünə "Mübariz" və "Polad" addımlarla irəlilədi. Qarabağda zəfər savaşında döyüşən, qələbə paradında iştirak edən  igid  Azərbaycan  əsgəri, səninlə qürur duyuruq!

Ramal MƏMİŞOV Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Televiziya və Radio Verilişləri Redaksiyasının baş redaktoru