Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2021 12:00

Şəhidlər ölməz, Vətən bölünməz!

Vətənə olan sevgi Anaya olan sevgi ilə bir tutulur. Ana Vətən anlayışı da bu sevgidən yaranır. İnsan bir ailədə doğulsa da, Vətən torpağında böyüyüb boya-başa çatır, suyu və havası ilə qidalanır. Bunun üçün də onu müdafiə etməyə və qorumağa hər zaman borcludur. Tarixi qəhrəmanlıq ənənələrini qoruyan oğullarımız döyüş meydanında düşməni 44 günə darmadağın edərək tarix yazdı. Ali Baş Komandanın rəhbərliyi altında, xalqın dəstəyindən güc alan mərd oğullarımız qısa müddət ərzində tarixi torpaqlarımızı işğaldan azad etdilər. Bu döyüşlərdə şəhadətə yüksələnlər də oldu. Bu gün müqəddəs amal uğrunda şəhadətə yüksələn oğullarımızın ruhu rahatdır. Onların hər biri Böyük Qələbənin həsrətində idi. Tarixi torpaqlarımız düşməndən təmizlənib, o torpağın əsl sahibləri yurdlarına qayıdacaqlar.
"N" hərbi hissəsində şəxsi heyətlə birlikdə Vətən uğrunda canından keçən şəhidlərimizin şərəfinə ucaldılmış abidəni ziyarət etdik, ruhlarına dualar oxuduq. "Vətən uğrunda qurban verdiyi canı, axıtdığı qanı ilə tarix yazan şəhidlərimizin hər biri gələcək nəsillərimiz üçün Vətən sevgisinin bariz nümunəsidir", - deyə kapitan Vaqif Mustafayev söhbətə başladı. "Müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda savaşan, xalqının firavanlığı üçün canını qurban verən şəhidlərimizin xatirəsini hər zaman anmağa borcluyuq. Onlar ömürlərini Vətənin azadlığı, yurdun abadlığı və millətimizin rifahı üçün fəda ediblər. Şəhidlərimizin hər birinin adı tarixə qızıl hərflərlə yazılıb. Gələcək nəsil üçün misilsiz qəhrəmanlıq örnəyidir şəhidlərimiz. Biz də öz növbəmizdə bir komandir olaraq şəxsi heyətimizin əsl döyüşçü kimi formalaşmasından əlavə, onların milli mənlik şüurunun möhkəmlənməsinə cavabdehik. Çünki bugünkü gənclərimiz gələcəyimizin memarlarıdırlar, qurucularıdırlar. Tarixini bilməyən şəxs heç zaman yaxşı vətəndaş, əsl vətəndaş olmayan şəxs isə əsl döyüşçü ola bilməz. Biz gəncləri maarifləndirməliyik, tarixi həqiqətləri onların diqqətinə çatdırmalıyıq, igid oğullarımızı onlara tanıtmalıyıq. Azərbaycan gənci bilməlidir ki, onun xalqının tarixini qorxmaz, cəsur oğullar canı bahasına yazıb. Bu gün üzərində gəzdiyimiz Vətən torpağının o igidlərin qanı ilə suvarıldığını dərk etməlidirlər, o torpağın hər qarışını göz bəbəyi kimi müdafiə etməlidirlər".
"Şəhidlərimizin məzarı hər birimiz üçün müqəddəs ziyarətgahdır!" - deyə əsgər Ələkbər Məmmədov söhbətə başladı. "Vətəni müdafiə etmək, onun uğrunda canını qurban vermək böyük fədakarlıqdır. Qurban verdikləri bir canla onlarla bəlkə də yüzlərlə insanın canını xilas edən oğullarımıza hər zaman borcluyuq. Şəhidlik elə bir mötəbər zirvədir ki, hər kəs o zirvədə olmaq istəsə də, yalnız seçilmiş bəndələrə o məqam qismət olur. Xalqımız Vətən torpaqlarının azadlığı uğrunda canını qurban vermiş hər bir şəhidimizin xatirəsini daim uca tutur. Bu günə qədər Vətən müdafiəçisi qardaşlarımız bu torpağın hər qarışını göz bəbəyi kimi qoruyub, onun uğrunda canını da qurban etməkdən qorxmayıb. İndi isə bizlər - Vətənin müdafiəçiləri, bu adı daşımaqdan qürurluyuq. Döyüşlər vaxtı hər birimiz bu adı layiqincə daşımağın məsuliyyətini dərindən hiss edirdik. Bu adı layiqincə daşımaq üçün gecə-gündüz düşmənə qarşı döyüşlərdə iştirak edirdik. Hər birimiz sələflərimizin yolu ilə mətin addımlarla irəliləyirik.”
"44 gün ərzində Azərbaycan əsgəri düşmənin belini döyüş meydanında qırmağı bacardı" cümləsi ilə söhbətə başlayan əsgər Əziz Ələkbərov dedi: "Hər bir azərbaycanlının qəlbindəki torpaq həsrətinə Azərbaycan əsgəri addım-addım son qoydu.  Bu döyüşlərin iştirakçısı olan biri kimi deyə bilərəm ki, döyüş ruhumuzun yüksək olmasında əsas rol oynayan faktorlardan biri vətənpərvərlik hissi idi. Döyüş hazırlığımızla yanaşı, döyüş ruhumuz qarşısında da düşmən tab gətirə bilmirdi. Bu döyüşlərdə cəngavər oğullarımızla qısa müddət ərzində böyük uğur əldə etdik. Şəhidlərimizə görə üzülürük. Lakin təsəllini aldığımız qisasla, işğaldan azad etdiyimiz tarixi ərazilərimizlə tapırıq. Şəhidlik çox yüksək məqamdır. Ölümlərin ən alisidir. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa arzulayıram".
Əsgər Rəşid Bağırovdan vətənpərvərlik anlayışının onun üçün nə ifadə etdiyini soruşuram. "Vətənpərvərlik - Vətəninə, dövlətinə, xalqına, millətinə olan sonsuz sevgidən yaranan bir duyğudur, məfkurədir. Doğulub boya-başa çatdığı yurduna bağlı olan, onun uğurları üçün çalışan hər kəs vətənpərvərdir. Onu sevmək, sevdirmək və qorumaq hər birimizin müqəddəs borcudur. Bu gün şəhidlərimizin şərəfinə ucaldılmış abidənin qarşısında Vətən üçün özünü sipər edən oğullarımızı anırıq. Onlar Vətən yolunda canlarını qurban verdilər. Şəhidlər ölməzlər, onlar daim ürəklərdə, yaddaşlarda yaşayacaqlar. Böyük Zəfəri və Böyük Qələbəni xalqımıza bəxş edən şəhidlərimizi ən səmimi, ən ülvi duyğularla yad edirik”.
Əsgərlər Mirhüseyn Ağazadə və Müqabil Paşayevlə də söhbət zamanı daha dərindən anlayıram ki, Azərbaycan əsgəri adını daşımaq onlar üçün qürurvericidir. Azərbaycan əsgəri hər zaman Ana Vətənimiz qarşısında öz övladlıq borcunu layiqincə yerinə yetirməyi bacarıb. Minlərlə şəhid vermiş yurdumuzun tarixi də şəhidlərimizin qanıyla yazılıb. Özündən sonra şərəfli adını tarixə həkk edən hər bir oğlumuz qəhrəmanlıq ənənələrimizi qorumaqla öz ata-babalarının tarixi qəhrəmanlıq yolunu getmişdir. O tarixi yol ki, uzun və keşməkeşlidir... Azərbaycan əsgəri istər Horadiz əməliyyatında, istərsə də Aprel döyüşlərində düşmənə layiqli cavab verdi. Ədaləti bərqərar edən son döyüşü Qələbə ilə taclandıran Azərbaycan Ordusu tarixin səhifələrini yenilədi.  44 günlük Vətən müharibəsi zamanı ömrünün çiçəklənən dövründə ən yüksək məqama - şəhidlik zirvəsinə yüksələn oğullarımız haqqında nə qədər danışsaq azdır. Çünki bu gün hər birimiz firavan həyat sürürüksə, bu, şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsindədir. Onların hər birinin adı daim qəlbimizdə yaşayacaq. Şəhidlər ölməz, Vətən bölünməz!

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"