Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2021 12:00

“Dədə-baba yurdumuz övladlarını səsləyirdi”

Xalqımız illərdir həsrətində olduğu Böyük Qələbənin sevincini yaşayır. Bu Qələbə Azərbaycan əsgərinin cəsarəti, mərdliyi, qəhrəmanlığı, həmçinin ordumuzun bölmələrinin qarşılıqlı fəaliyyəti sayəsində əldə olundu. Döyüşlər zamanı igidlərimiz şəxsi nümunə göstərərək adlarını hərb tariximizin səhifələrinə yazdılar.
Vətən müharibəsində şəxsi igidlik və şücaət nümayiş etdirənlərdən biri də mayor Mehman Məmmədovdur. Döyüşlərdən sonra o, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının müvafiq Sərəncamlarına əsasən, rayonlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə"  medalları ilə təltif olunub. Zabitlə "N" hərbi hissəsində tanış olduq. Öyrəndik ki, mayor Mehman Məmmədov Abşeron rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra zabit olmaq arzusu ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə müraciət etmək qərarına gəlir. Vadileynlərinin xeyir-duasını alan zabit hərbin sirlərə yiyələnmək üçün ilk olaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alır. Burada o mühəndis-istehkamçı ixtisası üzrə biliklərə yiyələnir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit ixtisası kursunu bitirən M.Məmmədov "N" hərbi hissəsində mühəndis-istehkam taqım komandiri vəzifəsində xidmətə başlayır. Zabit bilik və bacarığı sayəsində hərbi hissə komandiri vəzifəsinə qədər yüksəlib.
- Atəş mövqeyindən işğalda olan torpaqlarımızı seyr etmək çox ağır idi, - zabit dedi. - Sanki dədə-baba yurdumuz bizləri - övladlarını səsləyirdi. Vətən müharibəsi başlayanda yalnız qalibiyyət uğrunda döyüşlərə atıldıq. Ali Baş Komandanımızın Qələbə müjdəsi bizi çox sevindirdi. Azərbaycan Ordusu torpaqlarımızı azad etdi, xalqımıza illərdir həsrətində olduğu qələbə sevincini yaşatdı. Sevinirəm ki, Vətən müharibəsində üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəldik.  Fəxr edirəm ki, Qalib ordunun zabitiyəm!
Vətən müharibəsində mayor Mehman Məmmədovun komandiri olduğu hərbi hissənin şəxsi  heyəti düşmənin mina sahələrindən keçidlər açaraq bölmələrimizin irəliləməsi üçün əlverişli şərait yaradıb. Hərbi qulluqçu Füzuli, Cəbrayıl və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Qubadlı rayonu istiqamətində gedən ağır döyüşlər zamanı yolunu azan düşmən əsgəri onu əsir götürməyə çalışıb. Zabitimiz özünü itirməyərək, ona silahını yerə qoymağı və təslim olmağı təklif edib. Əmrə tabe olmayan erməni əsgəri əlində olan silahdan atəş açmaq istəyib. Xoşbəxtlikdən silah qoruyucuda olub. Vəziyyəti düzgün qiymətləndirən zabit vaxt itirmədən erməni hərbi qulluqçusundan uzaqlaşmağa başlayıb. Yaxınlıqda olan döyüşçülərimiz isə düşmənə atəş açıblar. Dəqiq atəş nəticəsində düşmən yerindəcə məhv edilib.
Vətən sevgisi ən müqəddəs, ülvi və ali duyğudur. Vətənpərvər Azərbaycan zabiti, giziri və əsgəri səmimi qəlbdən Vətəninə bağlıdır. Tarixə nəzər salsaq görərik ki, igidlərimiz hər zaman Vətənimizin azadlığı uğrunda əllərindən gələni əsirgəməyiblər. 44 günlük Vətən müharibəsi də bunu bir daha nümayiş etdirdi.

Ruslan HƏSƏNZADƏ "Azərbaycan Ordusu"