Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2021 12:00

Şəhid ailələrinə diqqət yüksək səviyyədədir

Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal etmişdi. Nə BMT-nin Təhlükəsizlik Şurası, nə də ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlər bu münaqişəni danışıqlar yolu ilə həll edə bilmədi, bəlkə də həll etmək istəmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan xalqı və Azərbaycan dövləti Qafqazda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəkdir" bəyanatından sonra bu istiqamətdə ciddi düşünməli idilər. Münaqişəni Azərbaycan Ordusu həll etdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri böyük təxribat törətmək, yeni ərazilər işğal etmək niyyəti ilə ərazilərimizə hücum etdi. Ordu hissələrimiz hücumun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı. Bu əməliyyat Vətən müharibəsi kimi davam etdirildi.
Şəmkir rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "...Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır" fikri də hamının yaddaşındadır. Rayonda şəhidliyə, şəhidlərə hörmət və ehtiram həmişə olub, indi də var. Şəhidlər parkı bütün yaş qruplarının sevgiylə getdiyi mənəvi ziyarət yeridir.
Şəhidlərə, şəhidliyə düzgün münasibətin gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasında, dövlətə, dövlətçiliyə sədaqət hisslərinin mətinləşməsində ictimai əhəmiyyəti böyükdür. Bu baxımdan Vətən müharibəsi də, qazanılan Zəfərdən sonra dövlətin hərbi qulluqçulara, şəhid ailələrinə diqqət və qayğısı, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən tədbirlər, bu və ya digər ictimai təşkilatın  bu siyasətin icraçısı olması mahiyyət etibarilə fəlsəfi yetkinləşmə vasitəsinə çevrilir.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyevin rəhbərliyi ilə Vətən müharibəsi qazilərinə, şəhid ailələrinə qayğısı təqdirəlayiqdir. Fəxrəddin Vəliyev dedi ki, Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə istər maddi, istərsə də mənəvi yardım bizim həm vəzifə, həm də mənəvi borcumuzdur. “Belə borclar məsuliyyətlə yerinə yetirilməlidir ki, dövlətçiliyimiz daha ciddi mühafizə edilsin. Bu baxımdan hər birimiz müharibə başa çatdıqdan sonra da işimizi əsgəri məsuliyyətlə davam etdirəcəyik”.   
Birinci Qarabağ müharibəsində Şəmkir rayonundan 249 nəfər şəhid olub. Onların adları əbədiləşdirilib. Bu, şəhidlərə, şəhidliyə ehtiramın təzahürüdür. Rayonda şəhid ailələrinə xüsusi qayğı göstərilir. Onlar mənzillə, minik maşını ilə təmin edilirlər.
YAP Şəmkir rayon təşkilatı Vətən müharibəsində şəhid olanların dəfnində ehtiramla iştirak etdi. Bu ehtiram yeniyetmələrin, çağırışçıların dünyaduyumunun vətənpərvərlik səviyyəsində formalaşmasında milli-ruhi örnək oldu.
Bu müharibədə şəmkirlilər də yaxından iştirak etdi, müəyyən mənada Vətən müharibəsinin mənəvi iştirakçısı oldu. Onlar da döyüşlərdə xalq-ordu münasibətinin cəfakeşi oldular.
Digər ictimai təşkilatlar kimi YAP Şəmkir rayon təşkilatının  fəalları ailələrlə müntəzəm əlaqə saxlayır, onlara kifayət qədər mənəvi dəstək olurlar. Rayonda yaşayan qazilərə, şəhid ailələrinə yüksək səviyyədə dövlət dəstəyi var. Onların mənzil növbəsinə, minik maşını ilə təmin edilməsinə ciddi nəzarət edilir. Əminliklə demək mümkündür ki, belə nəzarətlər həmişə öz səmərəsini verir. Ali Baş Komandanın sərəncamına əsasən onlar 2025-ci ilə kimi mərhələlərlə mənzillə təmin ediləcəklər.
Kənd və qəsəbələrdə şəhidlərin xatirəsinə xatirə bulaqları inşa edilib ki, bu da şəhid adlarının əbədiləşdirilməsinin tərkib hissələrindəndir. Rayonda şəhidlərlə bağlı guşələr də istifadəyə verilib. Novruz bayramında şəhid ailələri ziyarət edilib. Bu, vəzifə borcu kimi deyil, mənəvi borc kimi yerinə yetirilib. Bu günlərdə iki şəhid ailəsinə mənzil verilib.
Belə tədbirlər orta ümumtəhsil məktəblərinin şagirdlərini də əhatələyir. Məktəblərdə Vətən müharibəsi qaziləri ilə keçirilən görüşlər də vətənpərvərlik ruhunun tarixi hadisələr vasitəsilə yüksəldilməsində xüsusi mənbələrdən birinə çevrilir...

Mübariz MUSAYEV "Azərbaycan Ordusu"