Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2021 16:30

Şəhid zabit Qərib Baxşəliyevin 4-cü övladı dünyaya gəlib

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn təcrübəli zabit polkovnik-leytenant Qərib Baxşəliyevin yeni doğulan qız övladının xəstəxanadan çıxarılması məqsədilə mərasim təşkil olunub. Baku Medical Plazada keçirilən mərasimdə şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, Nərimanov rayon İcra Hakimiyyətinin, Yaşat Fondunun, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Vətən uğrunda şəhid olaraq cənnətə yüksələn zabitin yeni doğulmuş qız övladına Cənnət adı verilib. Cənnət şəhidimizdən yadigar qalan 4-cü övladıdır.
Tədbir iştirakçıları şəhidimizin övladının dünyaya gəlməsi münasibətilə onun ailə üzvlərinə göz aydınlığı verdilər və ümidvar olduqlarını bildirdilər ki, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan zabitimizin övladları böyüdükdə atasının adına layiq olacaqlar. Çıxış edənlər bildirdilər ki, xalqımız Azərbaycan Ordusunun qəhrəman oğulları ilə hər zaman qürur duyur. Qeyd edildi ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının da vurğuladığı kimi ərazi bütövlüyümüz uğrunda şəhid olan oğullarımızın xatirəsi daim yaddaşlarda yaşayacaq. Şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin yaxınları bildirdilər ki, Vətənə sonsuz sevgisi olan zabit hər zaman torpaqlarımızın işğaldan azad olunmasını arzulayırdı. 44 günlük Vətən müharibəsi zamanı yüksəldiyi şəhadət onun əsl vətənpərvər oğul olduğunu bir daha təsdiqlədi. Mərasimdə, həmçinin şəhid zabitin silahdaşları, döyüşlərdə onunla çiyin-çiyinə vuruşmuş hərbi qulluqçular da iştirak edirdilər. Onlar da öz növbəsində bildirdilər ki, şəhid zabit şəxsi heyətə döyüşlərin ağır günlərində belə xüsusi diqqət və qayğı göstərirdi, döyüşlər zamanı tabeliyindəki hərbi qulluqçuları Böyük Qələbəyə ruhlandırırdı.
Müdafiə nazirinin tapşırığına əsasən, Cənnətin dünyaya gəlməsi münasibətilə ailəyə maddi yardım və hədiyyələr təqdim edildi. Vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinin sosial rifahının yüksəldilməsinə yönəlik qarşıya qoyduğu tapşırıqlar uğurla icra edilir. Şəhidin ailə üzvləri mərasim iştirakçılarına göstərilən yüksək diqqətə görə təşəkkürünü bildirdilər.
Qeyd edək ki, Qərib Baxşəliyev 2020-ci il noyabrın 3-də cəbhənin Zəngilan istiqamətində şəhid olub. Döyüşlərdə qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Fuad CƏFƏROV "Azərbaycan Ordusu"