Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 May 2021 19:25

“O günləri həmişə qürurla xatırlayacağam”

Ən yeni silah və texnika ilə təchiz olunan, müasir standartlara uyğun qurulan, dünyanın ən güclü orduları sırasında olan Azərbaycan Ordusu istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə qadirdir.
Rəşadətli ordumuz ötən ilin 27 sentyabrında başlayan Vətən müharibəsində tarixi zəfər qazandı. Hərbçilərimizin qəhrəmanlığı və iradəsi sayəsində düşmənin ordusu  darmadağın edildi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyiylə torpaqlarımız işğaldan azad edildi.
Vətən müharibəsində tankçılarımız da döyüş tapşırığının öhdəsindən bacarıqla gəldilər. Onlar zirehli texnikanı yüksək peşəkarlıqla idarə edərək düşmənə sarsıdıcı zərbələr endirdilər.
Müharibə qələbəmizlə başa çatdı. Tankçılarımız da təlimləri davam etdirir. Bu, döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına xidmət edir.
"N" hərbi hissəsində tank komandiri leytenant Fikrət Əliyevdən öyrəndim ki, uşaqlıqdan hərbiyə olan marağı onu ordu sıralarına bağlayıb. O, 2015-ci ildə Heydər Əliyev adına Hərbi Liseyi, 2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini tank komandiri ixtisası üzrə bitirərək hərbi xidmətə başlayıb. Zabit Fikrət Əliyev bildirdi ki, tank düşmənin müdafiə xəttini yararaq hücum etmək imkanına qadirdir. "Bundan əlavə, zirehli texnika su maneələrini keçə, su altında hərəkət edə, güclü müdafiə mövqeyi qura, əks-hücum əməliyyatı həyata keçirə bilər".
Söhbət əsnasında onun Vətən müharibəsinin iştirakçısı olduğunu da öyrəndik. Döyüşlərdə komandiri olduğu heyət ilə birlikdə düşmənin xeyli sayda canlı qüvvəsini və atəş nöqtəsini məhv edib.
"Plana uyğun olaraq keçirilən təlimlər sayəsində döyüş vərdişlərimizi və bacarığımızı artırır, təhkim olunan zirehli texnikanın sirlərinə dərindən yiyələnirdik. Hər bir hərbçi kimi biz də Ali Baş Komandanımızın döyüş əmrini gözləyirdik. 2020-ci il sentyabrın 27-də ordumuz əks-hücum əməliyyatına başladı. Biz də müharibənin ilk günündən komandanlığın göstərişi ilə döyüşlərə qatıldıq. Həm müasir texnika, həm də yüksək döyüş hazırlığı və vətənpərvərlik ruhu cəhətdən düşməndən qat-qat üstün idik. Bütün bu amillər bizim qələbə qazanmağımızda müstəsna rol oynadı. Qubadlı rayonunun işğaldan azad olunması uğrunda gedən əməliyyatlarda fəal iştirak edərək düşmənin xeyli sayda canlı qüvvəsini, atəş nöqtələrini məhv etdik".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Talıb Məhərrəmov bildirdi ki, döyüş hazırlığı dərslərində, təlimlərdə, silah və texnikaya qulluq zamanı məsuliyyətli oluruq. "Hərbçi öz silahının və texnikasının sirlərini daima mükəmməl bilməli, ona həvalə edilən texnikanı həmişə döyüşə hazır vəziyyətdə saxlamalıdır. Tankın mühərrikindən tutmuş hərəkət hissəsinə qədər hər bir detal haqqında yüksək biliyə malik olmalıyıq".
Elnur Quliyev əslən Qazax rayonundandır, indi sürücü-mexanik vəzifəsində xidmətini davam etdirir. "Hərbi xidmətə başladığımız ilk günlərdə bəzən çətinliklərimiz olurdu. Amma bu gün heç bir çətinliklə qarşılaşmırıq. Çünki mütəmadi olaraq keçirilən təlimlərdə, dərslərdə iştirak edir, döyüş qabiliyyətimizi artırırıq. Qazandığımız bilik və təcrübə sayəsində İkinci Qarabağ savaşında üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəldik. Verilən döyüş tapşırığını uğurla yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdik. Düşmən üzərində qazandığımız qələbə xalqımızın, dövlətimizin gücünü dünyaya sübut etdi. Fəxr edirəm ki, həmin qələbənin qazanılmasında mənim də payım var. O günləri həmişə qürurla xatırlayacağam".
Vətən müharibəsi ordumuzun gücünün, qüdrətinin təsdiqi kimi tarixi zəfər qazandı. Bu zəfər Azərbaycanımızın dövlətçilik tarixində həmişə qürurla xatırlanacaq. Bu zəfər Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tamamladı. Bu döyüşlərdə iştirak edənlərin hər biri qələbə ovqatına Vətən sevgisi deyir. Söhbətləşdiyim hərbi qulluqçular da onların sırasında...

Elçin İMANOV "Azərbaycan Ordusu"