Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2021 12:00

“Şəxsi heyətin sağlamlığının qayğısına qalırıq”

Ordu sıralarında ən çox diqqət çəkən sahələrdən biri də tibb xidmətidir. Məhz həkimlərimizin sayəsində əsgərlərimiz səhhəti ilə bağlı heç bir problemlə rastlaşmırlar. "N" hərbi hissəsinin tibb məntəqəsində xidmət edən peşəkar həkimlərimiz də hər zaman Vətən keşikçilərinin sağlamlığının qeydinə qalırlar. Onlara günün istənilən vaxtı xidmət göstərməyə hazırdırlar.
Tibb məntəqəsində səliqə-sahman, təmizlik, tibb işçilərinin nizam-intizamı və gözəl personal diqqətimizi cəlb etdi. Qəbul otağında əsgər həkim yoxlanışından keçirdi. Hərbçiyə lazımi profilaktik tədbirləri gördükdən sonra gizir Vüsal Əkbərovla peşəsi barədə söhbətləşdik. O bildirdi ki, həkimlik sənətinin nə qədər ağır və şərəfli bir peşə olduğunu hamımız yaxşı bilirik. "İnsan həyatı sənə etibar edilir, gərək sən də bu etibarı layiqincə doğrulda biləsən.
Vətənimizin keşiyində dayandığım üçün qürurluyam. Sevincliyəm ki, bu gün mən iki müqəddəs peşənin sahibiyəm. Həm Vətənimizi qoruyur, həm də torpaqlarımızın müdafiəsində duran şəxsi heyətimizin sağlamlığının qayğısına qalıram. Hər zaman çalışacağam ki, xidmətimlə əsgərlərimizin hörmət və sevgisini  qazanım".
Gizir V.Əkbərov onu da bildirdi ki, müraciət edən xəstələrin müayinə və müalicəsini yüksək səviyyədə apararaq, onlara sağlam həyat bəxş etmək üçün əlimizdən gələni edirik. "Peşəkar həkimlərin səyi nəticəsində biz buna nail oluruq. Neçə ildir tibb xidməti sahəsində çalışan tibb bacıları da işə məsuliyyətlə yanaşırlar. Əsgərlərimizin qayğısına qalır, onlara ana nəvazişi göstərirlər. Xəstələrə iynələrin vurulmasında, dərmanların təyinatı üzrə vaxtında verilməsində, həmçinin sarğıların dəyişdirilməsində tibb bacılarının əvəzolunmaz xidmətləri vardır. Hətta onlar bizimlə çöl təlimlərinə də cəlb olunurlar. Gecə və gündüz tibbi personalımız diqqətini müalicə işindən ayırmır, ayıq-sayıqlığını itirmir və hər zaman xəstələrin səhhəti ilə maraqlanırlar. Bizim məqsədimiz tibb məntəqəsinə müraciət edən Vətən müdafiəçilərini tez bir zamanda sağaldıb, yenidən xidməti yerlərinə göndərməkdir. Çünki onlar Vətənimizin, xalqımızın və torpaqlarımızın keşiyində dayanırlar".
- Həkimlik sənəti ən şərəfli, ən hörmətli sənətlərdən biridir, - deyə gizir V.Əkbərov söhbətinə davam etdi. - Həkim, təkcə insanları müalicə etmir, eyni zamanda, xəstəliklərin qarşısını almaq üçün geniş profilaktik iş aparır. Biz əsgərlərimizi müalicə etməklə yanaşı, hər həftə bölmələrdə profilaktik tədbirlər aparır, xəstəliklərdən qorunmağın yolları haqqında onları təlimatlandırırıq. Dünyada geniş yayılmış koronavirus (COVID-19) infeksyasından qorunmaq üçün profilaktik tədbirlər həyata keçiririk. Vətən qoruyucularının sağlamlığı bizə əmanət edilib. Onlara xidmət etməkdən qürur duyuruq. Xidmətimizlə onların hörmət və ehtiramlarını qazanmaq bizim üçün böyük şərəfdir. Vətən uğrunda istənilən an canını qurban verməyə hazır olan igid oğullarımızın sağlamlıqlarını hər zaman qoruyacağıq.
Tibb məntəqəsində xəstələrin başının üstündən ayrılmayan tibb bacılarının fəaliyyəti də diqqətimizdən yayınmadı. Onlar günün istənilən saatında hərbçilərimizin sağlamlığının keşiyində dayanırlar. Hər biri bu peşənin necə məsuliyyətli olduğunu yaxşı başa düşür.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Vasif Abbasov öz növbəsində bütün tibbi personala göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlığını bildirdi. “Peşəkar həkimlərimiz müayinə və yaxud müalicə üçün müraciət edənlərə həmişə məsuliyyətlə yanaşıblar”.
Ümumiyyətlə, tibb məntəqələri, müalicə ocaqları hərbçilərimizin sağlamlıqlarının qorunmasında mühüm rol oynayır. Burada müraciət edən xəstələrə yüksək səviyyəli xidmət göstərilir. Bir daha əmin olduq ki, döyüşçülərimizin sağlamlığı əmin əllərdədir.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"