Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2021 12:00

Bölmələrimizdə uğurlu xidmət üçün hər bir şərait yaradılıb

Müzəffər Ali Baş Komandan İlham Əliyevin orduya olan xüsusi diqqət və qayğısı nəticəsində bu gün yerləşdiyi yerdən asılı olmayaraq bütün bölmələrimizdə hərbçilər üçün hər bir şərait yaradılıb. İllərdir düşmən işğalında olan doğma torpaqlarımız igid oğullarımızın şücaəti ilə öz azadlığına qovuşdu. Ölkə rəhbərliyinin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərimizdə yeni hərbi hissələr tikilir, hərbçilərin sosial-məişət şəraitinin yüksəldilməsi istiqamətində işlər görülür. Azərbaycan əsgərinə göstərilən diqqət və qayğı, yaradılan yüksək məişət şəraiti, hərbi xidmətin uğurları üçün zəmin yaradır. Orduda xidmət edən hər bir gənc rahat şəraitdə, çətinlik çəkmədən uğurlu xidmət edir.
"N" hərbi hissəsində hərbi qulluqçularımız üçün yaradılan məişət şəraiti ilə tanış olduq. Zabit Amil Hüseynov bizi müasir tələblərə cavab verən, tamamilə avtomatlaşdırılmış sistemdə fəaliyyət göstərən camaşırxana ilə tanış etdi. Zabit bildirdi ki, əsgərlərin döyüş əzmini artıran amillərdən biri də yüksək məişət şəraitinin olmasıdır. “Belə şəraitdə xidmət edən əsgərlərimizi yalnız bir məsələ düşündürür - döyüş vərdişlərini möhkəmləndirmək, qarşıya qoyulan mühüm tapşırıqları yerinə yetirmək!”
Çirkli camaşırların qəbulu, yuyulub-ütülənməsi və təmizlənmiş camaşırların saxlanc otaqlarına təhvil verilməsi prosesini izlədik. Camaşırxananın təmizliyi və səliqəsi göz oxşayırdı. Xüsusi geyim formasında xidməti vəzifələrini yerinə yetirən qadın operatorlar bütün işləri avtomatlaşdırılmış rejimdə görürlər. Operator Sevinc Məmmədova ilə söhbətləşdik, gördüyü işlər haqqında soruşduq. O bildirdi ki, camaşırxana yeni avadanlıqlarla təchiz olunub, müasir standartlara tam cavab verir. "Burada çirkli camaşırlar - şəxsi heyətin yataq dəstləri və geyimləri bölmələrdən təhvil alınır və xüsusi məhlullarla paltaryuyan maşınlarda tam gigiyenik qaydada yuyulur. Müasir avadanlıqlarla qurudulduqdan sonra camaşırların ütülənmə prosesi xüsusi masada həyata keçirilir. Sonra təmiz camaşırlar qablaşdırılıb müvəqqəti saxlanca göndərilir. Hər həftənin şənbə günü isə şəxsi heyətin istifadəsinə verilir. Yeni avadanlıqların köməkliyi ilə çamaşırlar tez bir zamanda yuyulub təhvil verilir, bununla da işimizi vaxtında və keyfiyyətli görmüş oluruq. Əsgərlərin hər biri bizim övladlarımızdır. Onlara qulluq etmək hər birimiz üçün sevindiricidir. Bizlərə Qələbə sevincini yaşadan hərbçilərimizlə fəxr edirik, onlara xidmət etməkdən qürurlanırıq".
Camaşırxanada çalışan xanımların işlərinə məsuliyyətlə yanaşmalarından, şəxsi heyətə göstərilən diqqət və qayğıdan bir daha əmin olduq ki, əsgərlərimizin sosial-məişət şəraiti olduqca yüksək səviyyədədir. Bu da şəxsi heyətin mənəvi-psixoloji hazırlığını və döyüş ruhunu artırmağa köməklik edən başlıca amillərdəndir.        

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"