Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2021 12:00

Hər addımda tarix yazan igidlərlə rastlaşırıq

Ötən il yaddaşımıza zəfər ili kimi həkk olundu. Sentyabrın 27-də başlayan Vətən müharibəsi tarixi qələbəmizlə başa çatdı. Peşəkar, hazırlıqlı, ən müasir və çevik hərbi texnika ilə təchiz olunan, istənilən hərbi tapşırığı uğurla həyata keçirə bilən rəşadətli Azərbaycan Ordusu işğalçıları tarixi torpaqlarımızdan qovdu. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun rəşadəti, xalq-iqtidar birliyi ərazi bütövlüyümüzü təmin etdi. Bu döyüşlər ordumuzun müasir döyüşün ən mürəkkəb tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, onun döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından istifadə etmək bacarığının yüksək səviyyədə olduğunu bir daha göstərdi. Ordumuzun bütün qoşun növləri üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəldilər. Şəxsi heyət arsenalımızda olan silah və texnikadan, zirehli döyüş maşınlarından təyinatına uyğun istifadə etdi.
44 gün davam edən "Dəmir yumruq" əməliyyatında özünü doğruldan zirehli texnikalardan biri də “BTR-82A” transportyorudur. Müasir döyüş maşınlarından sayılan “BTR-82A” zirehli transportyoru döyüş meydanında piyadaların mobilliyini, silahlanmasını və müdafiəsini yüksəltmək, düşmənin canlı qüvvəsini, tankəleyhinə vasitələrini və yüngül zirehli texnikalarını məhv etmək üçün nəzərdə tutulub. Döyüş maşınında 30 millimetrlik top və 7,62 millimetrlik pulemyot quraşdırılıb.
"N" hərbi hissəsinin zabiti Üzeyir Ağabalayevlə söhbətləşib, hərbi hissənin ərazisi ilə tanış olduq. Zabit hərbi hissədə park-təsərrüfat günü olduğunu deyərək, şəxsi heyətin plana uyğun fəaliyyətindən danışdı. Zabitlə birlikdə avtomobil parkına gəldik. Burada şəxsi heyət hərbi texnikalara qulluq göstərir, zirehli transportyoru texniki baxışdan keçirir, döyüş vasitələrini növbəti dərs həftəsinə hazırlayırdı. Kapitan Üzeyir Ağabalayev şəxsi heyətin Vətən müharibəsində uğurlu, müvəfəqiyyətli iştirakını qeyd etdi. Heyəti yaxından tanımaq imkanı qazandıq.
Döyüş maşınının komandiri gizir Fərayil Abduləliyev hərb sənətini öz istəyi ilə seçdiyini bildirdi. "Hərbçi olmaq çətin olduğu qədər də şərəflidir. Peşəmlə hər zaman qürur duymuşam. Vətən müharibəsinin iştirakçısı və qalib ordunun hərbi qulluqçusu kimi bu gün ikiqat qürurlanıram. Təlim və məşqlərdə qazandığımız bilik və bacarıqları döyüş meydanında müvəffəqiyyətlə nümayiş etdirdik. Düşməni darmadağın edərək əzəli torpaqlarımızdan qovduq. Komandiri olduğum zirehli transportyor ilə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etdik", - gizir F.Abduləliyev dedi.
Vətən müharibəsində göstərdiyi uğurlu fəaliyyətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunan Fərayil komandiri olduğu döyüş maşını haqqında da məlumat verdi. Döyüşlərdə “BTR-82A” zirehli transportyoru ən uyğun nəqliyyat vasitəsi sayılır. “BTR-82A” transportyoru təkərli olduğu üçün manevr imkanları daha çevikdir. Onu fərqləndirən cəhətlərdən ən əsası isə daha güclü mühərrikə və zirehə malik olmasıdır. Belə ki, korpusunun daxili səthlərinə əlavə edilmiş müasir sintetik materiallar maşının qəlpələrə qarşı müdafiəsini daha da artırır. Zirehli transportyorda istənilən tipli artilleriya silahı quraşdırmaq mümkündür. Bir çox xüsusiyyətlərə malik olan transportyorun son təkmilləşdirmələrdən sonra səmərəliliyi 2,5 dəfə artıb və onunla gecə-gündüz rahat döyüş aparılmasına imkan yaranıb".
Söhbətimizə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Nurlan Adıgözəlzadə və əsgər Murad Fərhadov da qoşuldular.
Qəbələ rayonundan olan baş çavuş Nurlan Adıgözəlzadə həyatını hərb sənətinə bağlayan vətənsevərlərdəndir. Nurlan döyüş maşınına həvəslə qulluq edir, hissə və mexanizmlərinin varlığını və sazlığını diqqətlə yoxlayırdı. Gördüklərim onun vəzifələrinin öhdəsindən uğurla gəlməsindən, nizam-intizamlı, məsuliyyətli hərbi qulluqçu olmasından xəbər verirdi. Baş çavuşun dediyi ürəkaçan sözləri onun haqqında formalaşan xoş düşüncələrimi tamamladı. "Şanslı gənclərik ki, müstəqil dövlətimiz, Müzəffər Ali Baş Komandanımız  və  rəşadətli ordumuz var. Hərbi qulluqçu kimi bizi təkcə bir problem narahat edirdi, işğalda olan torpaqlarımız. Artıq o problem də həll olundu - tarixi qələbə qazandıq, əzəli torpaqlarımızı işğaldan azad etdik. Bu möhtəşəm qələbədə pay sahibi olduğum üçün  çox qürurluyam. Xidmətimizi uğurla davam etdirir, təlim və məşqlərdə hazırlığımızı daha da artırmaq üçün çalışırıq", - baş çavuş N.Adıgözəlzadə bildirdi.
Murad bir neçə ildir ki, ordu sıralarında xidmət edir. Əslən Yevlax rayonundandır. Talış kəndi və Suqovşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunan Murad, həm də Aprel döyüşlərinin də iştirakçısı olub. "Qürurluyam ki, ordumuzun şanlı qələbəsi ilə başa çatan hər iki döyüşün iştirakçısı olmuşam. Bu hər adama qismət olmur. Aprel döyüşləri olanda əsgəri xidmətdə idim. Ordumuzun qələbəsindən ruhlanaraq hərbçi olmaq qərarına gəldim. Müvafiq kursu keçdikdən sonra xidmətimi davam etdirdim. Bu gün çox şadam ki, bu şərəfli peşəni seçmişəm və rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətinin sıralarındayam".

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"